Quzey Qafqaz: tuneldə işıq görünmür
 |
Hər kəsin öz marağı, öz hesabı
Şənbə, 06.08.2011
|
|
İnquşetiya, Çeçenistan və Dağıstanda ekstremizmə qarşı yeni bir antiterror əməliyyatı başlanıb. Özü də 6 aylıq müddətə. İndi az qala hər gün bu 3 regionun müxtəlif bölgələrində güc strukturları tərəfindən irili-xırdalı əməliyyatlar keçirilir.
Kabarda-Balkar və Quzey Osetiyada isə bu ilin fevralından etibarən fövqəladə durum yaşanılmaqdadır. Karmadon vadisi (Quzey Osetiya) və Elbrus (Kabarda-Balkar) bölgəsinə xüsusi döyüş qüvvələri yerləşdirilib. Siyasi müşahidəçilərin fikrincə, 2011-ci ilin dekabrında Rusiya Dövlət Dumasına və 2012-ci ildə isə Rusiya prezidenti seçkilərinə görə Quzey Qafqazda durum daha da gərginləşəcək. Qarşıdakı bu iki siyasi proses çox şeyə aydınlıq gətirməlidir. Hansı xətt qalib gələcək? Rusiyanı modernləşmə və demokratiya yoluna istiqamətləndirmək istəyənlərmi? Yoxsa ənənəvi mühafizəkar, imperiya iddiasını qoruyub saxlayan bir dövlət tərəfdarlarımı? Hər iki xətt bu iki prosesə öz siyasi taleyinin həll olunacağı gün kimi baxır.
Bu aspektdə hər iki cinah indidən Quzey Qafqazda öz fərqli siyasətlərini yürüdür. Prezident Dmitri Medvedev humanitar siyasət və iqtisadi inkişaf yolunu tutubsa, baş nazir Vladimir Putin hələlik "altun dağlar" vəd etməklə yanaşı, bütün güc strukturlarının genişmiqyaslı aksiyalarının və seçkilərdə qalib gəlmək üçün böyük ümidlər bəslədiyi yerli nomenklaturanın müdafiəsinə qalxıb.
Quzey Qafqazda durum gündən-günə ağırlaşır
Son 7 ayda Quzey Qafqaz regionlarında silahlı münaqişələr zəminində 812 nəfər zərər çəkib. Bu prosesdə dinc əhalidən 405 nəfər ağır yaralanıb və 89 nəfər aldıqları güllə yarasından həyatlarını itirib. Rusiya Milli Antiterror Mərkəzinin Quzey Qafqaz Dairəsində ölkənin Daxili İşlər, Federal Təhlükəsizlik Xidməti, Müdafiə nazirliklərinin strukturları bir araya gətirilərək əməliyyat tədbirlərinə əlaqəli şəkildə cəlb ediliblər. Hətta Federal Sərhəd Xidməti də bu işdə iştirak edir. Bu güc strukturlarının yedəyində gedən bir sıra qeyri-rəsmi silahlı qüvvələr isə daha aktiv şəkildə fəaliyyət göstərirlər. Qara İntiqamçılar, Ölüm Eskadronları və digər güc birlikləri regionda daha dəhşətli və qorxulu suçlar işlədirlər. Yerli əhali bunu QRU-nun (Baş Hərbi Kəşfiyyat) əməlləri və siyasəti olaraq qəbul edir.
Əslində regionda nə baş verir? Nədən əhali və güc strukturları arasında silahlı münaqişələr bitmək bilmir, daha da güclənir?
Bu sualların cavabı tamam fərqli baxışlardan izah olunur. Belə ki, Milli Antiterror Qüvvələrinin əməliyyat tədbirlərində hər gün minlərlə vətəndaşın hüquq və azadlıqları kobud şəkildə pozulur.
Bu azmış kimi insanlar ailə üzvləri qarşısında ağlagəlməz təhqirlərə məruz qalır. Vətəndaşların qanunsuz yerə oğurlanaraq onlara xüsusi cəza evlərində işgəncələr verilməsi, hətta öldürülməsi hallarına adekvat addım olaraq zərərçəkmiş insanlar öz intiqamlarını yazılmamış Qafqaz qanunları ilə almaq zorunda qoyulur. Digər tərəfdən, yeni formalaşmaqda olan sələfi (vəhhabi) cərəyanının bölgədəki etnomafiyaların və korrupsiyaçı iri məmurların maliyyə dəstəyilə hərəkət etməyə başladığı sirr olmaqdan çıxıb. Bu qüvvələr hər gün güc strukturlarına qarşı amansız teraktlar törətməklə, Rusiyanın mühafizəkar çevrələrinə bəhanə verməkdə, onların əl-qolunun açılmasına imkan yaratmaqdadır. Bu iki güc arasında son 7 ayda yaşanılan silahlı mübarizədə 200 nəfərdən çox sələfilik tərəfdarı öldürülüb.
Rus hərbçiləri üçün də asan keçmir. Onların hər addımında gözlənilməz təhlükələr gizlənir. Rusiya Dövlət Duması təhlükəsizlik komitəsinin sədr müavini Gennadi Qudkov etiraf edir:
"Quzey Qafqazda əməlli-başlı, gizli şəkildə olsa da, vətəndaş savaşı gedir. Burada fərqli miqyasda terrorçu qüvvələr daha təhlükəli olmağa başlayıblar. Belə ki, onlar çağdaş partizan savaşının və hərbi texnikadan istifadənin sirlərini çox yüksək səviyyədə mənimsəyə biliblər. Eyni zamanda onlar informasiya texnologiyalarından istifadəyə görə hətta Rusiya güc strukturlarını belə ötüb keçiblər".
