Son üç ildə ölkədə ÜDM-nin artım tempinin düşdüyü müşahidə edilməkdədir. DSK-nın rəqəmlərinə görə, 2008-ci ildə ÜDM-in artım tempi 10,8%, 2009-cu ildə 9,3%, 2010-cu ildə isə 5% təşkil edib. Onu da qeyd edək ki, 2011-ci ilin birinci yarısında ölkədə ÜDM 0,9 faiz artıb. Bu göstərici əvvəlki dövrlə müqayisədə az olub.
BVF-nin proqnozlarına əsasən, növbəti 3 ildə də Azərbaycanda iqtisadi artım sürəti zəifləyəcək: 2011-ci ildə ÜDM 2,8%, 2012-ci ildə isə 2,5%,-dən çox artmayacaq. Yəni bu artım tempi 2010-cu ildəki 5%-lik və 2009-cu ildəki 9,3%-lik artım tempi ilə müqayisədə çox aşağı göstəricidir.
2011-2012-ci illər üzrə adambaşına düşən ÜDM müvafiq olaraq 1,7% və 1,4% təşkil edəcək. Beləliklə, Azərbaycan iqtisadi artım tempinə görə MDB dövlətləri arasında ən aşağı göstəriciyə malik olacaq. Belə ki, 2011-2012-ci illərdə Rusiyada artım tempinin 4,6%, Qazaxıstanda 5,8%, Türkmənistanda 7,7%, Gürcüstan və Ermənistanda isə müvafiq olaraq 5,1% və 4,4 % olacağı proqnozlaşdırılır. MDB üzrə orta artım tempi isə 5% proqnozlaşdırılır.
Ekspert Xalid Mikayılovun sözlərinə görə, Dünya Bankının Azərbaycanla bağlı göstəricilərində 2011-2012-ci illər üzrə bu rəqəm 3,9 faiz göstərilib:
"Azərbaycanda ÜDM-nin artım tempinin düşdüyü bir neçə faktorla izah oluna bilər. Neft hasilatı daha əvvəlki templə artmır. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb. DSK-nın rəqəmlərinə görə, 2011-ci ilin ilk 5 ayında ölkədə 20 milyon ton neft, 10,7 milyard kubmetr qaz hasil olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 5,2% azalıb, qaz hasilatı isə 48,6% artıb. 2010-cu ildə ÜDM strukturunda neft sektorunun payı 55,6%, qeyri-neft sektorunun payı isə 44,4% təşkil edib. Neft sektorunun artım tempi 1,8% təşkil etdiyi halda, qeyri-neft sektorunun artım surəti 7,9% olub".
İqtisadçı qarşıdakı illərdə də hasilatda azalma gözlənildiyini deyir. Hesab edilir ki, 2013-cu ildən neft hasilatında kəskin azalma baş verəcək. Hətta 2016-cı ildə neft hasilatı illik olaraq 200 milyon barelədək azalacaq. Bu onu göstərir ki, ölkənin xarici ticarəti, xüsusilə xarici ticarətdə müsbət saldonun əldə edilməsi çox yaxın zamanlarda problemlə üzləşə bilər.
ÜDM strukturunda sənayenin payı 52,6%, xidmət sektorunun isə 27,4% təşkil edir. Ekspertin sözlərinə görə, ümumi daxili məhsulun əsas hissəsini təşkil edən sənayenin tərkibində mədənçıxarma sənayesinin payı 45,6%-ə çatır:
"Bu da əsasən neft və qaz hasilatından ibarətdir. Emal sənayesinin payı 5,4%-dir ki, onun da 2,6%-ni neft məhsullarının istehsalı təşkil edir. Rəqəmlərdən göründüyü kimi, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı yüksək olaraq qalmaqdadır. Qeyri-neft sektorunun payı ümumi daxili məhsulun təqribən yarısına bərabər olsa da, burada əsas paya malik olan xidmət sektoru və tikinti sektoru dolayı yolla neft gəlirlərinin büdcə vasitəsilə dövlət investisiyalarına yönəldilməsi hesabına artmaqdadır".
X.Mikayılov gələcəkdə ÜDM-in neftdən asılı olmadan stabil inkişaf tempinə malik olması üçün ixraca yönəlik, real sektorun inkişafını təmin edən addımlar atılmasını vacib sayır. Onun fikrincə, dayanıqlı və uzunmüddətli artımın təmin edilməsi, rəqabətə davamlı məhsul istehsalı və yeni texnologiyaların tətbiqi az önəm kəsb etmir. Bundan başqa, rəqabətə davamlı məhsul istehsalı üçün iqtisadiyyata həm daxili, həm də xarici investisiyaların cəlb edilməsi lazımdır.
İqtisadçı hesab edir ki, daxili investisiyaların mənbəyi kimi əsasən əhalinin yığımları çıxış edə bilər. Yığımları investisiyalara yönəltmək üçün inkişaf etmiş maliyyə vasitəçilərinin və maliyyə bazarının olması çox vacibdir. Çünki uzunmüddətli maliyyə alətlərinin tətbiqi hələ də məhduddur:
"Dövlət və korporativ borc qiymətli kağızlarının həcmi kiçik və qeyri-likviddir. Maliyyə vasitəçiliyi yalnız kommersiya bankları tərəfindən həyata keçirilir, bu da yığımların böyük həcmlərdə investisiyalara yönəldilməsinin qarşısını alır. Maliyyə bazarları eyni zamanda xarici investorların ölkə iqtisadiyyatına sərmayə qoymasını sürətləndirən amillərdən biridir. Belə ki, maliyyə bazarları vasitəsilə ölkəyə həm də dolayı investisiyalar axa bilər ki, bu da öz növbəsində investisiyalar üçün sərbəst vəsaitlərin həcmini artıra bilər. Hazırda əhalidən cəlb olunmuş yığımların ÜDM-ə nisbəti 5%-dən çox deyil ki, bunu da optimal göstərici hesab etmək olmaz".
|