UEFA Çempionlar Liqasının (ÇL) ikinci təsnifat mərhələsinin cavab oyunları arasında Azərbaycan futbolsevərlərini yaxından maraqlandıran bir qarşılaşma da vardı: "Neftçi" - "Dinamo" (Zaqreb).
Son ölkə çempionu "Neftçi" Xorvatiyanın paytaxtı Zaqrebi təmsil edən "Dinamo" ilə münasibətlərinə aydınlıq gətirdi. Xatırlayırıqsa, bir həftə öncə səfərdə keçirdiyi ilk oyunda "flaqman" arzulolunmaz və böyük hesablı məğlubiyyətlə üzləşmişdi - 0:3. Bu səbəbdən də komandamız mərhələ adlamaq üçün rəqibin qapısına ən azı 4 cavabsız qol vurmalıydı. Bu vəzifə kifayət qədər çətin görünürdü. Amma "Neftçi" mərhələ adlaya bilməsə də, ən azı ÇL-lə layiqli şəkildə vidalaşmaq və Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını yaxşılaşdırmaq üçün "Dinamo"nu məğlub etməli idi. Lakin ötən mövsüm Azərbaycan Premyer Liqasının ən güclüsü olan "Neftçi"nin gücü ancaq qolsuz heç-heçəyə çatdı - 0:0.
Zaqreblilərin üstünlüyü şəraitində keçən matçda "Neftçi"nin məğlub olmamağının yeganə səbəbkarı isə Saşa Stamenkoviç oldu. Serbiyalı qolkiper bərbad oyun göstərən komandasını dəfələrlə qoldan xilas etdi.
Qarşılaşma azsaylı fanat ordusunun gözü önündə cərəyan edirdi. Əvvəlki illərdə Respublika stadionunu heç olmasa avrokuboklarda doldurmağa qadir idisə, bu dəfə fanatları da "Neftçi"yə biganə idi. Arenanın təxminən 1/4 hissəsini dolduran tərəfdarlar bərbad oyundan qəzəblənib, ikinci hissə boyu "istefa" deyə qışqırıblar.
Bu oyundan sonra "Neftçi" bir həftəlik istirahətə buraxılıb. Yaxın günlərdə bir araya gələcək komanda yeni çempionatın hazırlığına başlayacaq.
"Neftçi"nin oyunu ilə yanaşı, yarış çərçivəsində daha 11 qarşılaşma vardı. Burada diqqətçəkən əsas məqam favorit klubların hamısının qələbə qazanaraq növbəti mərhələyə adlaması olub. Lakin "Neftçi"ni mübarizədən kənarlaşdıran "Dinamo"nun III təsnifat mərhələsindəki rəqibi Finlandiyanın HİK klubu "Banqor Siti"yə əsl futbol dərsi keçib - 10:0. Bununla belə, HİK-in növbəti mərhələdə "Dinamo"ya necə müqavimət göstərəcəyi indidən böyük maraqla gözlənilir.
Qeyd edək ki, ötən həftə təşkil olunan görüşlərdə favorit komandaların əksəriyyəti böyükhesablı qələbə qazanmışdı. Ona görə də cavab matçlarından bir neçəsi formal xarakter daşıyıb.
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları: "Visla" (Polşa) - "Skonto" (Latviya) (1:0) - 2:0 "Skendiya" (Makedoniya) - "Partizan" (Serbiya) (0:4) - 0:1 "Flora" (Estoniya) - "Şamrok Rovers" (İrlandiya) (ilk oyun 0:1) - 0:0 "Dudelang" (Lüksemburq) - "Maribor" (Sloveniya) (0:2) - 1:3 "Tobol" (Qazaxıstan) - "Slovan" (Slovakiya) (0:2) - 1:1 "Ekranas" (Litva) - "Valletta" (Malta) (3:2) - 1:0 HİK (Finlandiya) - "Banqor Siti" (Uels) (3:0) - 10:0 BATE (Belarus) - "Linfild" (Şimali İrlandiya) (1:1) - 2:0 "Liteks" (Bolqarıstan) - "Moqren" (Çernoqoriya) (2:1) - 3:0 "Torşavn" (Farer adaları) - "Malmö" (İsveç) (0:2) - 1:1 "Viktoriya" (Çexiya) - "Pünik" (Ermənistan) (4:0) - 5:1
APOEL (Kipr) - "Skenderbeu" (Albaniya) (2:0) - 4:0
"Boras" (Bosniya və Herseqovina) - "Makkabi" (Hayfa, İsrail) (1:5) - 3:2 "Breydalbik" (İslandiya) - "Rusenborq" (Norveç) (0:5) - 2:0
"Videoton" (Macarıstan) - "Şturm" (Avstriya) (0:2) - 3:2 "Daçiya" (Moldova) - "Zestafoni" (Gürcüstan) (3:0) - 2:0
Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyunları iyulun 26 və 27-də, cavab qarşılaşmaları isə avqustun 2-də və 3-də keçiriləcək.
|