Prezident Mahmud Əhmədinejad Şərqi Azərbaycan əyalətinin Şəbüstər şəhərinə səfər edib. Orada "Həvari" adlı aqrar-sənaye kompleksinin açılışına qatılıb. Müəssisənin ümumi sahəsi 2 min 13 hektardır. Kompleksdə 15 min baş südlük inək cinsi saxlanılır. Bu məqsədlə tikilmiş fermaya 45 milyon dollar xərclənilib. "Həvari"nin 350 hektarında pamidor, şəkər çuğunduru və qarğıdalı əkilməsi planlaşdırılır. Orada ev quşları və qaramal üçün yem, süd zavodu, tomat istehsalından ötrü sexlər də tikilməkdədir. Quşçuluq fabrikinin inşasına başlanılıb.
Bolsulu Araz çayının Güney yaxasında yerləşən Muğanda 2,6 min hektarlıq başqa bir aqrar-sənaye kompleksi mövcuddur. Bu kompleks "Muğan" adlanır. Onun əsas idarəsi Ərdəbil əyalətindən 220 km quzeydə yerləşən Parsabad (buranın əsl adı Muğandır) şəhərindədir. Rəsmi rəqəmlərə görə, oranın əhalisinin sayı 200 min nəfərdir. Hakimiyyət bu dövlət müəssisəsinin torpaqlarını yerli əhalidən zor gücü ilə dartıb alıb. Bir neçə il öncə orada İnqilab Keşikçiləri Qvardiyasının hərbçiləri torpağını vermək istəməyən yerli çobanı güllələmişdilər.
Tehran Güney Azərbaycan torpaqlarında bir-iki layihə gerçəkləşdirəndə, "farsdilli" əyalətlərdə - İsfahan, Fars, Şirazda ondan çoxunu həyata keçirir. Ancaq oralarda nə adamlar güllələnir, nə də yerli sakinlərin pay torpaqları zorla əllərindən alınır... İran rəhbərliyi bu kimi gözə kül üfürən layihələrlə Güney Azərbaycan türklərini, bir qədər açıq desək, "özünə işlətmək" istəyir.
"İRNA"nın məlumatına görə, ölkə prezidenti Şəbüstərdə deyib: "Şərqi Azərbaycanın əhalisi İranın həyatında çox önəmli rol oynayır. İslam Respublikasının qurulmasında, ayaq üstə durmasında sizlərin sədaqəti, etibarı, inamı və fədakarlığı yaddan çıxmayacaq. İranın müstəqilliyiində, şöhrətlənməsində Şərqi Azərbaycan əyalətinin əhalisi özlərin fəda etməkdən çəkinmir".
Əhmədinejad prezidentliyi dövründə Qərbi Azərbaycan əyalətinə beşinci dəfə səfər edib. Bu səfərlər artsa da, Urmiya gölünün qurumasının əlacı hələ də tapılmayıb. Baxmayaraq ki, prezident yanında komissiya yaradılmışdı.
İran prezidenti ötən həftənin sonunda Ərdəbil əyalətinə də səfər etmişdi. Orada da azərbaycanlıları tərifləyib. Hakimiyyəti bölgənin problemləri ilə məşğul olurmuş kimi göstərməyə çalışıb.
Bu ucuz təriflərinin şübhəsiz bir səbəbi olmamış deyil. Görünür, İran rejimi hakimiyyətin qorunması üçün illər uzunu türklərə qarşı köklədiyi ermənilərdən və terrorçu kürdlərdən beli bərk deyil. Ona görə də zənn edir ki, onu dar macalda yenə türklər dəstəkləyər. Odur ki, bu canfəşanlıq əbəs görünmür...
|