Ədib "İranın dövlət quruluşu və milli təhlükəsizliyi əleyhinə fəaliyyətdə" suçlanır
İranda türk dilində yazan tanınmış şair-publisist, jurnalist Səid Muğanlıya qarşı ittiham irəli sürülüb. İrandakı mənbələrə istinadən, istintaq orqanı İran İnformasiya və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) Təbriz Şəhər Şöbəsinin təcridxanasında saxlanılan Səid Muğanlını İranın dövlət quruluşu, milli təhlükəsizliyinə qarşı fəaliyyətdə və bu ölkədə fəaliyyəti qadağan olunmuş azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan təşkilatlarla əməkdaşlıqda ittiham edir (APA). Məlumatda o da qeyd olunub ki, bu günlərdə evi ilə telefonla əlaqə saxlayan jurnalist yaxınlarına vəkillə bu günə kimi yalnız 1 dəfə görüşdüyünü, səhhətində ciddi problem olmadığını deyib. Səid (Məhəmmədi) Muğanlı iyunun 5-də valideynlərinin yaşadığı Muğan bölgəsinin Yelsu kəndindəki evlərində saxlanılıb. Evdə axtarış aparılıb və ona məxsus kompüter, kitablar və digər şəxsi əşyalar götürülüb. Bu səbəbdən də İran İnformasiya və Təhlükəsizlik Nazirliyinin əməkdaşları onu saxlayan zaman ədəbi fəaliyyəti ilə maraqlanıblar və əlyazmaları müsadirə olunub. Hazırda Səid Muğanlı Təbriz şəhər təcridxanasında saxlanılır. Artıq İranda yaşayan Azərbaycan türkləri arasında Səid Muğanlının sərbəst buraxılması tələbi ilə bağlı imzatoplama kampaniyasına da başlanılıb. Xatırladaq ki, Səid Muğanlı Azərbaycan tükcəsində yazılan ədəbiyyat nümunələrini əski əlifbaya çevirərək İranda türklərin maariflənməsi işində aktiv iştirak edən şəxslərdən biridir. O, 2007-2008-ci illərdə Bakıda keçirilən ədəbi məclislərin iştirakçısı olub. Bakıdan qayıtdıqdan sonra İranın dövlət quruluşuna xələl gətirə biləcək fəaliyyətdə ittiham olunaraq İran İnformasiya və Təhlükəsizlik Nazirliyi tərəfindən tutulub. Bir müddət sonra isə girov müqabilində şərti olaraq sərbəst buraxılıb.
Hesab edilir ki, bu ittihamların hamısı əsassızdır. Onun başlıca təqsiri türk olmasında, türkcə yazıb-yaratmasında, milli türk düşüncəsinin daşıyıcısı olmasındadır.
|