RF Səhiyyə Nazirliyi siqaretə qarşı çox sərt qanun layihəsi hazırlayıb. Sənədə əsasən, 2014-cü ildən qatarlar və sərnişin gəmilərində siqaretə yasaq qoyulacaq. Hava limanlarında siqaret çəkmək üçün ayrılmış yerlər ləğv olunacaq. Vağzal və hava limanlarının girişi qarşısında da siqaret çəkmək mümkün olmayacaq. 2015-ci ildən etibarən hotel və gecə klublarında da siqaret çəkməyə, Rusiyada populyar olan qəlyanlara da yasaq qoyulacaq. Yasaqlar həbsxana və təcridxanaları da əhatə edəcək. Siqaretin pərakəndə satış qaydaları dəyişəcək. 2013-cü ildən ticarət sahəsi 50 kv. metrdən az olan yerlərdə pərakəndə siqaret satışı qanunsuz sayılacaq. Siqaret məhsulları vitrinə qoyulmayacaq və alıcı siqareti xüsusi preyskurantdan seçə biləcək. Tərkibində tütün olan saqqız və burunotu məhsullarının istifadəsi də yasaq edilir. Bundan başqa, ölkədə siqaret reklamlarına, sponsorluğa, o cümlədən xeyriyyə xərclərinə də tam yasaq qoyulması planlaşdırılır. Qanun qüvvəyə minəndən sonra çəkilən bədii filmlərin və televiziya verilişlərinin qəhrəmanlarına da siqaretdən istifadə yasaq olunacaq (Türkiyədə bu qayda var). Əgər bu qanun layihəsi qəbul olunarsa, ölkədə siqaretin ən aşağı qiyməti 61 rubl (2,1 dollar) olacaq. Əlavə edək ki, dünya ölkələri bir-birinin ardınca siqaretə savaş elan edir və sərt ölçülər götürür. Azərbaycan qanunvericiləri isə millətin sağlamlığına qənim kəsilən siqaretlə rəftarda bir qərara gələ bilmirlər.
|