Meşələrin mühafizəsi və idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı ENPI/FLEG Proqramının Azərbaycan üzrə məsləhətçisi Azər Qarayevin məlumatına görə, Azərbaycanda meşələrlə, meşələrdən istifadə ilə bağlı bütün qanunvericilik araşdırılır və dəyişikliklərlə bağlı layihə hazırlanır.
Onun sözlərinə görə, bir çox meşələr Dövlət Meşə Fondunun ərazisindən kənarda qalır və Meşə Məcəlləsi yalnız Dövlət Meşə Fonduna aid olan yox, bütün meşələrin mühafizəsini və bərpasını nəzərdə tutmalıdır. "Ötən dövr ərzində təsərrüfatçılığın xüsusiyyətləri, meşədən istifadə formaları dəyişib, məcəllədə isə praktiki olaraq heç bir dəyişiklik aparılmayıb", - deyə Qarayev problemi əsaslandırır.
ENPI/FLEG nümayəndəsi bildirib ki, qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflərin hazırlanmasına Mərkəzi Asiya ölkələrinin bu sahə üzrə qanunvericilik bazasının yaradılmasında iştirak etmiş təcrübəli beynəlxalq məsləhətçilər və yerli mütəxəssislər cəlb olunub. ENPI/FLEG Proqramı çərçivəsində "Meşə sektorunda hüquq tətbiqi və idarəetmə sisteminin təkmilləşdirilməsi" layihəsinin Azərbaycanda həyata keçirilməsinə Ekologiya və Təbii Sərvətlər, Ədliyyə və İqtisadi İnkişaf nazirliklərinin əməkdaşları cəlb olunublar. Layihə çərçivəsində ölkənin bir sıra regionlarında meşələrin monitorinqi aparılıb. Proqram MDB-nin yeddi ölkəsində 2009-cu ildən həyata keçirilir.
"Azərbaycanda meşələrin 90 faizi qiymətli ağac növlərindən ibarətdir və onların məişətdə sobada yandırılması çox təəssüfləndirici faktdır. Enerji çatışmazlığı olan dövrdə Azərbaycan meşələri xeyli zərər çəkiblər", - deyə Qarayev xatırladır. O, dövlət tərəfindən son illərdə meşələrin qorunmasını təmin edən qazlaşdırma ilə bağlı genişmiqyaslı işlər görüldüyünü də sözlərinə əlavə edir.
Azərbaycan Meşə Məcəlləsi 1997-ci ildə qəbul olunub, lakin onun müasir reallıqları və beynəlxalq standartları əks etdirmədiyi bəllidir.
|