Az gəlirli vətəndaşların vergidən azad edilməsi nəzərdə tutulur. "2008-2015-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər) çərçivəsində 5 istiqamətdə tədbirlər həyata keçiriləcək. Bunlar makroiqtisadi sabitlik və iqtisadi artım, məşğulluq siyasəti və əhalinin sosial müdafiəsi, insan kapitalının inkişafı və sosial tərəqqi, institusional siyasət və səmərəli idarəetmə, iştirak və monitorinq istiqamətləridir.
Planda nəzərdə tutulan tədbirlərdən biri də aylıq gəlirləri yaşayış minimumundan çox olmayanların gəlir vergisindən azad edilməsidir. Amma bu ideya əksər iqtisadçılar tərəfindən dəstəklənmir. Hətta sözügedən tədbirlər planının yoxsulluğun artmasına rəvac verəcəyi də bildirilir. Hazırda hər bir şəxsin əməkhaqqı hesablananda güzəştli hissə var. Belə ki, şəxs 200 manata qədər maaş alırsa, onun 85 manatına güzəşt tətbiq edilərək gəlir vergisi tutulmur. Yeni qəbul olunan sənəddə guya yoxsul əhalinin gəlir vergisindən azad edilməsi göstərilir. Yeni qaydalara əsasən, 95 manat əməkhaqqı alanın 85 manatlıq hissəsi vergidən azad olacaq, amma maaş 96 manatı keçərsə artıq vergi ödəməlidir. Əslində, güzəştlər aradan qaldırılıb. Ona görə də vergidən azadolmadan söhbət gedə bilməz. Bu isə əhalinin gəlirlərinin bir qədər də azalmasına səbəb olacaq.
İqtisadçılar bildirirlər ki, yoxsulluğun aradan qaldırılması üçün öncə inhisarçılıq aradan qaldırılmalı, azad rəqabət mühiti formalaşmalıdır. Kiçik və orta sahibkarlara iş görmək üçün şərait yaradılmalıdır. Əks halda heç bir tədbirlər planı fayda verməyəcək. İnhisar aradan qalxmadan tənzimlənən qiymətlərdə liberallaşma bahalaşmaya gətirib çıxarar. Belə olan halda yoxsulluğun aradan qaldırılmasından söhbət gedə bilməz.
İqtisadçı-ekspert Qadir İbrahimlinin fikrincə, vergidən azad olunmanın iqtisadiyyata mənfi təsirləri ola bilər. "Belə ki, özəl müəssisələr vergidən yayınmaq üçün minimum əməkhaqqı həcmini göstərməyə çalışacaq. Bundan başqa, bu tədbirlər planı yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addım hesab edilə bilməz. Əsas odur ki, yoxsulluğu yaradan səbəblər aradan qalxsın. Səbəblər nə qədər qalacaqsa, inzibati tədbirlərin heç bir effekti olmayacaq. Bunun üçün ölkədə normal biznes mühiti formalaşmalıdır. Monopoliyalar iş yerlərinin sayını azaldır. Yoxsulluğu yaradan səbəb məhz inhisarçılıq, azad rəqabət mühitinin olmaması, korrupsiya və rüşvətin tüğyan etməsidir", - deyə ekspert vurğuladı.
|