Son 10 gün ərzində Silahlı Qüvvələr 6 hərbi qulluqçusunu itirib, 3 nəfər yaralanıb və ya xəsarət alıb. Bu barədə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi bildirir. Mərkəz ekspertlərinin KİV üzərində apardıqları monitorinqin nəticələrinə əsasən, ümumilikdə bu ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 59 nəfər təşkil edib. Ötən müddətdə 48 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə döyüş itkiləri (erməni gülləsi) 7 nəfər, qeyri-döyüş itkiləri isə 52 nəfər təşkil edir. 5 nəfər naməlum səbəbdən, 2 nəfər qar uçqunundan, 5 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma və s.), 9 nəfər avtoqəzadan, 7 nəfər xəstəlikdən (və ya zəhərlənmə), 1 nəfər əməliyyat tədbirlərindən, 15 nəfərsə qeyri-nizamnamə hadisələrindən həyatını itirib. 8 nəfər intihar edib. Həyatını itirənlərin 53-ü Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 2-si isə Daxili Qoşunların hərbi qulluqçusu olub.
Ötən dövrdə qeyri-nizamnamə hadisələrindən 12 nəfər, intihara cəhddən 4, avtomobil qəzalarından 11, mina partlayışından 1, bədbəxt hadisələrdən 7, erməni gülləsindən 13 nəfər yaralanıb və ya xəsarət alıb.
Ekspertlərin fikrincə, bu il qeydə alınmış itkilərin sayı 2003-cü ildən bəri müvafiq dövrlərlə müqayisədə qeydə alınmış ən böyük göstəricidir.
"Doktrina" mərkəzinin araşdırmalarına görə, 2003-2011-ci illərdə Silahlı Qüvvələrimiz ən azı 524 hərbi qulluqçusunu itirib. Onun 165 nəfəri döyüş (138 nəfəri erməni gülləsi, 22 nəfər mina və sursat partlayışı, 5 nəfər əməliyyat tədbirləri), 359 nəfəri isə qeyri-döyüş (66 nəfər intihar, 69 nəfər qəza, 119 nəfər qeyri-nizamnamə hərəkətləri, 46 nəfər bədbəxt hadisələr, 26 nəfər müəmmalı və naməlum hadisələr, 33 nəfər müxtəlif xəstəliklər və s.) itkiləridir. Ümumilikdə 2003-cü ildən bəri bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 424 nəfərdən çoxdur. Qeyd edək ki, itkilərlə bağlı rəqəmlər KİV və EİV üzərində apardığı monitorinq nəticəsində ortaya çıxıb.
Lakin araşdırmalar göstərir ki, müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərin bir çoxu mətbuata sızmır və məlumatlara görə, bu rəqəm itkilərin ümumi sayının təxminən 25-30 faizini təşkil edir. Beləliklə, təxmin olunan rəqəmlərə görə, 1994-cü ilin may ayından - Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanmasından bəri Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 3500 nəfərdən artıqdır.
Silahlı Qüvvələrdə itkilərin sayının artma tendensiyası müqayisəli yanaşmada ortaya çıxır. Misal üçün, "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin Azərbaycanda KİV üzərində monitorinqinin nəticələrinə görə, son 4 il 7 ay ərzində nizamnamə qaydalarının pozulması nəticəsində ölüm halları 85 nəfər təşkil edirsə, bu, 2003-2006-cı illərdə 34 nəfər təşkil edib. 2007-2011-ci illərdə orduda intiharların sayı 43 nəfər təşkil edib, 2003-2006 illərdə isə bu göstərici 23 olub. Əgər 2007-2011-ci illərdə ölkənin təhlükəsizlik və müdafiə sektorunda avtomobil və təyyarə qəzalarından ölüm halları 52 nəfər təşkil edibsə, 2003-2006-cı illərdə bu göstərici cəmisi 17 nəfər təşkil edib.
Eyni zamanda, 2007-2011-ci illərdə erməni gülləsindən ölüm halları 67 nəfər təşkil edirsə, 2003-2006-cı illərdə bu göstərici 70-dən artıq olub. Eyni zamanda, bədbəxt hadisələrdən və mina partlayışından ölüm hallarının sayında da azalma var.
Beləliklə, təhlükəsizlik və müdafiə sektorunda itkilər 2007-ci ildən etibarən qeyri-nizamnamə, "dedovşina", intihar və avtomobil (təyyarə) qəzaları hesabına kəskin artıb. Ümumilikdə əgər 2003-2006-cı illərdə Azərbaycanda 197 hərbi qulluqçu həyatını itiribsə, 2007-2011-ci illərdə bu göstərici 327 nəfər təşkil edib. Son 4 il 7 ay ərzində təhlükəsizlik və müdafiə sektorunda itkilərin bu formada kəskin artımının səbəblərini öyrənməyə ehtiyac var. Son 4 il 7 ay ərzində müxtəlif səbəblərdən yaralanan və ya xəsarət alanların da sayında artım hiss olunur. Əgər 2003-2006-cı illərdə bu göstərici 137 nəfər təşkil edirdisə, 2007-2011-ci illərdə bu göstərici 287 nəfər təşkil edib.
Nəzərə alınmalıdır ki, 2007-ci ilin yanvar ayının 1-dən Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına rəsmən keçdiyi bəyan edilir. Ekspertlərin fikrincə, həmin dövrdən etibarən orduda itkilərin sayında kəskin artım orduda islahatların düzgün aparılmadığının göstəricisi kimi qəbul olunur. Müşahidələr əsas verir ki, ilk növbədə güc strukturlarının cəmiyyət qarşısında hesabatlılığı təmin edilməli, ordu üzərində mülki nəzarət mexanizmləri tətbiq olunmalıdır. Güc strukturları rəhbərliyinin parlament qarşısında hesabatlılığı təmin olunmalıdır.
Güc strukturlarında baş vermiş insan itkiləri, onların əsl səbəbləri nəticəsində cəzalandırılanların siyahısı informasiya siyasətinə məsul məmurlar tərəfindən aydın şəkildə ictimaiyyətə təqdim olunmalıdır. Güc strukturlarının rəhbərləri əsgərləri bir-birinə qarşı silah qaldırmağa məcbur edən səbəbləri aşkar etməli, problemin kökündən həlli üçün addımlar atmalıdır. Xüsusilə də "dedovşina"lığın kökünün kəsilməsi istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır.
|