Azərbaycanda ifadə azadlığı ilə bağlı vəziyyət ağır olaraq qalır. Bu barədə Media Hüquqları İnstitutunun (MHİ) 2011-ci ilin birinci yarısına dair hesabatında bildirilir.
"Təəssüf ki, 22 iyul - Milli Mətbuat Günü bayram olsa da, ölkədə bu heç də hiss olunmur". Bunu MHİ direktoru Rəşid Hacılı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində hesabatın təqdimatı zamanı bildirib.
O qeyd edib ki, ölkədə milli mətbuatın hiss edilməsi üçün ilk növbədə fikir azadlığı olmalıdır. MHİ-nin uzun illər bu istiqamətdə apardığı monitorinqlərə görə, ölkədə jurnalistlərin hüquqi durumu, peşə fəaliyyəti, söz azadlığı ilə bağlı vəziyyət gərgin olaraq qalır.
MHİ əməkdaşı Xalid Ağaliyev bildirib ki, hesabatda ifadə azadlığı hüququnun qanunvericilik çərçivəsi, məhkəmə işləri, jurnalistlərə fiziki, psixoloji basqılar, bilgi azadlığı, internetdən ifadə azadlığı və teleradio düzənlənməsi haqqında analizlər yer alıb.
Onun sözlərinə görə, ötən yarım ilin ən böyük olayı həbsdə olan jurnalist Eynulla Fətullayevin azadlığa çıxmasıdır. "Həbsdə jurnalist yoxdur. Buna baxmayaraq, gənclərə qarşı siyasi həbslər başlanıb",- X.Ağaliyev vurğulayıb. O qeyd edib ki, hesabatda "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin üstünün hələ də açılmaması ilə bağlı məsələ də yer alıb.
Sosial şəbəkələrdə daha çox fəallığı ilə seçilən AXCP üzvü Cabbar Savalanlı, gənc fəal Bəxtiyar Hacıyevin barəsində hökmlər məhkəmə işləri bölümündə yer alıb. "Ümumilikdə məhkəmə işləri bölümünə əsasən, ifadə azadlığı ilə bağlı 27 məhkəmə davası davam edib. Həmin məhkəmə işlərindən 11-i son yarım ildə açılıb", - deyə MHİ əməkdaşı əlavə edib.
Sözügedən məhkəmə işlərində jurnalistlərə qarşı iddia və şikayətlərin əksəriyyətini "ictimai fiqur" statuslu şəxslər qaldırıb.
Məhkəmə bölümündə təzminat işlərinə gəlincə, yazılara görə məhkəməyə çəkilən jurnalistlərdən 630 min AZN-dən artıq təzminat istənilib, 6 jurnalistə cinayət cəzası verilməsi tələb olunub. Ən çox təzminat verilməsi "Xural" qəzetinin payına düşür.
X.Ağaliyev jurnalistlərə fiziki, psixoloji təzyiqlərin davam etdiyini bildirib. Belə ki, 50-dən çox jurnalist basqıya məruz qalıb. Bu basqılar arasında ən qalmaqallı olanı Azərbaycana gələn 6 əcnəbi jurnalistin fiziki təzyiqlə üzləşməsidir. Jurnalistlər əsasən kütləvi aksiyalardan, açıq toplantılardan məlumat alarkən təzyiqə məruz qalıblar. 3 isveçli və 1 alman jurnalist Azərbaycandan qanunsuz deportasiya edilib, iki əcnəbi jurnalist döyülüb. Onların işi barədə cinayət işi açılıb.
Bilgi azadlığı bölümü barədə məlumat verən MHİ-nin əməkdaşı bildirib ki, bu sahədə də vəziyyət ürəkaçan deyil. Belə ki, bilgi sorğuları əsasən Milli Məclisə, məhkəmələrə, icra hakimiyyətlərinə, BŞİH, nazirliklərə, banklara göndərilib. Bilgi sahibləri 147 sorğunun 56-na cavab veriblər.
Yarım ildə İnternet azadlığı sahəsində geniş tendensiya olmayıb. Bölgələrdə İnternetin surəti və servis səviyyəsi aşağıdır. Mətbu nəşrlər üçün keçərli olan hüquq və azadlıqlar, məhdudiyyətlər İnternetdə də eyni qaydada tətbiq edilir.
Ölkə əhalisinin bilgilərə əsas çatım vasitəsi televiziya və radiodur. Ancaq milli teleradiolar bu tələbatı ödəmək gücündə deyil. Belə ki, MTRŞ-nin boş tezliklər barədə keçirdiyi müsabiqə çoxlu qanun pozuntuları ilə müşayiət olunub.
Hesabatda ifadə azadlığı ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün tövsiyələr əksini tapıb. Bundan ötrü maarifləndirmə tədbirləri aparılmalı, qanunvericilik təkmilləşdirilməsi, şəffaf prosedurlar təmin olunmalıdır.
Qeyd edək ki, bir gün öncə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu da bu ilin 6 ayına dair hesabatını açıqlamışdı və demək olar, hər iki təşkilatın açıqladığı hesabat təxminən eynilik təşkil edir.
|