Hökumət sərmayəni sənayeyə, nəqliyyata və rabitəyə yönəldir
 |
Yaddan çıxan kənd təsərrüfatı isə böhrandadır
Şənbə, 13.08.2011
|
|
Son 8 ildə ölkənin aqrar sektorunda ciddi tənəzzül var. İqtisadi Tədqiqatlar Mərkəzinin məlumatına əsasən, 2003-cü ildə daha az - 1,2 mln. ha. əkin sahəsinə malik olmağımıza baxmayaraq, daha çox məhsul istehsal olunurdu. 2010-cu ildə isə 1,6 mln. ha. sahədə əkin aparılmasına baxmayaraq, həm məhsuldarlıq, həm də istehsal göstəricilərində problemlər var. Bəs görəsən, daha çox əkiriksə, nəyə görə daha çox məhsul istehsal edə bilmirik? 2003-cü ildə dənli bitkilərdə məhsuldarlıq hər hektar üçün 26 sentner idisə, 2010-cu ildə 20 sentnerə, tütününkü 22 sentnerdən 17-yə, pambığınkı 15-dən 12-yə, kartofun məhsuldarlığı hər hektara 149-dan 145 sentnerə düşüb.
Mərkəzin sədri Qubad İbadoğlu bildirdi ki, kənd təsərrüfatı sektorunda artım baş veribsə, bu, ekstensiv, yəni əkin sahələrinin artması hesabına mümkün olub, intensiv, yəni məhsuldarlığın artımı ilə bağlı dəyişiklik yoxdur. Halbuki sözügedən sahəyə investisiya qoyuluşu artıb, texniki imkanlar çoxalıb, əkin sahələri genişlənib, vəsait qoyuluşu nisbətən artıb, amma...
Eyni vəziyyət heyvandarlıqda da mövcuddur. 2003-cü illə müqayisədə inəyin sayı 464 min, qoyun 1.478 min artıb. Amma süd və süd məhsullarında məhsuldarlıq əldə edilməyib. Mal və qoyun əti 2003-cü ildən indiyədək 2-3 dəfə bahalaşıb.
İqtisadçının fikrincə, torpağı kəndliyə paylamaq hələ islahat deyil. İslahat dedikdə institutların, müəssisələrinin, kooperativlərin yaradılması, sığorta bazarının inkişafı nəzərdə tutulmalı idi ki, bunların heç biri həyata keçirilmədi. O deyir:
"Azərbaycanda aqrar siyasət yoxdur. Əhalinin ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramı kağız üzərində qalıb.
Sovet dönəmində Abşeron rayonunu Bakını bostan və tərəvəz məhsulları ilə təmin emək üçün yaradıblar. Lakin indi Abşeronun əkin sahələrini satıb hasarlayıblar".
İctimai Palatanın Aqrar Komissiyasının sədri, iqtisadçı Nemət Əliyevin bildirdiyinə görə, işləyən əhalinin 40 faizi - 1,7 mln. nəfərə qədəri bu sahədə çalışır. Əhalinin 4,5 mln. nəfəri kənd rayonlarında məskunlaşıb. Onların dolanışığı, əsasən, bu sahədən daxil olan gəlirlərin hesabınadır. Lakin son 15 ildə ölkə iqtisadiyyatına üst-üstə 64 milyard manata yaxın investisiya yatırıldığı halda, onun yalnız 1,5 milyard manatı kənd təsərrüfatına ayrılıb. Vurğuladı ki, bunun da 1 milyard manatdan bir az artığı son 3 ilin hesabınadır. 1995-2007-ci illərdə, yəni 13 il müddətində əsas kapitala investisiyaların hər il orta hesabla cəmi 0,7 faizi aqrar sektora ayrılıb. Halbuki 1990-cı ildə bu göstərici 14 faiz olub. Son üç ildə bu sahədə cüzi canlanma müşahidə olunur ki, bu da aqrolizinqlərin yaradılması və buraya əlavə maliyyə vəsaitlərinin ayrılması ilə əlaqədar olub.
Dinamikanın təhlili göstərir ki, investisiyalar əsasən sənayeyə, nəqliyyat və rabitəyə, eləcə də digər sahələrə axın edib. Köklü problemlərin dərinləşməsinə, dövlət büdcə vəsaitlərinin son illər 20 dəfəyə yaxın artmasına baxmayaraq, hökumətin aqrar sektora olan münasibəti dəyişmir. 2010-cu ildə dövlət büdcə vəsaitlərinin 3,2 faizi kənd təsərrüfatına ayrılıb. Bu göstərici 5 il əvvəlki göstərici ilə eyniyyət təşkil edir. N.Əliyev bildirdi ki, 2011-ci ilin dövlət büdcəsindən kənd təsərrüfatı üçün 426 milyon manat maliyyə vəsaiti ayrılıb ki, bunun da 52 faizə qədərini meliorasiya tədbirləri üçün xərcləmək nəzərdə tutulub.
Hazırda kənd təsərrüfatına yararlı torpaq sahələri tükəndiyindən gələcəkdə az yararlı və şərti yararsız torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi vacib problem kimi qarşıda dayanır. Kənd təsərrüfatına yararlı torpaq sahələrinin 2 faizini biçənəklər, 5 faizini çoxillik əkmələr təşkil edir. Əkin yeri dincə qoyulmuş torpaqlarla birlikdə 1 milyon 874 min hektar və ya 39 faizdir. Kənd təsərrüfatına yararlı sahələrin 53 faizi örüş və otlaqlardan ibarətdir. Mal-qaranın və davarların sayının ildən-ilə artması fonunda torpaqların yararsız hala düşməsi kəskin xarakter almaqdadır.
|
|
|
Oxşar xəbərlər:
Dövlət torpaqları istifadəyə cəlb olunur
Azərbaycan və Yaponiyanın əkinə yararlı torpağı eyni
Azərbaycan və Yaponiyanın əkinə yararlı torpağı eyni
Kənd təsərrüfatı riskli sahədir
|
|
|