Urmiya Özəl Universitetindən çıxarılmış Hadi Həmidi-Şəfiqin məhkəməsi olub. Gənc türk 6 ay müddətinə azadlıqdan məhrum edilib və barbar qanunların hökm sürdüyü bu ölkədə 60 şallaqla cəzalandırılıb. Hadi Həmidi-Şəfiq bu il mayın 1-də Təbrizin yerli "Traktor" futbol klubu ilə Qum şəhərinin "Səbaye-Qum" komandası arasında yarış zamanı tutularaq, 16 gün həbsxanada saxlanılmışdı. Mülk girovu qarşılığında zaminə buraxılmışdı.
Təbriz məhkəməsində proses vəkilinin iştirakı olmadan keçirilib. Vəkil sadəcə məhkəməyə buraxılmayıb. Hadi "İranın milli təhlükəsizliyinə qarşı çıxmaqda və asayişi pozmaqda" təqsirli bilinib. Bu gənc milli yönümlü düşüncəsinə görə indiyədək bir neçə dəfə tutulub. Ümumilikdə 17 ay həbsdə saxlanılıb.
GünAzTV-nin məlumatına əsasən, Güney Azərbaycanın Şəbüstər şəhərində adı hələlik açıqlanmayan bir kinooperator tutulub. Operatorun təqsiri bir toya qatılması olub. Həmin toyda bir qrup adam milli Azərbayan rəqsini oynayıb və operator onların bu rəqsini lentə alıb. İşə bax ki, ETTELAAT operatorun sərbəst buraxılması üçün toy yiyələrindən toyun videolentini istəyib. O da bəllidir ki, ETTELAAT-çılar toyu dayandırmağa da cəhd ediblər. Ancaq mərasim iştirakçılarının sərt müqaviməti ilə üzləşdiklərindən bu həyasızlıq baş tutmayıb.
Ötən həftə Tehran hakimiyyəti böyük bir millətin milli faciəsi ilə "oynayıb". Təbriz Bələdiyyəsi şəhərin "Elgölü" parkındakı mədəniyyət sarayında 1945-46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinə, eləcə də o dövrə aid tarixi sənədlərdən ibarət sərgi təşkil edilib. Bu sərgidə qaniçən Məhəmmədrza şahın Azərbaycana hərbi hücumu, Azərbaycan Milli Hökumətini qan içində boğması, ondan sonrakı illərdə Azərbaycan türklərinə qarşı tutulan qanlı divan qələbə kimi təqdim edilib. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin bununla bağlı yaydığı məlumatda bildirilir:
"İndiki İran İslam Respublikası hakimiyyətinin öncəki irqçi rejimlərin Azərbaycan türklərinə qarşı törətdiyi cinayətləri gündəmə gətirərək, bunu farsların qələbəsi kimi təbliğ etməsi onların ortaq düşmənlik mövqeyini sərgiləyir".
|