Azərbaycanda kommersiya banklarından nağd pul krediti götürən sadə vətəndaş buna görə onlardan alınan komisyon haqqının məbləğindən narazıdir. Xatırladaq ki, komisyon haqqı bankların ayırdığı kreditlərin rəsmiləşdirilməsi üçün çəkilən xərcləri özündə birləşdirir. Söhbət bank müştəriləri haqqında məlumatların saxlandığı Mərkəzi Bank yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinə sorğu göndərilməsi, verilmiş kreditlərin sığortalanması, bankda hesab açılması və digər işlər üçün vətəndaşdan alınan puldan gedir.
Müşahidələr göstərir ki, ölkə banklarında tutulan komisyon haqqı əksər hallarda kreditin məbləğinin təxminən 5%-i qədərdir. Başqa sözlə, bankdan 1000 manat kredit götürmüş vətəndaş bunun 50 manatını bəri başdan banka ödəməlidir. Kreditə görə ödənilən faizlər də öz yerində. Bəzən isə kreditin məbləği az, yəni 300-500 manat ətrafında dəyişir ki, bununla da komisyon haqqı ödənilmiş faizlərlə, demək olar, eyni olur. Məsələn, kredit məbləğinin 10%-i qədər. Bu cür vəziyyət isə vətəndaşı qane etmir.
Əhali arasında keçirdiyimiz kiçik sorğu göstərdi ki, bank xidmətlərindən istifadə edənlər komisyon haqqının ya azaldılmasını, ya kredit faizinin üzərinə əlavə olunmasını, ya da ümumiyyətlə ləğvini istəyir. Rəyi soruşulanların sözlərinə görə, onsuz da kredit faizləri yüksəkdir, üstəlik pula ehtiyacı olan adamın aldığı kreditin bir hissəsini bankda qoyub getməsi doğru deyil.
Komisyon haqlarının ləğvi təklif edilir
İqtisadçı-ekspertlər hesab edir ki, komisyon haqlarının yüksək olması bankların qeyri-faiz gəlirlərinə üstünlük verməsi ilə bağlıdır. Başqa sözlə, banklar verilmiş hər 5 kreditdən birinin problem yaradacağını, yəni vaxtında və yaxud ümumiyyətlə qaytarılmayacağını göz önünə alaraq bunu həm yüksək faiz dərəcələri, həm də komisyon haqları ilə kompensasiya edir. Bununla belə, mütəxəssislər bu qənaətdədir ki, komisyon haqqını faiz dərəcələrinə daxil etmək və yaxud onu vətəndaşdan almamaq da olar. Sadəcə, məsələn, Rusiya təcrübəsindən istifadə etmək lazımdır.
İqtisadçı-ekspert Samir Əliyev deyir ki, bir qədər əvvəl Rusiyada bir sıra banklar komisyon haqlarının ləğvi ilə bağlı qərar qəbul edib. İndi bu ölkədə elə bir vəziyyət yaranıb ki, Dövlət Duması banklarda komisyon haqqı tutulmasının qadağan edilməsini əks etdirən qanun qəbul etməyə hazırlaşır.
Banklar komisyon haqlarını ləğv etməyə ehtiyac görmür
Azərbaycan banklarında isə fərqli düşünürlər. Ölkənin kommersiya banklarından birinin İH sədr müavini Turan İsmayılov deyir ki, komisyon haqqının tam ləğvi mümkün deyil. Yalnız daimi müştərilər üçün həmin məbləğ minimal həddə müəyyən olunur. Bununla yanaşı, bank rəsmisi hesab edir ki, gələcəkdə bank sektoru tamamilə elektronlaşsa, əlavə xərclərə ehtiyac qalmaz. Onun sözlərinə görə, bank sektorunda proseslər avtomatlaşmayıb və müştərilərin əksəriyyəti nağd pul istəyir. Nağd pulun isə xərci var. Əgər komisyon haqqı 0 manat məbləğində müəyyən edilsə, onda bank ziyana işləməlidir.
MB kommersiya banklarının işinə qarışa bilmir
Mərkəzi Bankdan isə bildirirlər ki, Azərbaycanda kreditlərə görə komisyon haqqı beynəlxalq təcrübəyə əsaslanır. Ölkədə qüvvədə olan "Banklar haqqında qanun" isə bu məsələdə MB-nin kommersiya banklarının işinə qarışmasına imkan vermir. Bununla belə, MB vətəndaşlara təklif olunan bank məhsullarının və xidmətlərinin dəyərinin münasib olmasi üçün mütəmadi olaraq iş aparır. Proses komisyon haqlarını da əhatə edir.
|