İran iqtisadi çətinlik içərisində çabalayan Ermənistanın halına yanır. Ona yardım üçün, belə görünür, ermənilərin özündən də çox düşünür və düşünməklə qalmayıb real iş görür. "İRİBnyuz"-un xəbərinə görə, Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan Tehranda səfərdə olub, İslam Respublikasının energetika nazirinin müavini Məhəmməd Behzadla görüşüb. Tərəflər iki ölkə arasında energetika sahəsində əməkdaşlığı genişləndirməyin vacibliyini vurğulayıblar. Müavin bildirib ki, Ermənistanın Meğri rayonunda tikilən su-elektrik stansiyasında işlər başa çatmaq üzrədir.
Onun sözlərinə görə, Ermənistan tikinti ilə bağlı imzalanmış müqavilənin şərtlərinə, eləcə də maliyyə təminatına əməl etməyib.
M.Behzad onu da bildirib ki, Türkmənistan elektrik enerjisinin İran ərazisindən keçərək, Ermənistana ötürülməsinə dair Aşqabadda üç dövlətin təmsilçiləri arasında uyğun danışıqlar aparılıb, anlaşmanın mətni artıq imzalanmağa hazırdır.
|