İş adamlarının fikrincə, milli iqtisadiyyatda canlanma ən çox xidmət sektorunda baş verir. Artıq bəzi sahələr maliyyə böhranının təsirindən çıxmağa başlayıb. Mütəxəssislər iki ildir davam edən maliyyə böhranının artıq səngidiyini və bəzi sahələrdə canlanma yarandığını bildirirlər. Böhrandan əziyyət çəkən sahələrdən ən tez durğunluqdan çıxan xidmət sektorudur. Xidmət sektoru - təhsil, elm, turizm, digər sahələrdir. Bu sahələrdə canlanma müşahidə edilir.
Tikintidə isə durğunluq davam edir. Yeri gəlmişkən, sahibkarlar bildirir ki, evlərin qiymətləri xeyli şişirdilib. Müasir texnologiyalardan istifadə etməklə qiymətləri 20-25% aşağı salmaq olar.
Başqa ölkələrlə müqayisədə Azərbaycan böhrandan az əziyyət çəksə də, bəzi sahələr - xüsusən tikinti və sənayedə geriləmə müşahidə olunmuşdu. Ona görə də ekspertlər xidmət sektorunun böhrandan çıxmasını yetərli saymır. Hesab edirlər ki, bütövlükdə ölkə iqtisadiyyatının canlanması üçün inşaat sektoru işə düşməlidir. İnşaat sektorunun işə düşməsini sürətləndirən amil isə bu sahəyə güzəştli kreditlər verilməsi ola bilər. Ümumiyyətlə, iş adamlarının fikrincə, bu gün Azərbaycanın tikinti bazarında qiymətlər şişirdilib. Evi hələ təmirsiz vəziyyətdə almaq üçün bir kv.metrə ən azı 400-500 manat vermək lazımdır. Bəzi ərazilərdə kv.m 1500-2000 manata satılır.
Halbuki mütəxəssislərin fikrincə, torpaq xərclərini çıxmaqla yeni tikilən binaların 1 kv.metri 250-300 manatdan baha olmamalıdır. Müasir texnologiyalardan istifadə etdikdə isə qiymətlər bundan da 20-25% ucuz ola bilər. Yəni indi 400-500 manata satılan evlər 300 manata düşməlidir.
|