Vergilər Nazirliyinin 2 əməkdaşı korrupsiya ittihamı ilə həbs edilib. "APA-Economics"in məlumatına görə, bu barədə Vergilər Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə məlumatında bildirilir. Bu il avqustun 12-də vətəndaş Kəbirə Həbibova ərizə ilə Vergilər Nazirliyinə müraciət edərək özlərini bu nazirliyin əməkdaşları kimi təqdim edən iki şəxsin onun işlətdiyi Bakı şəhəri, Abbas Səhhət küçəsi, 35 ünvanda yerləşən "Ləziz" kafesində qanunsuz yoxlama apardıqlarını və pul tələb etdiklərini göstərib. Aparılmış ilkin araşdırma zamanı müəyyən edilib ki, Nazirliyin yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti xüsusi rejimli müəssisələrin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Xəyal Cəlilov və nazirliyin sərəncamında olan İlham Dadaşov "Ləziz" kafesinə gəlib, hər ikisinin konkret xidməti sahəsinə aid olmamasına baxmayaraq, vergi müfəttişləri kimi xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar vergi qanunvericiliyinin tələblərinə əməl olunması ilə bağlı qanunsuz yoxlama aparıblar.
Yoxlama zamanı bu vergi əməkdaşları iş adamı Kəbirə Həbibovaya işə götürdüyü Gülnarə Şirinova ilə əmək müqaviləsi bağlamadığı üçün Vergi Məcəlləsinin tələblərinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməklə 1000 manat məbləğində cərimə olunacağını bildirərək, inzibati xəta törətməsi ilə bağlı müvafiq sənədləşmə aparılmaması müqabilində, yəni qanunsuz hərəkətsizliyə görə 400 manat pul istəyiblər. Həbibova tələb olunan pulu onlara həmin gün saat 18:00 radələrində verəcəyini bildirib...
Kafe sahibi bu pulu dinməz-söyləmək verməkdənsə, doğru hərəkət edərək hara lazımdır ora müraciət edib. Vergilər Nazirliyi və Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin əməkdaşları tərəfindən görülmüş əməliyyatın gedişində Cəlilov və Dadaşov tələb etdikləri pulu Həbibovadan alarkən cinayət başında yaxalanıblar. Kifayət qədər əsaslar olduğuna görə prokurorluqda cinayət işi başlanıb. Cəlilov və Dadaşov barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda ibtidai istintaq getdiyi bildirilir.
|