Milli haqlarını tələb edənlərə təzyiqlərlə kifayətlənməyən İran rəhbərliyi türklərin adi məişət məsələlərinə də qarışır. Son günlər Azərbaycan şəhərlərində peyk antenalarını yığışdırmaq kampaniyası başlanıb. GünAzTV xəbər verir ki, Salmas şəhərində İran təhlükəsizlik qüvvələri məhkəmənin uyğun sanksiyası olmadan sakinlərin evlərinə soxularaq, mənzillərdə və onun yan-yörəsində yoxlama aparır, burunlarını hər yerə soxurlar. Məmurlar utanmaz-utanmaz "peyk antenası" axtardıqlarını deyirlər...
Şəhər sakinlərindən tutulan və cərimələnənlər var. Yerli müşahidəçilərə görə, İran televiziyalarının proqramları ölkə vətəndaşının zövqünü heç bir halda ödəmir. Bu üzdən də onlar xarici TV kanallarını izləmək məcburiyyətində qalırlar.
Xarici ölkə dedikdə, Güney Azərbaycanda, eləcə də İranın bir çox yerlərində daha çox dünyəvi Türkiyə televiziyaları peyk antenaları vasitəsi ilə izlənir. Yerli sakinlərin sözlərinə görə, hətta farsdillilər də Türkiyə telekanallarına baxmağa üstünlük verir.
Bu tendensiya - fars dilindən uzaqlaşma, türk dilinə meyil Tehranı bərk qorxudub. Onlar ölkədə telekanallara bəlli səbəblərdən sərbəstlik verə bilməzlər. Bəzi xəbərlərə görə, panfarsist teokratiya vəziyyətdən çıxmaq üçün xaricdən farsca yayımlanan TV-ləri gizlincə maliyyələşdirməyə başlayıb...
|