Təbriz İncəsənət Festivalında açılmış sərgidə Azərbaycan türkləri təhqir olunub. Sərgidə antiazərbaycan və antitürk mövzulu karikaturalar nümayiş etdirilib (APA). İranın Mədəniyyət və İslamı İrşad Nazirliyi, İslam İnqilabı Keşikçiləri Korpusu və "31 aşura ordusu" təşkilatı tərəfindən Təbrizin Xaqani parkında təşkil olunmuş bu festivalda "Oyaq Azərbaycanın mədəni və siyasi tarixi" adlı köşkdə nümayiş olunan karikaturalarda milli haqlarını tələb edən Azərbaycan türklərinin hərəkatı, Azərbaycan Respublikası, Vahid Azərbaycan ideyası, boz qurd totemi və digər milli atributlar təhqir olunub.
Başqa bir xəbərə görə, Təbriz məhkəməsində 12 azərbaycanlı fəal bəraət alıb. Bu barədə "Amerikanın səsi" radiosu məlumat yayıb ("Turan"). Radio bəraət qazanan 12 fəalın siyahısını açıqlayıb: Sabir Cahani, Səyid Cahani, Əta Kərimi, Ərsalan Zareyi, Abdullah Zareyi, Hüseyn Nəsiri, Mürtəza Əvəzpur, Məhəmməd Təbrizi, Yavər Camali, Məhəmməd Məhəmmədli, Tayyib Lütfi, və Mehdi Əjdəri. Bu 12 nəfərin hamısı İran Azərbaycanında insan haqları, dil və mədəni azadlıqlar uğrunda çalışır.
Siyasi fəalları Təbrizin ETTELAAT idarəsi "Azərbaycanlı siyasi qrupların xeyrinə təbliğat aparmaqda" ittiham edib. Onlar uzun müddət birnəfərlik kameralarda saxlanıb, dəfələrlə sorğu-sual edilib və sonda mühakimə üçün Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsinə göndərilib.
Bir müddətdir ki, İran Azərbaycanında kütləvi mühakimələr bərpa olub. İranda kütləvi mühakimələr nəticəsində nadir hallarda bəraət qərarı verilir. Məhkəmənin qərarına əsasən, 20 gün ərzində ETTELAAT idarəsi və ya prokurorluq bəraət hökmünə qarşı etiraz verə bilər.
|