İyulun 15-də Şərurda "Turan" informasiya agentliyinin əməkdaşı İlqar Nəsibov, RATİ əməkdaşı Elman Abbasov və Həkimeldostu Mehdiyev polis və mülki geyimli şəxslərin hücumuma məruz qalıb. Jurnalistlər ciddi bədən xəsarətləri alıblar, onların kameraları əllərindən alınıb. Bu barədə AYNAya Elman Abbasov məlumat verib.
İyulun 13-də Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvan müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtomobil yuma sexinə gələn elektrik xəttini kəsdirib. Bu gün də məsələ ilə bağlı yenidən onun üzərinə gəliblər. Məsələni araşdırmaq üçün Elman Abbasov və İlqar Nəsibov da hadisə yerinə gedib, amma özləri də döyülüblər.
Belə ki, H.Mehdiyevə qarşı təzyiq neçə gündür davam edir. "Günorta saatlarında icra başçısının müavini Ələddin Məmmədov aralarında Şərur Rayon Elektrik İdarəsinin işçiləri də olmaqla bir neçə şəxslə evimə gəldilər. Əvvəlcə qanunsuz elektrik işlətdiyimi bəhanə edərək cərimə yazacaqlarını bildirdilər. Baxış keçirdikdən sonra iddianın əsassız olduğu bilindi. Bəhanə tapa bilmədikdə isə sayğacda blomp olmadığını bəhanə etdilər. Halbuki hadisədən bir saat əvvəl ərizəm əsasında sayğac dəyişdirilmiş və blomplanması üçün mən elektrik idarəsinə müraciət etmişdim. Yeni qoyulan sayğacın göstəricilərini götürən elektrik idarəsinin yığım müdiri sayğacın blomplanması üçün adam göndərəcəyini bildirmişdi. O, deyilənləri təsdiq də etdi. Cərimə yazmaq üçün əsas olmadığını görən müavin böyük mübahisədən sonra yuyucu sexə gedən elektrikin kəsilməsi üçün göstəriş verdi", - deyə H.Mehdiyev deyib.
İcra başçısının müavini Ələddin Məmmədovun onu həbs etdirməklə hədələdiyini, üzərinə hücum etdiyini və bir neçə dəfə onu həbs etdirmək üçün polis çağırıldığını deyən jurnalist H.Mehdiyevdən jurnalist fəaliyyətinə son qoymağı tələb edirlər. "Bu təzyiqlər mənə peşə fəaliyyətimlə bağlıdır. Ələddin Məmmədov mənə dedi ki, "son zamanlar gah Sədərəkdə çəkiliş aparırsınız, gah Nehrəmə gedirsiniz, gah da buraya xarici jurnalistlər gətirirsiniz. Alman jurnalisti niyə Şərur bazarına gətirmişdin? Mən ona izah etdim ki, bu mənim peşə fəaliyyətimlə bağlıdır. O isə məhəl qoymayaraq avtomobil yuma sexinə gələn elekrikləri kəsdirdi", - deyə o bildirdi.
Jurnalist əlavə olaraq deyib ki, avtomobil yuma sexini işlətmək üçün bütün qanuni sənədlər var. Fiziki şəxs kimi bir ilə yaxındır fəaliyyət göstərir. Qanunla vergiləri də ödəyir. Ona basqıların bir səbəbi də bir neçə gün əvvəl ona məxsus avtomobil yuma sexindən bir neçə yüz metr aralıda Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun da avtomobil yuma sexi açmasıdır...
|