Şərqi Azərbaycan əyalətinin sənaye və təbii ehtiyatlar idarəsinin rəisi Müsafiri bildirib ki, Şərqi Azərbaycanın mədən və iqtisadi ehtiyatları İranın neft ehtiyatlarına bərabərdir. O, əlavə edib ki, bu əyalətin mineralları bir sıra hallarda keyfiyyət baxımından dünyada taysızdır:
"Bütün bunlar Şərqi Azərbaycanın böyük iqtisadi potensialının olduğunu göstərir. Sərmayə qoyulacağı təqdirdə biz İranın iqtisadi mənzərəsini tamam dəyişə bilərik".
Müsafirinin sözlərinə görə, Şərqi Azərbaycan qızıl, gümüş, qurğuşun, dəmir, uran, daş kömür və s. əlvan metallar, minerallarla zəngindir: "Bu var-dövləti görən hər bir mütəxəssis heyrətini gizlədə bilmir". O, Azərbaycanın məhsuldar, əkinçilik üçün yararlı torpaqlarından da danışaraq, bölgənin torpaqlarını "qızıl" adlandırıb.
"Iran News" xəbər verir ki, Qərbi Azərbaycan əyalətindəki Zərşoran qızıl yatağı hasilat layihəsinin icraçı direktoru Hüseynəli Kevanlu deyib ki, bu yataq, özəlliklə Tikab rayonu önəminə görə İranda qızıl istehsalı üzrə birinci mərkəz olacaq.
İcraçı direktorun sözlərinə görə, həmin rayonun "Ağdərə" kombinatında ildə 1,5-2 ton qızıl istehsal edilir. H.Kevanlu qeyd edib ki, Zərşoran yatağından 3 ton qızıl, 250 kq gümüş istehsalı planlaşdırılıb. Bu məqsədlə tikiləcək kombinat 2012-ci ilin dekabrında istismara verilməlidir.
|