Amerika iqtisadiyyatında defolt və dolların məzənnəsinin düşmə təhlükəsi birjalarda gərginlik yaradıb. İnvestorların öz pullarını daha etibarlı aktivlərə yatırmaq cəhdləri qızılı bahalaşdırıb. Prosesin davamlı olacağı təqdirdə hansı nəticələrin yarana biləcəyi isə hələlik müzakirə obyekti olaraq qalır. Xüsusilə, dollardan imtinanın pul-kredit siyasətindəki tənzimləmədə ABŞ valyutasına üstünlük verən dünya ölkələrinə təsirləri bir sıra suallar doğurub.
İqtisadçı ekspert Xalid Mikayılov hesab edir ki, dolların ucuzlaşması manata təsir edə bilər. Çünki MB manatın məzənnəsini dollara əsasən müəyyən edir. Əsas təsirlərdən biri manatın məzənnəsinin daha da yüksəlməsidir. Nəticədə manatın alıcılıq qabiliyyəti arta və tələb inflyasiyası baş verə bilər:
"Bu, tələbin təklifdən çox olduğu və təklifin tələbi ödəyə bilmədiyi zaman yaranır. Manatın məzənnəsinin həddən artıq yüksəlməsi onun alıcılıq qabiliyyətini artırdığından əhali daha çox məhsul və xidmətlər əldə etmək istəyir. Tələb çoxalanda isə məhsulların qiyməti qalxır, inflyasiya yaranır. Mümkündür ki, ölkədəki inhisarlaşma səbəbindən tələb inflyasiyasının təsirləri minimum olsun".
Ekspert digər təhlükə kimi əhalinin və investorların öz pullarını tələsərək manata çevirməsini görür:
"Adətən böhran zamanı əhali xarici valyutada yerləşdirdiyi əmanətlərini banklardan çəkib manata çevirmək istəyir. Bu da dolların məzənnəsinin daha da düşməsinə, manatın isə möhkəmlənməsinə şərait yaradır. MB-nin 2011-ci ilin I rübünün yekunları üzrə maliyyə sabitliyi icmalına əsasən, Azərbaycan banklarındakı əmanətlərin cəmi 46,1%-i milli valyutadakı əmanətlərdir. Hansı ki, bu, Azərbaycan iqtisadiyyatında dollarlaşmanın yüksək olaraq qalması və ABŞ-da baş verən defoltun manata təsirinin təhlükəli olması deməkdir".
Mikayılova görə, manatın məzənnəsi bank sektoru üçün ciddi nəticələrə gətirib çıxara bilər:
"Manata həddən artıq böyük tələb yaranarsa, MB tələbi qarşılaya bilməyəcək. Hətta qarşılasa belə, bu, sonda manat artıqlığına səbəb olmaqla inflyasiya təhlükəsi yaradacaq. Hazırda MB prosesin qarşısını bazara müdaxilə etməklə alır. Belə ki, 2011-ci ilin I rübündə bank valyuta bazarında 156,6 mln. ABŞ dolları həcmində xalis alış həyata keçirib".
Ekspert hesab edir ki, bu kimi pul siyasətinin davam etdirilməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının tükənməsinə səbəb ola bilər. Odur ki, MB manatın məzənnəsinin süni surətdə yüksəlməsinin qarşısını alaraq, milli valyutanın məzənnəsini təkcə dollara əsasən deyil, avro və qızıla nisbətdə də tənzimləməlidir. Bu siyasət dolların məzənnəsinin ani enişinin manata təsirini azaltmış olar.
|