Qobustan həbsxanası müasir standartlara cavab vermir. Bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev etiraf edib. Mədət Quliyev Qobustan həbsxanasının tezliklə yeni tikilən cəzaçəkmə müəssisəsinə köçürüləcəyi barədə məlumatı təsdiqləyib. Xidmət rəisi deyir:
"Artıq 7 müasir cəzaçəkmə müəssisəsi tikilir, tezliklə istifadəyə veriləcək. Mən istəyirəm ki, Azərbaycandakı məhbuslar üçün ofis şəraiti yaradılsın. Onların internetə çıxışları olsun, telefonla təmin edilsinlər, cəmiyyətlə əlaqə saxlaya bilsinlər. Eyni zamanda müəssisələrdə kondisionerlər quraşdırılmasını istəyirik. Lakin bütün bunları qanun çərçivəsində etmək lazımdır. Biz də buna çalışırıq". Başqa bir məlumat ondan ibarətdir ki, Penitensiar Xidmətin 10-dan çox əməkdaşı xidmətdən xaric olunub, 40-a yaxın əməkdaş isə aşağı vəzifəyə keçirilib. Mədət Quliyev bu statistikanın onun xidmətə rəis təyin olunmasından sonrakı müddətə aid olduğunu vurğulayıb. Mədət Quliyev cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitində bəzi nöqsanların olduğunu da etiraf edir və məhkumların saxlanma şəraitində dönüş yaratmağa çalışdıqlarını qeyd edir. Mədət Quliyev bildirir ki, ölkənin cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların cinayət aləmi ilə əlaqələri var. Cəzaçəkmə müəssisələrinə narkotik vasitələrin keçirilmə hallarının da olduğunu təsdiqləyir: "Biz bu problemlərin qarşısını almağa çalışırıq. Təəssüf ki, bu bir problem olaraq hələ də qalır". Müvəqqəti saxlanma təcridxanaları da müasir standartlara cavab vermir. Məsələn, Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupu Quba Regional Mərkəzinin əməkdaşları Quba və Xızı rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən verilən xəbərə görə, qrupun üzvləri başçəkmələr zamanı müəssisələrdə saxlanma şəraitini araşdırıblar. Onlar həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar. Başçəkmələr zamanı hər hansı bir qanun pozuntusu aşkar olunmayıb. Təcridxanada saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər. Başçəkmə keçirilən müəssisələrin rəhbərliklərinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Bu açıqlamalar göstərir ki, ölkədə cəzaçəkmə müəssisələri və müvəqqəti saxlama təcridxanalarının müasir standartlara uyğunlaşdırılması düşüncəsi bizim müvafiq xidmətlərə də sirayət edib və bu sahədə yeniliklər gözlənir.
|