Ötən həftə Savalan dağında Güney Azərbaycan türklərinin milli varlığını fars şovinizmindən, rəsmən yürüdülən irqçilik siyasətindən qorumaq məqsədi ilə "Savalan həftəsi" keçirilib. Dağı ziyarət edən türk gəncliyi orada yüzdən artıq çadır qurub. Məxfi polis, bəsiclər, eləcə də hakimiyyətə quyruq bulayanlar bu ənənəvi aksiyaya əngəl olmağa çalışıb. Onlar aksiya iştirakçılarını çeşidli yollarla dava-dalaşa təhrik ediblər. Ucadan fars musiqisi səsləndirilib və s. Lakin onların bu səyi boşa çıxıb.
Dinc aksiyaya mindən çox türk qatılıb. Onlar "Yurdum-yuvam, məskənimsən, Azərbaycan" misralı "Azərbaycan" mahnısını, oxuyublar. Sonda isə "Yaşa, Azərbaycan!" mahnısı xorla oxunub. Ustad Cəfəri "Savalan" şeirini deyib. Məxfi polis əməkdaşlarının farsca mahnılar səsləndirməklə şeirin deyilməsinin qarşısını almaq cəhdləri boşa çıxıb.
Urmulu bir xanımın "Dünya bizim olacaq" şeiri aksiyaya qatılanları ruhlandırıb. Vətənsevər şəxslərdən Abbas Lisani milli haqların təmin olunmasını istəyənlərin tutulmasından, onların işgəncələrə məruz qoyulmasından, ölümlə üz-üzə qalmasından danışıb. O, Qərbi Azərbaycan əyalətinin hakimiyyət tərəfindən düşünülmüş şəkildə kürdləşdirilməsindən söz açıb.
Yığıncağın sonunda oxunan bildirişdə deyilib: "...Milli savaşımız davam etməkdədir. Azərbaycanın cəsarətli, bilikli, bacarıqlı oğul-qızları bu müqəddəs savaşı uğurla başa vurmağı qarşısına məqsəd qoyub.
Bu yolda bütün güclərimizi birləşdirərək, yalnız və yalnız Azərbaycanın milli çıxarları uğrunda addım atacağıq.
Yad səslərə, yabançıların aldadıcı sözlərinə, işlərinə uymayaraq, təkcə Azərbaycanı düşünüb davranmalıyıq. Bununla da Milli Hərəkatımızın dəyərini, gücünü bir daha sübut etməliyik".
Bildirişdə bu kimi haqlı tələb və istəklər irəli sürülüb:
- Şəhərlər arasında ixtilaf salma siyasətinə qarşı, bütün hərəkətlərimizdə Azərbaycanı bütöv görərək, Təbrizi tarixi-mənəvi mərkəz olaraq qəbul edirik;
- Bütün milli fəalları, özəlliklə öndə gedənlərin təklənməsinə, çeşidli yollarla onlara qarşı təpkilərə yol verməyəcəyik...
- Türk dilinin rəsmiləşməsi və Azərbaycan mədəniyyətinin qorunub gəlişdirilməsi;
- Mərkəzləşdirilmiş sistem aradan qaldırılsın və millətlərin özünü idarəetmə üsulu tanınsın;
- İrandakı bütün millətlərin əməldə bərabərhüquqlu olmasına şərait yaradılsın;
- İranın bütün bölgələrinə ədalətli iqtisadi imkanlar yaradılsın;
- Türk dilində İran boyu yayım üçün radio, televiziya, kanallar yaradılsın, mətbuat azadlığı qorunsun;
- Qərbi Azərbaycan əyalətinin, özəlliklə onun mərkəzi şəhəri Urmiyanın kürdləşdirilməsi siyasəti dayandırılsın;
- Bütün siyasi məhbuslar azadlığa buraxılsın;
- Sərbəst toplaşmaq azadlığı təmin edilsin;
- Azərbaycanın təbii qaynaqları, yeraltı, yerüstü sərvətləri qorunub düzgün yollarla istifadə edilsin;
- Urmiya gölünün qurumasının qarşısı alınsın;
- Savalan dağı və onun ətrafındakı müalicə və turizm yerləri dünyada tanıtdırılsın.
Yaşasın Azərbaycan!".
|