Qoçaq Əsgərovun bu ilin mayında İtaliyanın "Filmay" musiqi şirkəti tərəfindən buraxılan diski müxtəlif ölkələrdə müzakirə edilir. Diskin buraxılmasında böyük əməyi olan YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın AYNAya bildirdiyinə görə, şirkət rəhbərliyinin təşəbbüsü ilə disk müxtəlif ölkələrin musiqi mütəxəssislərinə göndərilib. Şirkət rəhbərliyi azərbaycanlı xanəndə və musiqiçilər haqda müsbət rəy almaqda davam edir. Almaniyanın "Dünya ritmləri" adlı məşhur radiostansiyası isə diski bəyənməklə kifayətlənməyib, onu "Qlobal vise" verilişində səsləndirib. Bu günlərdə məşhur musiqiçilərin rəyi ilə ifası radiostansiyada səslənən yüzlərcə dünya musiqiləri arasında 2011-ci ilin 20-liyi müəyyən edilib. Qoçaq Əsgərovun adı "Play-list"də yer tutan ən yaxşı dünya musiqiçiləri ilə bir siyahıda səslənib. 19-cu olan xanəndənin "Bayatı-Şiraz" dəsgahı və "Bir çoban qızını gördüm" təsnifi 20-likdə yer almaqla yanaşı, təkrar-təkrar radio dalğasında səsləndirilir.
Sənubər xanımın əlavəsinə görə, xanəndə haqqında İtaliyada buraxılan və ən yaxşı dünya musiqiçiləri haqqında yazan "BLOWUP" dərgisi rəy yazıb. Mayda diskin təqdimatından sonra konsert proqramı ilə çıxış edən Qoçaq Əsgərovun ifasını jurnalın yazarlarından biri dinləyib. Ötən ay işıq üzü görən və bir çox ölkələrdə satışa verilən jurnalın iki səhifəsi azərbaycanlı xanəndəyə ayrılıb. Səhifənin birində musiqiçinin müsahibəsi və konsertindən fotolar, digərində isə diski haqqında yazılıb. İlk yazı "Qarabağlı xanəndə" başlığı ilə dərc edilib.
|