Milli Məclisin payız sessiyasında hərbi xidmətə çağırışla bağlı bir sıra qanunlara dəyişiklik edilməsi və bir neçə yeni qanunun qəbulu gözlənilir. Qanunlara ediləcək dəyişikliklər layihəsi hazırdır və üzərində müzakirələr aparılır.
Dəyişikliyin əsas hissəsi hərbi xidmətə çağırış sistemini təkmilləşdirməklə bağlı olacaq. Eyni zamanda, ali təhsil müəssisələrində oxuyanlara möhlət hüququ ilə bağlı layihənin də müzakirəsi gözlənilir. Bundan başqa, payız sessiyasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi də müzakirəyə çıxarıla bilər.
Hərbi Analitik Tədqiqatlar Mərkəzininj direktoru İldırım Məmmədov hərbi xidmətə çağırışla bağlı qanuna dəyişikliyi vacib sayır. Onun sözlərinə görə, hazırkı hərbi çağırış sistemi köhnə sovet sistemindən qalma qanundur:
"Özü də bu sistem SSRİ-dəki sistemin ən pis variantıdır. Bu, birinci və ikinci dünya müharibəsində təkmilləşmiş reqressiv, insana məxsus xüsusiyyətləri məhv edən bir sistem idi. Buna baxmayaraq, həmin sistemdə demokratik, müasir Azərbaycandakı sistemə nisbətən güzəştlər daha çox idi. Hesab edin ki, o vaxtı çağırış yaşı 28 yaşa qədər idi, 2 uşağı olan xidmətə çağırılmırdı. Ailəsində problem olan şəxsə hökumət tərəfindən verilən pul indikindən qat-qat yüksək idi. Müasir Azərbaycanda isə mövcud olan güzəştlərin hamısı ləğv olunub. Hərbi komissarlıqlar, qərargahlar il ərzində kağız doldurmaqla məşğuldurlar. Bizdəki sistem nə SSRİ, nə inkişaf etmiş ölkələr, nə də bizə doğma olan Türkiyəyə uyğun bir sistemdir. Bu, hansısa bir hibrid çağırış sistemidir ki, nə vətənpərvərlik hissini qaldırır, nə döyüş tapşırıqlarını yerinə yetirir, nə ordu institutuna hörmət gətirir. Mən bir hərbçi kimi bu dəyişikliklərin çoxdan yetişdiyini, vacib olduğunu hesab edirəm".
İ.Məmmədov peşəkar ordu sisteminə keçid məsələsinə də toxundu:
"Peşəkar orduya keçidin bünövrəsi qoyulmalıdır. Bu məsələ həllini tapmalıdır. Nəyə görə əsgər nazirliklərin qapısı ağzında mühafizədə dayanmalı, nəyə görə həbsxanalarda dustaqlara əsgər nəzarət etməlidir? Bakıya qar yağanda Fövqəladə Hallar Nazirliyi əsgərləri küçələrə tökür. Və yaxud güc nazirliklərində həkimlərin hamısı rütbə daşıyır. Bütün dünyada rütbə daşıyanların qidasını, təchizatını, təmir-tikinti işlərini və s. mülki təşkilatlar görür. Əsgərsə öz döyüş hazırlığı ilə məşğul olmalıdır. Rusiya da artıq bu sistemə keçib. Amma Azərbaycanda dəyişiklik etmək istəmirlər. Qanundəyişdirici təşəbbüslərə baş vurulmur. Elə parlamentdə oturanların da başı bu işlərdən çıxmır".
|