Kütləvi informasiya vasitələri üzərində həyata keçirilən monitorinqin nəticələrinə əsasən, 2011-ci ildə ölkənin təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayında kəskin artım hiss olunur. Bu barədə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin hesabatında bəyan edilir.
Sənəddə bildirilir ki, 2011-ci ilin birinci yarımilində Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 48 nəfər təşkil edib. Ötən müddətdə 45 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə döyüş itkiləri (erməni gülləsi) 7 nəfər, qeyri-döyüş itkiləri isə 41 nəfər təşkil edir. 2 nəfər naməlum səbəbdən, 2 nəfər qar uçqunundan, 4 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma və s.), 7 nəfər avtoqəzadan, 6 nəfər xəstəlikdən, 14 nəfərsə qeyri-nizamnamə hadisələrindən dünyasını dəyişib. 6 nəfər intihar edib. Həyatını itirənlərin 45-i Müdafiə Nazirliyinin, 2-si Dövlət Sərhəd Xidmətinin, 1-i isə Daxili Qoşunların hərbi qulluqçusu olub. Yaralılara gəldikdə isə səbəblər belədir: erməni gülləsi - 13, qeyri-nizamnamə hadisələri - 11, avtomobil qəzası - 10, bədbəxt hadisələr - 7, intiharlar - 4.
"Doktrina" mərkəzi xatırladır ki, 2010-cu ildə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda itkilər ən azı 71 nəfər təşkil edib, 71 nəfərsə yaralanıb (xəsarət alıb). Əldə olunan rəqəmlərə görə, ötən il döyüş itkiləri 17 (16 erməni gülləsi, 1-i mina partlayışı), qeyri-döyüş itkiləri isə 54 nəfər təşkil edib. Ötən il 7 nəfər xəstəlikdən, 9 nəfər intihardan, 16 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 15 nəfər təyyarə və avtomobil qəzalarından, 6 nəfər müəmmalı hal nəticəsində, 1 nəfərsə donvurmadan həyatlarını itirmişlər. Araşdırmalara görə, itkilərin 95 faizi Müdafiə Nazirliyinə tabe hərbi hissələrin hərbi qulluqçuları, qalanları isə Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər güc strukturlarına aiddir.
2003-2010-cu illərdə isə Azərbaycan Silahlı Qüvvələri ən azı 465 hərbi qulluqçusunu itirib. Onun 157 nəfəri döyüş (131 nəfəri erməni gülləsi, 22 nəfər mina və sursat partlayışı, 4 nəfər əməliyyat tədbirləri), 308 nəfəri isə qeyri-döyüş (58 nəfər intihar, 60 nəfər qəza, 101 nəfər qeyri-nizamnamə hərəkətləri, 41 nəfər bədbəxt hadisələr, 21 nəfər müəmmalı və naməlum hadisələr, 26 nəfər müxtəlif xəstəliklər və s.) itkiləridir. Ümumilikdə, 2003-cü ildən bəri bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 376 nəfərdən çoxdur.
Qeyd edək ki, itkilərlə bağlı rəqəmlər KİV və EİV üzərində apardığı monitorinq nəticəsində ortaya çıxıb. Lakin araşdırmalar göstərir ki, Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərin bir çoxu mətbuata sızmır və məlumatlara görə, bu rəqəm itkilərin ümumi sayının təxminən 25-30 faizini təşkil edir. Beləliklə, təxmin olunan rəqəmlərə görə, 1994-cü ilin may ayından - Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından bəri Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 3500 nəfərdən artıqdır.
Mərkəz ekspertləri hesab edirlər ki, müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərin xarakteristikası güc strukturları rəhbərlərinin bir sıra addımlar atmasını zəruri edir. İlk növbədə güc strukturlarının cəmiyyət qarşısında hesabatlılığı təmin edilməli, ordu üzərində mülki nəzarət mexanizmləri tətbiq olunmalıdır. Güc strukturları rəhbərliyinin parlament qarşısında hesabatlılığı təmin olunmalıdır. Bununla yanaşı, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin Silahlı Qüvvələrdə baş verən proseslərin aydınlaşdırılmasına yönəlik səlahiyyətləri artırılmalıdır. Güc strukturlarının, xüsusilə də Müdafiə Nazirliyinin informasiya siyasətində dəyişiklik edilməli, KİV əməkdaşlarının və cəmiyyətin informasiya təminatında irəliləyişə nail olunması üçün islahatlar həyata keçirilməlidir.
Ekspertlər hesab edirlər ki, güc strukturlarında baş vermiş insan itkiləri, onların əsl səbəbləri nəticəsində cəzalandırılanların siyahısı informasiya siyasətinə məsul məmurlar tərəfindən aydın şəkildə ictimaiyyətə təqdim olunmalıdır. Güc strukturlarının rəhbərləri əsgərləri bir-birinə qarşı silah qaldırmağa məcbur edən səbəbləri aşkar etməli, problemin kökündən həlli üçün addımlar atmalıdırlar. Xüsusilə də "dedovşina"lığın kökünün kəsilməsində təxirəsalınmaz addımlar atılmalıdır. Müdafiə Nazirliyi rəhbərliyində və SQ-də mümkün vəzifələrin mülkiləşdirilməsinə başlanılmalıdır. Orduda hərbçilər arasında mövcud olan problemlərin aradan qaldırılması işində ciddi tədbirlər görülməlidir. İlk növbədə hərbi qulluqçuların (gizir və zabitlərin) məvacibləri artırılmalıdır. Ordu leytenantının məvacibi 350-400 manatdan deyil, 1500 manatdan başlamalıdır; Silahlı Qüvvələrdə şəxsi heyətin rotasiyası, yerdəyişmə məsələləri diqqətdə saxlanmalıdır. Hərbi qulluqçunun (əsgər, gizir və zabitin) uzun müddət bir bölgədə xidmət etməsi onda hərbi xidmətə marağın azalmasına səbəb ola bilən amillərdən biridir. Hərbi çağırış sisteminin dərindən öyrənilməsinə başlanılmalıdır, şəxsi heyətin hərbi xidmətin ağırlıqları üzrə bərabər bölgüsü vacibdir.
|