Nügədi və Dərbənddə ermənilərin "kilsə fırıldağı"
 |
Dağıstanda qafqazdilli xalqlar türkdilli xalqlara qarşı təhrik edilir
Şənbə, 30.07.2011
Ənvər BÖRÜSOY, Bakı-Dərbənd-Nügədi-Bakı |
mətn ölçüsü |
|
|
|
Dərbənd və onun ətrafında erkən orta çağın Qafqaz Albaniyası dövlətinin xristian xalqına məxsus çoxlu sayda abidələr var. Bu maddi-mədəniyyət abidələrinin araşdırılıb öyrənilməsi, onun tarixi əhəmiyyəti barədə çox təəssüflər olsun ki, heç kimsə ciddi şəkildə maraqlanmır. Bunun əsas səbəblərindən biri də Dağıstanda kumuk, noqay və Azərbaycan türklərinə məxsus elmi-araşdırma mərkəzlərinin yoxluğudur. Belə ki, uzun müddət Dağıstanda elmi-tədqiqat işləri Moskvanın iradəsi altında olmuş, qeyri-türk toplumlarının maraqlarına hesablanmışdır. Bu yanlış strateji hədəflər indi bumeranq olub özlərinə qayıdır. Onun fəsadları bu gün həm Moskvanın özü, həm də Dağıstanın türkdilli toplumları tərəfindən yaşanılmaqdadır.
Qafqaz Rusiya tərəfindən işğal edilənədək bu coğrafiyada mövcud olan dövlətlərin tarixi izləri bütün vasitələrlə unutdurulmağa çalışılır. Quzey Qafqazda Kubandi, İskit, İçker, Xəzər, Hun, Avar, Alan, Moğol, Noqay Orda kimi əzəmətli türk imperiyaları və dövlətlərinin tarixi kökləri daha çox "istilaçılıq" formasında təqdim olunur.
Xalq birliyi siyasətinin ardında erməni məkri
Dağıstanın yüksək dağlıq bölgəsi olan Botlix şəhərindən başlayaraq çöl bölgələrinə kimi protoxristian (ibtidai xristianlıq) mədəniyyətinin tarixi izlərinə hər addımda rast gəlinir. Burada region xalqları islamı qəbul etdikdən sonra, öncəki dini inanclara dayanıqlı olan mədəniyyət tədricən unudulmuşdur. 1865-ci ildə Çarlıq Rusiyası Dağıstanı tam özünə tabe etdikdən sonra, buradakı əski xristian plastının qalıntılarına ermənilər girişməyə, onları "özününküləşdirməyə" çalışdılar. Bu indi də davam edir. Erməni etnoqrafları Dağıstan coğrafiyasındakı protoxristian plastına nüfuz etməyə cəhdlər göstərir, burada dargin, avar, rutul, ləzgi, axvax, andi, didoy, tsaxur, tabasaran, kaytak, lak və b. toplumların inanc kultu adı altında bir sıra proyektləri irəlilətməyə çalışırlar. Bu yöndə həyata keçirilən ritual törənlərə "xalq birliyi" adı verməklə, əslində həmin toplumları incə bir şəkildə yerli və onlara qonşu olan, iç-içə yaşadıqları türk toplumlarına qarşı yönəldirlər.
Quzey Qafqazın Krasnodar, Stavropol və Rostov vilayətlərindəki erməni kilsə xadimləri, diaspor təşkilatları hər il mayın 2-də və avqustun 30-da Dağıstandakı protoxristian maddi-mədəniyyət abidələrini ziyarət etməklə, "qədim erməni məzarlıqlarını bir daha xatırlamaq üçün buraya gəldik" deyərək, yerli əhalini öz məkrli siyasətlərinə alışdırmağa çalışırlar.
Yerli xalqların ictimai düşüncəsində isə "doğrudan da bu əski protoxristian abidələr və məbədlər ermənilərin qədim mirasıdır" anlamı formalaşır. Bütün bunlar azmış kimi Kizlər, Dərbənd, Botlix, Mahaçqala (qədim adı - Anji-qala) və digər şəhərlərdəki protoxristian abidələri və məzarlıqları mümkün qədər "erməniləşdirilməyə" çalışılır. 1904-cü ildə İstanbulda fransız dilində erməni katolikosu tərəfindən bir saxtakarlıq məhsulu olaraq yazılmış "Dağıstanda qədim erməni abidələri və məzarları" kitabını dövlət kitabxanasına hədiyyə etmişlər.
Bu kitabda qeyd olunur ki, guya ermənilər 331-ci ildə Müqəddəs Georginin şərəfinə Dərbəndin 47 km-də yerləşən Nügədi (keçmiş adı - Mollaxəlil) kəndində ilk dəfə olaraq kilsə inşa etmişlər. Bununla da guya bütün Dağıstanda xristianlıq geniş şəkildə yayılmağa başlayıb.
Ermənilər iddia edirlər ki, burada kilsə inşa etmək barədə o zaman verilən əmr indinin özündə belə Eçmiədzin Patriarxlığının arxivində saxlanılır. İddia edilir ki, "məhz bu kilsənin inşasından sonra bütün Dağıstanda xalqların birliyi möhkəmlənməyə başlayıb", "dağlı xalqlar arasında birlik və bərabərliyin təməli məhz həmin tarixdən başlayır" və s.
Krasnodar vilayətindəki Quzey Qafqaz Erməni Apostol Kilsəsi bu məkrli təbliğatın kölgəsində həmin abidələrin təmiri adı altında onların "erməniləşdirmə" praktikasını yürütməkdədir. Bunun nə kimi bir hiyləgər erməni praktikası olduğunu qonşu gürcülər və azərbaycanlılar XIX yüzildən bəri öz təcrübələrindən yaxşı bilirlər. İlya Çavçavadzeni oxumaq yetər. "Təmir-bərpa" işlərindən sonrakı açılış törənlərinə Quzey Qafqazın erməni icmalarının - XVIII-XIX yüzildə və daha çox son onilliklərdə İran və Osmanlıdan buraya axın etmiş erməni kütləsinin varisləri də dəvət edilirlər. Burada şəkillər və filmlər çəkdirməklə, albomlar nəşr etməklə, həmin abidələrin gerçək sahibinin məhz ermənilər olduğunu müasir təbliğat metodlarının köməyi ilə "rəsmiləşdirməyə" çalışırlar. Bu isə artıq bəlli metodlardır.
Ermənilərin yedəyində gedənlər
Mustafa Kamal paşa 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyətinin ilk illərində Yunanıstanın Batı Trakya bölgəsində yaşayan xristian türklərin - karamanlıların İstanbula köçərək burada "Xristian Türklərin Ortodoks Patriarxlığı"nın yaradılması təşəbbüsünü rəsmiləşdirmişdi. Bununla da uzaqgörən dövlət adamı olan Mustafa Kamal paşa Türkiyə coğrafiyasında xristianlığı, Avropa çevrələrinin bu zəmində yürütdükləri məkrli siyasəti, iç işlərinə incə bir şəkildə müdaxilələri Ankaranın daimi şəkildə nəzarətdə saxlamasını təmin etmiş oldu. Son zamanlar Azərbaycan MEA Tarix İnstitutunun direktoru, millət vəkili, akademik Yaqub Mahmudovun təşəbbüsü ilə "Azərbaycan Alban Kilsəsi"nin bərpa məsələsinin aktuallaşdığı bir zamanda erməni strateji mərkəzləri ləngimədən Dağıstanda fəallaşmağa başladılar. Söhbət Çar Rusiyası tərəfindən 1836-cı ildə verilmiş "Alban Avtokefal Kilsəsi"nin ləğvi barədə düşüncəsiz, yanlış və Rusiyanın özünə qarşı ziyanlı olan (bunu o vaxtkı ağıllı ruslar "bir az gec" dərk etmişdilər) qanunsuz qərara yenidən baxılması, Qafqazda ermənilərin ekspansionist kilsə siyasətinin və bunun fonunda torpaq iddialarının qarşısını almaq deməkdir. Heç olmasa, bu məsələdə Gürcüstanı örnək almaq gərəkdir.
Uzun müddət yanlış olaraq Alban kilsəsinin yunan ortodoks kilsəsinin tərkib hissəsi olması və onun tabeliyində fəaliyyət göstərməsi iddiaları sübut olunmur. Aparılan araşdırmalarda bəlli olur ki, bu kilsələr və maddi-mədəniyyət abidələri daha çox qədim türklərin Tanrı kultu və protoxristian inanclarının uzlaşdığı böyük bir düşüncə zəminində formalaşmışdır.
Dərbənd şəhər sakinləri Məhəmməd Quluyev və Kamil Qüdrətovun ailəsində hələ 19-cu yüzildən qorunub saxlanan Dərbənd və Nügədidəki Alban kilsələrinə məxsus yazılı daş kitabələrdə bu sözlər həkk olunub:
"Atamız kim köktesin. Alqıslı bolsun senin atın kelsin, kelsin senin xanlığın, bolsun senin tilemektin - neçik kim kökte, alay (da) yerde. Kündeki ötmegimizni bizge bugün bergil. Dağı yazuqlarımıznı bizge boşatqıl - neçik biz boşatırbız bizge yaman etkenlerge. Dağı yeknin sınamaqına bizni quurmagil. Basa barça yamandan bizni qutxargil. Amen!"
Dərbənd və Nügədidə olduğumuz zaman yerli sakinlər bizə bildirdi ki, ermənilər bu cür yazılı daş kitabələri ötən yüzilin 70-ci illərindən başlayaraq daşıyıb aparırdılar. Bu azmış kimi son 20 ildə avar və ləzgilərə məxsus ictimai-siyasi təşkilatlar Azərbaycana qarşı separatçı siyasətin tərkib hissəsi kimi həmin tarixi abidələrin türklərə deyil, daha çox bu toplumların abidəsi, mədəni mirası olaraq dəyərləndirilməsi iddiasını irəli sürmüşlər. Bütün bunlar azmış kimi həmin separatçı çevrələr Azərbaycanın Şəki, Zaqatala, Qax, Balakən, İsmayıllı, Oğuz, Qəbələ, Quba rayonlarındakı qədim Alban tarixini öz adlarına çıxmaqla bir sıra qeyri-ciddi "elmi" əsərlər də yazıblar. Hətta 4-cü yüzildən 18-ci yüzilə qədər Qafqaz, xüsusilə də Dağıstanda guya Avarıstan və Ləzgistan dövlətlərinin mövcud olması barədə uydurma kitabların nəşri geniş yayılıbdır. Həmin əsərlərdə bu dönəmdə Qafqazda üç topluma məxsus "əzəmətli dövlətlərin" olması xarakterizə olunur. Bunlar "Ermənistan", "Avarıstan" və "Ləzgistan"dır.
Musa Kalankatuklu isə VI yüzildə başqa sözlər yazır, o yazır ki, bütün Xəzərətrafı məbədlərdə dini kitablar hunların (türklərin) dilində yazılırdı. Elə bu faktı o dövrdə yaşamış Musa Xorenli də öz əsərlərində təsdiq edir..
|
|
|
Oxşar xəbərlər:
Bakı-Tümen dəmiryolu xəttində parlayış
Xraxoba kəndi boşalır
Dərbənddəki varlığımıza qarşı mənhus planlar
Dərbənddə antitürk ehtirasları
Dağıstan üzərindən ölkəmizə gizli təhdidlər
|
|
|