"Google" internet korporasiyası veb-səhifələrin yüklənmə sürətinin artırılması üçün nəzərdə tutulmuş "Page Speed Service" xidməti üzərində işlərini davam etdirir. "APA-Economics"in məlumatına görə, yeni servis sayt sahibləri tərəfindən istifadə olunacaq.
"Page Speed Service" xidmətinin iş prosesi əsnasında sayt sahibinin serverlərindən kontentin çıxarılması və təsvirin sürətləndirilməsi üçün optimallaşdırma tələbləri nəzərə alınmaqla yenidən yazılması yerinə yetirilir. Bundan sonra sayta daxil olan istifadəçilər üçün artıq "Google"nin serverləri tərəfindən xidmət göstərilən səhifələr açılır. Yeni xidmət ilkin olaraq yalnız məhdud sayda veb-tərtibatçılar üçün pulsuz təqdim olunur. Lakin gələcəkdə "Google"nin servisi ödənişli qaydada istifadə olunacaq. Korporasiya nümayəndələrinin sözlərinə görə, qiymətlər əlçatan səviyyədə olacaq. "Page Speed Service" xidmətindən istifadə etməyə başlamaq üçün sayt sahibinə həmin resursa dair mülkiyyət hüquqlarının təsdiq olunması üçün xüsusi prosedurdan keçmək təklif olunacaq. Bundan başqa, saytın DNS ünvanında da dəyişiklik etmək lazım olacaq. Səhifələrin yüklənmə sürətinin artması səhifələrin məzmunu, sonuncu istifadəçi tərəfindən tətbiq edilən brauzer, istifadəçinin coğrafi vəziyyəti, eləcə də kanalın keçirtmə qabiliyyəti kimi bir çox faktorlardan asılıdır. Bununla belə səhifələrin sürətinin 25-60% artırılması mümkündür. Tərtibatçı yüklənmə sürətinin nə dərəcədə artmasını quraşdırılmış testlər vasitəsilə yoxlaya biləcək.
|