Hal-hazırda Ayna qəzetinin 13.08.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.08.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Qafqaz siyasətində dini və milli faktor
Qafqaz siyasətində dini və milli faktor
yaxud Qafqaz bir bütün olacaqmı?
Şənbə, 13.08.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Orta Doğu və Afrikada 2003-cü ildən başlanılan tarixi, siyasi və sosial proseslər Qafqazın etnocoğrafi müstəvisinə sirayət etməkdədir. Konfliktlər dini-ideoloji rakursdan körükləndirilərək böhrana doğru yönləndirilməkdədir. Bu məcrada daha ağır zərbələr Rusiya Federasiyasına dəyməyə başlayıb. Bir vaxt Abxaziya, Güney Osetiya və Dağlıq Qarabağ sindromlarını yaradan bu ölkə indi özü çərkəz, çeçen, avar, ləzgi, inquş, didoy sindromları ilə üz-üzə qalıb.

Gerçəklik budur ki, Qafqaz xalqları artıq Kreml metropoliyasının şərtləri daxilində ağır, üzücü və sonu bəlli olmayan həyat tərzinin qanunları ilə yaşamaq istəmir. Regiona strateji baxımdan maraq göstərən beynəlxalq güclər isə bütün bunları nəzərə alaraq vətəndaş institutları vasitəsilə öz təsisatlarını qurmağa başlayıblar. Regionda siyasətin xarici faktorlara bağlılığı artıq danılmaz gerçəyə çevrilib.

İslam faktoru

Quzey Qafqaz regionlarında ənənəvi dini baxışlar və sələfilik (vəhahbilik) öz gəlişməsində yeni bir keyfiyyət mərhələsinə ayaq basır. Ənənəvi islam tərəfdarları regionda yaşayan hər bir toplumun konkret tarixi və coğrafi məkanı ilə məhdudlaşsa da, sələfilər "Qafqaz İslam Xilafəti"ni elan etməklə islamçı hərəkatı artıq bölgə miqyasında davam etdirir. Ənənəvi islam siyasətini müdafiə edənlər dünyəvi dövlətə qarşı çıxmamaqla yanaşı, qanuni fəaliyyətə önəm verirlər. Xilafət tərəfdarları regionda vahid islamçı hərəkat dairəsini genişləndirməklə yanaşı, alternativ hakimiyyət şəbəkəsi qurmağa cəhd edirlər. Bu tendensiya şəriət qanunlarına söykənməklə dünyəvi dövlət anlamından tədricən uzaqlaşma ilə müşahidə olunur. Bu tendensiya Qərbin gözündən qaçmır. Qərb siyasi institutlarının fikrincə, "avropalaşan Rusiyada Quzey Qafqaz toplumları Orta Doğunun dini, siyasi və mədəni qanunlarına meyilli olmağa başlayıblar".

Ərəb dünyasında baş verən sosial inqilabların Suriya, İraq, Liviya və Misirdəki təsir dairəsi hələ ki, digər müsəlman dövlətlərinə güclü təsir göstərməyib. Buna səbəb ümumərəb siyasətinin yekcins olmadığıdır. Bu hal Quzey Qafqazda da müşahidə olunur. Hər region daha çox öz maraqları çərçivəsində hərəkət etməyi üstün tutur.

Digər tərəfdən, ərəb ölkələrinin əksəriyyəti rəsmi şəkildə Rusiyanın Quzey Qafqaz regionlarında, xüsusilə Çeçenistanda apardığı antiterror siyasətinə dəstək verdiklərini elan ediblər.

REKLAM

Ərəb Dövlətləri Liqası, İslam Ölkələri Şurası da bu məsələdə Rusiyanın yanında olduqlarını dəfələrlə bəyan ediblər. Radikal islam ideoloqlarından olan Səid Qütbün "İslam Dirəniş Ordusu" ideyası da Qafqazda kök sala, manifestə çevrilə bilməyib.

İslamçı siyasətə dayanıqlı şəkildə sələfi cərəyanının bütün iddiaları öz üzərinə götürməsi, bunu şəriət qanunları çərçivəsində rəsmiləşdirmək istəyi əhalinin ağır sosial-iqtisadi həyat tərzilə hələ ki, uzlaşa bilmir. Sələfilərə məxsus islamçı şəbəkə cəmiyyətin ən dərin qatlarına nüfuz edə bilmir. Əhali onların "silahlı cihad" təşəbbüslərinə səmimi münasibət göstərsə də, nəticə etibarı ilə bu prosesin insanların həyat tərzinin dəyişməsində müsbət rol oynamadığının da fərqinə varmaqdadır.

Bu gün Pakistan və Əfqanıstandan fərqli olaraq, Qafqazda hələ ki, beynəlxalq səviyyəli islamçı cərəyanlar mövcud deyil. Ərəb mənşəli bəzi fanatların atdıqları addımlar heç bir nəticə verməyib. Çünki, hər respublikanın özünəxas suveren hüquqları bu prosesin geniş inkişaf etməsinə mane olmaqdadır.

