Dünəndən etibarən orta ixtisas təhsil müəssisələrinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlanıb. TQDK sədri Məleykə Abbaszadə dünənki mətbuat konfransında bildirib ki, seçim avqustun 9-dək internet vasitəsilə aparılacaq. Onun sözlərinə görə, abituriyent elektron ərizəsində orta ixtisas məktəbləri ilə yanaşı, ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə olan ixtisasların da kodlarını göstərə bilər.
TQDK sədri bildirib ki, boş qalan yerlərə tələbə qəbulu müsabiqəsində 1-ci qrup üzrə ümumi balı 200-dən, 2 və 3-cü qrup üzrə ümumi balı 250-dən, 4-cü qrup üzrə isə ümumi balı 350 və daha çox olan abituriyentlər iştirak edə bilər.
M.Abbaszadə ölkə üzrə 2087 boş yer qaldığını deyib. Plan yerləri isə 93,36 faiz dolub. TQDK sədrinin sözlərinə görə, dövlət sifarişi əsasında ayrılan yerlərin ixtisas seçimində 1-ci ixtisas qrupu üzrə ümumi balı 300-dən, 2-ci qrup üzrə ümumi balı 400-dən, 3-cü ixtisas qrupu üzrə 350-dən az olmayan və hər bir imtahan fənni üzrə ayrılıqda toplanan nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilir.
II qrup üzrə rus bölməsinin abituriyentlərinə gəlincə, 294 plan yeri olsa da, buraya qəbulda cəmi 2 nəfər abituriyent iştirak edib. M.Abbaszadənin sözlərinə görə, Azərbaycan bölməsi üzrə isə 89 boş yer qalıb:
"Birgə müsabiqə keçirilən boş ixtisasların sayı isə 280 olub. Ümumilikdə, II qrupda boş qalan yerlərin sayı 663-dür. Azərbaycan bölməsi üzrə ümumilikdə 1119 abituriyent müsabiqəyə buraxılsa da, ali məktəblərə qəbul olmayıblar. Biz bununla bağlı bir gün ərzində bütün ali məktəb rəhbərləri ilə əlaqə saxladıq və ortaq bir həll yolu tapdıq".
TQDK sədri qeyd edib ki, II qrup üzrə rus bölməsi abituriyentləri üçün ayrılmış 294 yer birgə müsabiqəyə ayrılacaq və ümumilikdə, 663 yer birgə müsabiqədə iştirak edən abituriyentlərin seçiminə veriləcək. Rus bölməsi abituriyentləri üçün ayrılmış yerləri birgə müsabiqəyə verməklə, müsabiqədən kənarda qalan 1119 Azərbaycan bölməsi abituriyentinə şans yaradıblar.
M.Abbaszadənin sözlərinə görə, III qrupda ikinci tur ixtisas seçimləri üçün Azərbaycan bölməsində 350 yer, rus bölməsində isə cəmi 4 yer qalıb. Birgə müsabiqə üçün isə 2002 boş yer qalıb. III qrupda 556 yerə 1084 nəfər iddia edir. III qrupda əsas boş qalan yerlər özəl ali təhsil müəssisələridir. Dövlət ali təhsil müəssisələrində qalan boş yerlərin əksəriyyəti isə qabiliyyət tələb edən ixtisaslardır. IV qrup üzrə boş qalan yerlərin sayının 92 olduğunu deyən komissiya sədri bunların əsasən idman ixtisasları olduğunu bildirib.
M.Abbaszadə deyib ki, ali məktəblərin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələri avqustun 10-da və ya 11-də açıqlanacaq.
Komissiya sədri imtahanların ilk turundan qəbul planı 100 faiz dolmuş universitetlərin siyahısını da açıqlayıb: "Bu il qəbul yeri birinci turdan yüz faiz dolan universitetlər Neft Akademiyası, Tibb Universiteti, Diplomatiya Akademiyasıdır".
Komissiya sədri deyib ki, Lənkəran və Gəncə universitetlərində yerlər 100 faiz dolub: "Əvvəlki illərdə bölgələrdəki universitetlərdə qəbul planı adətən 50 faiz dolurdu. Ancaq bu il ilk dəfə Gəncə və Lənkəranda qəbul imtahanları keçirildi və bu öz müsbət nəticəsini göstərdi. Bu göstərdi ki, biz doğru yoldayıq".
Komissiya sədri qeyd edib ki, Bakı Dövlət Universitetində plan yerlərinin 98,78 faizi dolub.
M.Abbaszadənin sözlərinə görə, özəl ali təhsil müəssisələri arasında tələbələrin ən çox üstünlük verdikləri ali təhsil müəssisələri Bakı Qızlar Universiteti və Bakı Biznes Universitetidir. Hər iki universitet qəbul planını yüz faiz doldurub. Qafqaz və Xəzər universitetlərində ayrılmış yerlər isə müvafiq olaraq 96 və 94,95 faiz dolub:
"Özəl ali təhsil müəssisələri arasında ən az müraciət olunan universitetlər - Təfəkkür, Bakı Asiya və Odlar Yurdu universitetləridir. Hər üç universitet plan yerlərini cəmi 46 faiz doldura bilib".
|