İranda türk əhalinin haqları uğrunda hərəkatın fəallarından olan Məhəmməd Əlimuradi həbs olunub. Güney Azərbaycan Milli Oyanış Hərəkatından APA-ya verilən məlumata görə, Məhəmməd Əlimuradi Təbrizin "Səhənd" stadionundakı futbol qarşılaşmasından sonra polis tərəfindən saxlanılıb. Onunla birlikdə kimliyi hələ müəyyənləşdirilməyən daha bir neçə türk gənci tutulub.
Şahidlərin bildirdiyinə görə, Məhəmməd Əlimuradi və digərlərinin saxlanmasına səbəb İran hökumətinin Urmiya gölünün qurumasına qarşı tədbirlər görmədiyindən və türk xalqının zorakı polis basqısı altında tutulmasından, onların milli-mədəni haqlarına dövlət səviyyəsində nalayiq hörmətsizlikdən narazılıq ifadə edən şüarlar səsləndirmələri olub. Saxlanılan şəxslər "Azərbaycan, dur səs ver, Urmu gölünə nəfəs ver", "İran dövləti - Azərbaycanın düşməni", "Yaşasın Azərbaycan", "Urmu gölü susuzdur, Azərbaycan oyanmasa, uduzdu" və sair şüarlar səsləndiriblər.
|