Bu gün Rio-de-Janeyroda 2014-cü il dünya çempionatının püşkatmasıdır. Ölkəmizi mərasimdə AFFA baş katibi Elxan Məmmədov və milli komandanın baş məşqçisi Berti Foqts təmsil edir. Mərasimə 106 federasiyanın nümayəndəsi, o cümlədən 38 milli komandanın baş məşqçisi dəvət alıb. Dəvət olunanlar arasında Foqtsla yanaşı, dünya futbolunda adla tanınan baş məşqçilər - son mundialın qalibi Visente del Boske (İspaniya), gümüş mükafatçısı Vert van Marveyk, habelə Fabio Kapello (İngiltərə), Loran Blan (Fransa), Çezara Prandelli (İtaliya), millimizin qrupda rəqibi olan Türkiyə yığmasının hollandiyalı çalışdırıcısı Qus Hiddink də var.
Azərbaycan yığmasının 2014-cü ildə dünya çempionatının seçmə mərhələsində taleyini Ronaldo müəyyənləşdirəcək. Belə ki, püşk zamanı Avropa zonasına aid səbətdən şarları "Yekədiş" ləqəbi ilə tanınan 35 yaşlı hücumçu və "Flamenqo" klubunun 16 yaşlı yarımmüdafiəçisi Adrian çıxaracaq. Qeyd edək ki, Braziliya millisinin heyətində 2 dəfə dünya çempionu olan və karyerasında çoxlu mükafatlar qazanan Ronaldo dünya çempionatının final mərhələlərində ən çox qol vuran futbolçu kimi rekordçudur. 2014-cü il dünya çempionatının seçmə mərhələsinin püşkatmasından əvvəl səbətlərin tərkibi müəyyənləşib. Azərbaycan millisi Ermənistan kimi eyni - V səbətdə yer alıb. Bununla da, FİFA və UEFA bu iki ölkənin təmsilçilərini bir qrupa salmayacağını təsdiqləyib. I səbət: İspaniya, Hollandiya, Almaniya, İngiltərə, Portuqaliya, İtaliya, Xorvatiya, Norveç, Yunanıstan. II səbət: Fransa, Çernoqoriya, Rusiya, İsveç, Danimarka, Sloveniya, Türkiyə, Serbiya, Slovakiya. III səbət: İsveçrə, İsrail, İrlandiya, Belçika, Çexiya, Bosniya və Herseqovina, Belarus, Ukrayna, Macarıstan. IV səbət: Bolqarıstan, Rumıniya, Gürcüstan, Litva, Albaniya, Şotlandiya, Şimali İrlandiya, Avstriya, Polşa. V səbət: Ermənistan, Finlandiya, Estoniya, Kipr, Latviya, Moldova, Makedoniya, AZƏRBAYCAN, Farer adaları. VI səbət: Uels, Lixtenşteyn, İslandiya, Qazaxıstan, Lüksemburq, Malta, Andorra, San-Marino. Millimiz Ermənistanla "Avro-2008"in seçmə mərhələsində bir qrupa düşsə də, o vaxt görüşlərin neytral meydanda keçirilməsi ilə bağlı tərəfləri razı sala bilməyən UEFA oyunları ləğv etdi. Bundan sonra artıq üçüncü seçmə mərhələdir ki, bədnam qonşularımızla bir qrupa düşməyəcəyimiz dəqiqləşib.
Rio-de-Janeyroda Cənubi Amerika istisna olmaqla, 6 konfederasiyadan beşində seçmə mərhələnin qrupları müəyyənləşəcək. Püşkə əsasən, Avropanın 53 yığması 9 qrupa bölünəcək. Seçmə mərhələ gələn il sentyabrın 7-də start götürəcək və 2013-cü il noyabrın 19-da yekunlaşacaq. Final mərhələsi 2014-cü ildə iyunun 12-dən iyulun 13-dək Braziliyada keçiriləcək.
Yeri gəlmişkən, dünən dünya çempionatının final oyununun keçiriləcəyi məkan da təsdiqlənib. Bu məlumatı yarışın baş katibi Cerom Valke verib. O bildirib ki, final oyunu 1950-ci ildə olduğu kimi, yenə Rio-de-Janeyronun "Marakana" stadionunda keçiriləcək. Püşkatma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və 30 dəqiqə çəkəcək.
|