İran hakimiyyəti yeni-yeni ideyalar irəli sürməkdədir. Bir müddət öncə ölkə rəsmiləri Avropa Birliyinə oxşar "Asiya dövlətləri birliyi" ideyasını irəli sürmüşdü. Qeyri-ciddi, hətta "ölü doğulan" ideya idi. Ona görə ki, zaman, məsələn, Afrika Dövlətləri Birliyi və başqa bu sayaq qurumların faydasız olduğunu çoxdan sübuta yetirib. Bunlara dünyada "danışıb-dağılışan" qurumlar deyilir.
Tehran mövcud İqtisadi Əməkdaşlıq Təşkilatında (EKO - İƏT) da müəyyən mənada "lider" rolunu oynamağa çalışır. Xarici işlər naziri Ələkbər Salehi bildirmişdi ki, İƏT-i "əsas layihələr"də "başlıca danışıqlar" mərkəzinə çevirmək gərəkdir. Onun sözlərinə görə, qurum iri iqtisadi layihələrə başlamalı, üzv ölkələrin hər biri bu kimi proqramlara öz töhfəsini verməlidir. Salehi demişdi:
"İƏT bölgəsi dünya iqtisadiyyatının ürəyidir. Odur ki, üzvlər daha konstruktiv fəaliyyət göstərsə, o zaman təşkilatı parlaq gələcək gözləyir".
"Farsdilli" ölkələr düşərgəsi qurmaq istəyi də bunun kimidir. Aydın hiss olunur ki, bu cəhdlər İranın üzləşdiyi beynəlxalq sanksiyalardan doğan iqtisadi və siyasi çətinliklərlə bağlıdır.
Bir neçə ay öncə "əl-Minar" televiziya kanalının redaktoru Xəzər əd-Dirani İranın Qum şəhərində keçirilən "Din, KİV və uşaqlar" forumunda kütləvi informasiya vasitələrində vahid dini proqramla çıxış etmək üçün İslam nəzəriyyəsi hazırlanmasını təklif edib. "Bölgə dövlətlərində baş verənlər KİV-in vacib və təhlükəli bir silah olduğunu təsdiqlədi. Bizim üzərimizə belə bir təsiredici və təhlükəli silahla davranmaq məsuliyyəti düşüb", - deyə redaktor söyləyib. O iddia edib ki, Qərbin KİV-lə bağlı hazırladığı proqramlar "bizim dinimizə və ənənəvi dəyərlərimizə uyğun gəlmir".
O əlavə edir: "Elə buna görə də İslam ölkələri informasiya vasitələri birliyinin katibliyi yanında ixtisaslaşdırılmış bir komitə yaradılmalıdır. Ora islam mütəxəssislərini, bu sahənin psixoloqlarını, islam cəmiyyətlərini, özəlliklə uşaqların tərbiyəsi ilə məşğul olanları dəvət etmək gərəkdir".
Xəzər əd-Diraninin dediklərinə diqqətlə yanaşsaq görərik ki, burada da daha çox Tehranın və özünü bu sayaq aparan rejimlərin mənafeyi müdafiə olunur. "İslam dünyası üçün vahid informasiya siyasəti"nin yürüdülməsində Tehran daha çox düşmən saydığı dövlətlərə (əsasən İsrail və ABŞ-a) qarşı öz təbliğatını aparmaq niyyətindədir. Çünki bu cəbhədə uduzmaqda olduğunun fərqindədir.
Başqa bir cəhd: ayətulla-üzma Hüseyn Nuri-Həmədani müsəlman dünyasında baş verən cinayətlərin araşdırılması məqsədilə xüsusi beynəlxalq məhkəmə yaradılmasını təklif edib. O bu sözləri bir neçə ay öncə Bəhreynə getmək istəyənlər qarşısında çıxışı zamanı bildirib: "Haaqa məhkəməsi əl-Xəlifə (Bəhreyn şeyxi) sülaləsini dəstəkləyir. Halbuki bu məhkəmə onların Bəhreyn xalqına qarşı törətdiyi cinayətləri araşdırmalıdır. Elə buna görə də müstəqil beynəlxalq məhkəmənin yaradılması vacibdir".
Bir sıra cinayətlərin araşdırılması üçün müstəqil məhkəmələrin yaradılması ideyası özlüyündə bəlkə də normal fikirdir. Amma bunu Tehran hakimiyyəti təmsilçilərinin dilindən eşitmək, yumşaq deyilsə, bir az ciddi görünmür. Çünki bu ölkədəki iqtidar üzv olduğu təşkilatın - BMT-nin insan haqları ilə bağlı komissiyasını illər uzunudur İrana buraxmır. Niyə buraxmadığını özləri yaxşı bilirlər.
Bir müddət öncə İran parlamentinin iki üzvü bildirmişdi ki, təmsil etdikləri qurumda islam respublikaları silahlı qüvvələrinin yaradılması layihəsi müzakirə olunur və məsələyə yaxın zamanlarda müsəlman dövlətləri ilə danışıqlarda da baxılacaq. Layihəyə görə, yaranacaq bu ordu müsəlmanlar yaşayan ərazilərə hərbi hücumun qarşısını alacaq. İki islam dövləti bir-biri ilə müharibə etdiyi halda, bu nəzəri ordu sülhməramlı rolunu oynayacaq.
Bu yerdə keçmiş prezident Məhəmməd Xatəminin ölkə parlamenti azlıq fraksiyasının deputatları ilə görüşü zamanı dedikləri yada düşür. Xatəmi demişdi:
"Biz narahatlıqla özümüzdən soruşmalıyıq: "Qurduğumuz bu dövlət quruluşuna islam hakimdirmi? Görəsən, bizdəki islam necə islamdır? Bu islam insan və cəmiyyətin inkişafına uyğun olan insanın öz müqəddəratına hakim olmasını istəyən islamdır, yoxsa elə bir islamdır ki, bunların heç birini qəbul etmir?".
|