UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına yekun vurulub. Qitənin nüfuzuna görə Çempionlar Liqasından sonra ikinci ən səviyyəli turniri olan Avropa Liqasında mübarizə getdikcə qızışır. Bəlli olduğu kimi, bu turnirin birinci təsnifat mərhələsində 50 komanda mübarizəyə qoşulmuşdu. Onlardan yarısı mübarizəni ilk cəhddə dayandırdığı halda, daha güclü bir o qədər kollektiv üçüncü mərhələyə yüksəlmək şansı qazanmışdı. Bu dəfə isə daha 40 komanda yarışla vidalaşdı. Eyni sayda komanda isə mübarizəni üçüncü təsnifat mərhələsində davam etdirmək hüququna yiyələndi. Mübarizəni erkən dayandıran klublar arasında Azərbaycan təmsilçisi AZAL da var. Lakin "Qarabağ"la "Xəzər Lənkəran" növbəti mərhələyə adlamaq şansını saxlamışdılar. Hərçənd təkrar qarşılaşmalar ərəfəsində bu komandaların növbəti mərhələyə vəsiqə qazanmaq imkanları eyni deyildi. Bu, özəlliklə Lənkəran təmsilçisinə aid idi.
Azərbaycan kubokunun son qalibi bir həftə əvvəl keçirilən səfər oyunundan sərfəli nəticə ilə qayıtmamışdı. Təl-Əvivdə 3 qol buraxan "Xəzər Lənkəran" bu qollardan yalnız birinin əvəzini çıxa bilmişdi. Buna görə də Mirça Rednikin komandası mərhələ adlamaq üçün qol buraxmadan rəqib qapısına iki dəfə yol tapmalı idi ki, bunu da etmək asan məsələ deyildi. Təkrar matçda sensasiya olmadı - çoxsaylı fanatları önündə oynayan Lənkəran futbolçuları ümidləri doğrultmadılar. Cənub komandasının çoxsaylı hücum cəhdlərinə rəqib futbolçuları ciddi müqavimətlə cavab verdilər. Beləliklə, bu komandalar arasında təkrar oyun qolsuz heç-heçə ilə bitdi. İki oyunun nəticəsinə əsasən, növbəti mərhələyə gözlənildiyi kimi, Təl-Əvivin "Makkabi" komandası çıxdı. Yeri gəlmişkən qeyd edək ki, Mirça Rednikin "Xəzər Lənkəran"ın tarixinə düşməsi üçün gözəl şansı vardı. Məsələ bundadır ki, "ağ-yaşıllar" bu günə qədər qitəmiqyaslı turnirlərdə nə qələbə qazanıblar, nə də mərhələ adlaya biliblər.
Avropa Liqasının ikinci təsnifat mərhələsində çıxış edən digər komandamız "Qarabağ" da qələbə qazana bilmədi. Amma "Xəzər Lənkəran"dan fərqli olaraq Qurban Qurbanovun komandası üçüncü mərhələyə çıxdı. Bəlli olduğu kimi, Ağdam klubu bu mövsümə elə birinci təsnifat mərhələsindən start verib. Komandamız həmin mərhələdə Litvanın "Banqa" komandası ilə üz-üzə gəlmiş və iki oyunun nəticəsinə görə rəqib qapısına 7 qol vurmaqla, ikinci tura adlamışdı. İkinci təsnifat mərhələsindən isə Qurban Qurbanovun komandası Farer adalarının "Streymur" klubuna eyni aqibəti yaşadıb. İlk oyunda erkən qola imza atmalarına baxmayaraq, Ağdam klubu futbolçuları məhz son saniyələrdə qol buraxmaqla qələbəni əldən vermişdilər - 1:1. Amma bu hesab "Qarabağ"a növbəti mərhələyə yüksəlməyə mane ola bilmədi. "Qarabağ" Tofiq Bəhramov adına arenada 20 minədək azarkeşinə qol sevinci yaşatmasa da, qolsuz bərabərlik komandaya mübarizəni davam etdirməyə imkan verdi.
"Qarabağ" üçüncü mərhələdə artıq daha güclü, adlı-sanlı komanda ilə mücadilə edəcək. Bu, Belçikanın "Brügge" komandasıdır. Futbolçularımız ilk matçını səfərdə keçirəcək.
|