İran faktoru

Ərəb dövlətlərində, Əfqanıstan, Pakistan və Hindistandakı dini radikalizmdən fərqli olaraq İran regiona özünün dini-siyasi təlimini mədəni, təhsil, iqtisadi və ticarət şəbəkələri formasında yaymaq siyasətinə üstünlük verir. Bu prosesin dərinləşməsinə hələ ki, etnomilliyyətçi baxışlar mane olur. 1990-2010-cu illərdə İran bunun üçün ən azından 10 milyard dollar xərcləyib. Gürcüstan, Azərbaycan, Ermənistan, Dağıstan, Quzey Osetiyadakı şəbəkələrinin artıq təsirli bir struktura çevrilməsini, bu işin daha da dərinləşməsini və kök atmasını istəyən İran hələ ki, bu istəyinə nail ola bilmir.

İranı maraqlandıran digər faktorlardan biri də Səudiyyə Ərəbistanının dünya müsəlmanlarının lideri statusuna iddialı olmasıdır. İran Xəzər dənizi hövzəsi, Orta Asiya və Qafqaz siyasətində Səudiyyə Ərəbistanını önləməyə çalışır. İran həm də kadr hazırlığı qayğısına qalmaqla, bu prosesdə daha aktiv görünür. Bu siyasətin ardında duran əsas məqamlardan biri onun peşinə düşdüyü ənənəvi neoimperiya modelidir. Bunun üçün Səfəvilər, Əfşarlar və Qacarlar tarixinə, onların yürütdükləri siyasətə isnad edilir.

Bu aspektdə İranın daim Qərbin regionda təsir gücünü azaltmağa çalışması anlaşılandır, burada Qərbin strategiyasına qarşı öz maraqlarını dərinləşdirməyə çalışır. Rusiya Quzey Qafqaz siyasətində İranın bütün təşəbbüslərinə loyal yanaşsa da, Gürcüstan və Azərbaycan bu məsələdə ehtiyatla hərəkət edir. Çünki İranın dini eqoizminin doqmatik təsir dairəsi məhz Gürcüstan və Azərbaycanı təhdid etməkdədir.

Səudiyyə Ərəbistanının önəm verdiyi sələfilikdən fərqli olaraq İran Qafqazda daha çox "Hizbullah" (Allah partiyası) və "Münafiqin" tipli radikal islamçı cərəyanlara üz tutur. Türkiyə üzərindən Qafqaza yönəlik saf islam - sünnilik ideyası İranın dini-ideoloji "bazar"ına daha sarsıdıcı zərbə vurur. Türkiyə İrandan fərqli olaraq dini siyasətdə "Qafqaz lövhəsi"nə daha skeptik şəkildə yanaşır. İran isə cəfərilik siyasəti adı altında Borçalıda öz təsir dairəsini gücləndirməklə, həm də bunu sosial şəbəkəyə çevirməkdədir.

Ermənistan məsələsində isə "Hind-Avropa nəzəriyyəsi" önə çıxarılır. Farsların və ermənilərin eynimənşəli xalqlar olması iki dövlət arasında siyasi dialoqun təməli hesab olunur. Paniranizmə və ermənilərə məxsus diaspor təşkilatları xaricdə bu yöndə həmrəylik nümayiş etdirir.

Görməyə bilmirik ki, İranın Azərbaycan, Ermənistan, Gürcüstan, Dağıstan, Quzey Osetiya, Kalmıkstan və Həştərxanda yaratdığı "İran Mədəniyyət Mərkəz"ləri çevrəsində yaradılan ictimai və sosial şəbəkələr əslində "dövlət içində dövlət" modelinə söykənir. Buraya təhsil, din, elektron təbliğat şəbəkəsi, mətbuat, ictimai təşkilatlar, ticarət, turizm strukturları daxildir. İran bu işi regional müstəvidə dərinləşdirməklə, uzaq hədəflərə hesablanmış siyasətin içində olduğunu heç də gizlətmir. Hətta Azərbaycanda yaxın gələcəkdə hakimiyyətə iddialı olmağı da hədəf seçir.

AİP öz-özünə yaranmayıb

Azərbaycan İslam Partiyasının (AİP) yaradılması sıradan adi bir siyasi hadisə deyil. Qərbin Qafqaza çoxstandartlı baxışlarında bugünkü qeyri-müəyyənlik İranın əl-qol açmasını asanlaşdırır. Çağdaş həyat tərzini mənimsəmiş olan Qafqaz xalqları Qərb və Şərqin arasında durmaqla, dini və milli münasibətlərdə vurnuxur, düşdüyü labirintdən çıxış yolu arayır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

İrandan Qarabağa - təbii qaz

Xəzəri ən çox çirkləndirən ölkələrdən biri İrandır

Narko-tacir karvanının sonu görünmür

Son bir ayda - 425 kq narkotik...

Rusiya ordusu Qafqazda hərbi təlimlər keçirir

Bölmənin digər xəbərləri
 
Nə qədər yaxanı qırağa çəksən də...
Şübhələr təsdiqini tapır

Rusiya siqaretə qarşı sərt ölçü götürür
Bəlkə biz də belə edək?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər