Ermənistan beynəlxalq pulköçürmə sistemlərindən Azərbaycanın işğal olunmuş ərazilərində də işləməyi tələb edir. Bu barədə beynəlxalq pulköçürmə ilə məşğul olan Rusiya şirkətlərindən birinin məsul nümayəndəsi bildirib. Onun sözlərinə görə, Ermənistan həmin şirkətlərin qarşısında Dağlıq Qarabağ ərazisində də fəaliyyət göstərməyi şərt kimi qoyur, əks halda, ölkəyə buraxmayacağını bildirir.
Xatırladaq ki, ötən il Azərbaycanın işğal altında olan ərazilərində pulköçürmələr həyata keçirdiyi üçün "Migom" sisteminin ölkə ərazisində fəaliyyəti Mərkəzi Bank tərəfindən dayandırılıb. Bu ilin aprelindən Azərbaycanda fəaliyyətini bərpa edən "Migom" pulköçürmə sistemi Azərbaycanın işğal altında olan ərazilərinə pulköçürmələrin bir daha baş verməməsi üçün ciddi tədbirlər görür. Bu barədə "Migom"un pulköçürmələr departamentinin direktoru Azad Taktarov bildirib.
Qeyd edək ki, sonradan bu problemləri həll etdiyinə və həmin ərazilərdə fəaliyyətini tam dayandırdığına görə ölkə ərazisində "Migom" sisteminin fəaliyyətinə icazə verilib. Sistemin vaxtilə işğal olunmuş ərazilərdə fəaliyyət göstərməsinin səbəbləri ilə bağlı suala cavab verən Azad Taktarovun sözlərinə görə, şirkət indi bu məsələni ciddi nəzarətdə saxlamağı qərara alıb:
"Çünki bu, nə Azərbaycan banklarının, nə də bizim sistemin maraqlarına cavab verir. Biz bununla bağlı öhdəlik götürmüşük ki, Azərbaycan banklarının da biznesi ziyan çəkməsin".
Azad Taktarov iddia edir ki, "Migom"un Azərbaycanın işğal olunmuş ərazilərində pulköçürmələrlə məşğul olması şirkətin həmin ərazilərdəki yaşayış məntəqələrinin adlarını səhv salması və ya dəqiq bilməməsinin nəticəsi olub: "Biz Dağlıq Qarabağ ərazisini yaxşı tanıyırıq, amma orda digər yaşayış məntəqələri də varmış. Əgər bu məsələdə Azərbaycan tərəfi bizə kömək etsə, yaxşı olar. Çünki həmin ərazilərdəki coğrafi və yaşayış məntəqələrinin adlarını dəqiq təsəvvür etmək çətindir".
Qeyd edək ki, Azərbaycan tərəfi işğal olunmuş ərazilərdə hər hansı şirkətin istənilən fəaliyyətlə, o cümlədən pulköçürmə ilə məşğul olmasına sərt nəzarət edir. İndiyədək işğal olunmuş ərazilərdə fəaliyyət göstərdiyinə görə bir neçə köçürmə sisteminin Azərbaycanda fəaliyyəti yasaq edilib. Bu şirkətlər yalnız işğal olunmuş ərazilərdə fəaliyyətlərini dayandırandan sonra onlara Azərbaycanda işləməyə izin verilib.
|