İriçəkili məmurların öldürülmə səbəbləri
Hazırda Dmitri Medvedevin başlatdığı siyasi, iqtisadi və sosial hədəflərə dəstək verən iki lider - Dağıstan və Qaraçay-Çərkəz prezidentləri Məhəmmədsalam Məhəmmədov və Ramiz Təmrəzovdur. Arsen Kanokov (Kabarda-Balkar), Aslançeriy Txakuşinov (Adıgey), Taymuraz Mamsurov (Quzey Osetiya), Yunusbəy Evkurov (İnquşetiya), Ramzan Qədirov (Çeçenistan) məhəlli prezidentlər olaraq baş nazir Vladimir Putinin yanında yer alıblar. Çünki onları Putin Rusiya prezidenti olduğu zaman prezident kürsüsünə əyləşdiribdir. İndi bu respublikalarda Medvedevin kursunu müdafiə etmək istəyən iriçəkili məmurlar ya terror metodu ilə öldürülür, ya da onlara qarşı bir sıra teraktlar törətməklə tutduqları yoldan çəkindirməyə çalışırlar. Ötən həftə Dağıstan prezidentinin avtoqəzaya uğraması, bundan öncə Evkurova qarşı sui-qəsd çox mətləblərə aydınlıq gətirir.
Kabarda-Balkarda FTX-nin iri çəkili məmuru Murat Karaçayev, Baksan şəhər polis idarəsi rəisinin müavini Amurbəy Biotoxov, Dağıstan prezidenti yanında informasiya texnologiyaları idarəsinin müdiri Harun Qurbanov və digər məmurların öldürülmə səbəbləri artıq aşkar bir məsələdir.
Hərbi ekspert, istefada olan albay Vladimir Popov qeyd edir:
"Rusiya Milli Antiterror Mərkəzinin sədri DİN naziri Rəşid Nurəliyevin səlahiyyətlərini FTX naziri Aleksandr Bortnikova verməklə prezident Dmitri Medvedev öz mövqelərini gücləndirməyə çalışır. Çünki mövcud problemlərdən daha qorxulu ola biləcək etnik münaqişələrin güclənmə ehtimalı var. Kabarda-balkar, kumuk-avar, noqay-avar, ləzgi-azərbaycanlı, qaraçay-çərkəz, adıgey-kürd, osetin-inquş, çeçen-rus və digər münaqişə ocaqlarını körükləyən güclər buna hazırlıq görməkdədir. İlk növbədə isə həmin toplumları səfərbər edə biləcək nüfuzlu alimlər, din xadimləri və iriçəkili məmurlar hədəfə alınıblar...
İqtisadi siyasətə qarşı güc strukturları
Quzey Qafqaz regionlarının sosial-iqtisadi inkişafı üçün RF büdcəsindən 2025-ci ilə qədər 4 trilyon rubl maliyyə vəsaiti ayrılması gündəmə gətirilsə də, bu strategiyanın qarşısını kəsən problemlər yaradılmışdır. Rusiya Regionların İnkişafı Nazirliyi tərəfindən hazırlanan layihələrə əsasən, Quzey Qafqaz regionlarında ünvanlı yatırım siyasəti ortaya qoyulsa da, bölgədəki ağır kriminal durum hələ ki bu təşəbbüslərin gerçəkləşməsinə imkan vermir. Bölgədə güc strukturları hər gün bir antiterror əməliyyatı keçirməklə, sanki bir əyləc rolunu oynayır.
Bu ilin sonuna kimi federal büdcədən Quzey Qafqaz regionlarının inkişafına 179 milyard rubl vəsait ayrılmalıdır. Bundan əlavə, regiona yatırım qoymaq istəyən şirkətlərə də dəstək veriləcəkdir. Dağıstanda artıq 14 milyard rubl dəyərində yatırım qoymaq istəyən şirkətlərin adları belə məlumdur. Ancaq siyasi durumun normal məcraya yönəlmədiyi səbəbindən proses durğunluq şəraitindədir.
Dmitri Medvedev hətta Quzey Qafqaz regionlarına yatırım qoyacaq şirkətlərin maliyyə təhlükəsizliyi üçün 70 faiz dövlət təminatı barədə qərar vermişdir. Xüsusilə turizm sənayesinin inkişafına diqqət yetirilir. Lakin antiterror əməliyyatlarının doğurduğu gərginlik bu niyyətlərə ciddi əngəl törədir.
Kabarda-Balkarda balkar türklərinə məxsus Tırnauz, Elbrus, Kenje, Xasanya, Ak Çay, Bezengi, Baksan regionlarında 7 aydır fövqəladə vəziyyət hökm sürür. Bu səbəbdən bölgənin turizm sektoru tamamilə iflic vəziyyətinə düşüb..
|
|
|
Oxşar xəbərlər:
Bakı-Tümen dəmiryolu xəttində parlayış
Xraxoba kəndi boşalır
Əliyev və Medvedyev Ulyanovskda görüşəcəklər
Rusiya prezidenti Azərbaycan prezidentinə təbrik məktubu göndərib
Dağıstan üzərindən ölkəmizə gizli təhdidlər
|
|
|