Dünən Milli Mətbuat Günündə bir qrup jurnalist Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi, müstəqillik dövründə azad medianın yaradıcısı Nəcəf Nəcəfov, "Monitor" jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynov, ölkənin müstəqilliyi uğrunda döyüşlərdə həlak olmuş jurnalistlər, Milli Qəhrəmanlar Salatın Əsgərova, Alı Mustafayev, Çingiz Mustafayev, Kazımağa Kazımov və digərlərinin məzarlarını ziyarət edib, gül dəstələri qoyublar.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov bildirib ki, ölkədə media azadlığı boğulur, jurnalistlər fiziki təzyiqlərə məruz qalır. O deyir:
"Media əsasən hökumətin nəzarətinə keçib. Azad və müxalifət mediasının jurnalistləri isə təzyiqlərlə üzləşir. 2005-ci il martın 2-də qətlə yetirilmiş "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin Gürcüstanda olduğu iddia edilir, lakin onlar tutulub gətirilmir. İstintaq orqanları E.Hüseynovun Gürcüstanda yaşayan qatillərinin həbs edilməsinin problem olduğunu deyir, lakin bu günlərdə "Azər-Ross" şirkətində qətl törədərək Gürcüstanda gizlənmiş adamları bir-iki günün içində həbs edib ölkəyə gətirdilər".
Çıxışlarda Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov kimi ziyalılar Azərbaycan xalqının cəmiyyəti irəli aparan mühüm şəxsləri kimi xarakterizə edilib. "Həsən bəy Zərdabi Azərbaycan xalqının vicdan səsi idisə, Nəcəf Nəcəfov müasir jurnalistikanın ədalət simvoludur", - deyə "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qeyd edib.
Ekstremal Jurnalistika İnstitutunun sədri, jurnalist İdrak Abbasov isə bu günlərdə iki yerli təşkilatın medianın durumu ilə bağlı hesabat açıqladığını və Azərbaycanda medianın durumunun heç də ürəkaçan olmadığını qeyd edib.
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı isə jurnalistlərə və qəzetlərə qarşı yenə də məhkəmələr vasitəsilə basqıların mövcudluğunu və bunun narahatedici olduğunu qeyd edib.
|