Təhsil naziri Misir Mərdanov "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanunun icrası ilə bağlı əmr imzalayıb. Əmrə əsasən, təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin siyahısı hazırlanaraq rəhbərliyə təqdim ediləcək. Eyni zamanda təhsil sahəsinin inkişafında xüsusi xidmətləri olan 65 yaşına çatmış işçilərin çalışma müddətinin qanunda nəzərdə tutulmuş müddətdən artıq uzadılması ilə əlaqədar təkliflər də hazırlanacaq.
Əmrdə təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması üçün meyarlar müəyyənləşdirilib. Həmin meyarlara son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqası ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması daxildir.
Əmrə əsasən, Bakı Şəhər Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə tapşırıq verilib ki, müəyyənləşdirilmiş meyarlar nəzərə alınmaqla təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması ilə əlaqədar məsələləri qanunvericiliyə uyğun həll etsinlər və nəticələr barədə TN-ə məlumat versinlər. Onlar təhsil müəssisələrində 65 və ondan yuxarı yaş həddində olan təhsil işçilərinin siyahısını hazırlayacaq, əmək məzuniyyətindən qayıtdıqdan sonra onlarla bağlanmış əmək müqaviləsinin ləğvi ilə əlaqədar tədbirlər həyata keçirəcək, nəticəsi barədə siyahılar təqdim edilməklə TN-ə məlumat verəcəklər.
Əmək müqaviləsi ləğv olunmuş pedaqoji işçilərin dərs yükləri mövcud normalara uyğun olaraq ixtisaslı digər müəllimlər arasında bölüşdürüləcək.
M.Mərdanov "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklərin icrası haqqında da əmr imzalayıb. Əmrə əsasən, Təhsil Nazirliyinin Mərkəzi Aparatında və yerli təhsili idarəetmə orqanlarında yaş həddi 65-ə çatmış dövlət qulluqçularının siyahısı hazırlanaraq rəhbərliyə təqdim ediləcək. Nəzərdə tutulmuş meyarlar nəzərə alınmaqla yerli təhsili idarəetmə orqanlarının təklifləri əsasında 65 yaşına çatmış dövlət qulluqçularının dövlət qulluğunda olma müddətinin uzadılması ilə bağlı təkliflər hazırlanacaq.
Təhsil şöbələrinə tapşırıq verilib ki, müəyyənləşdirilmiş meyarlar nəzərə alınmaqla 65 və ondan yuxarı yaş həddində olan dövlət qulluqçularının dövlət qulluğunda olma müddətinin uzadılması ilə bağlı təkliflərini hazırlayıb 10 gün ərzində nazirliyə təqdim etsinlər. Sonrakı mərhələlərdə onlar müddətin təkrar uzadılması ilə bağlı təkliflərini 1 ay əvvəldən hazırlayıb nazirliyə təqdim edəcəklər.
|