Rusiya Quzey Qafqazda əlavə qoşun yerləşdirir
 |
Xalqın böyük əksəriyyəti isə milli respublikalara müstəqillik verməyi vacib sayır
Şənbə, 16.07.2011
|
|
İyulun 1-də gecə saatlarında Dağıstanın Kizlər şəhərinə gözlənilmədən Rusiya DİN daxili qoşunlarının 7 min nəfərlik hərbi qüvvəsi gətirildi. Bununla yanaşı, bu bölgədə hərbi kontingentin nəzarətində xeyli sayda tank, BTR, BMP və digər hərbi texnika da yerləşdirildi. Hərbi müşahidəçilər bildirirlər ki, Çeçenistanın Şelkovski, Urus-Martan, Açxoy-Martan rayonlarında da bu qoşun növünün sayı artırılıb. Məlumatlara görə, Quzey Osetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz, İnquşetiya və Adıgeydə Rusiyanın güc strukturlarına məxsus yeni qüvvələrin yerləşdirilməsinə başlanılıb. Sanki Quzey Qafqaz regionlarında yeni bir savaşa hazırlıq gedir...
142 qanunsuz hərbi birləşmə...
Quzey Qafqaz Federal Dairəsi üzrə Rusiya DİN hərbi birləşmələrinin komandanı Sergey Çençik bildirir:
"Araşdırmalarımıza görə, bütün Quzey Qafqaz regionları üzrə dağlıq və ormanlıqlarda əlində silah mübarizə aparan partizanlar 142 qrupdan ibarətdir. Bu qrupların 69-u Dağıstanda fəaliyyət göstərir. Stavropol vilayətində isə partizan qruplarının sayı 25-dir".
Çençik partizanların toplam saylarının nə qədər olması barədə heç bir açıqlama vermir. Onun sözlərinə görə, bu ilin 7 ayı ərzində Quzey Qafqaz bölgələrində partizanlar və dövlətə məxsus güc birliklərilə 255 silahlı münaqişədə onların əməkdaşlarından 64 nəfər ölüb və 135 nəfər ağır yaralanıb.
Azərbaycanda olduğu kimi, Quzey Qafqaz regionlarında da ötən 25 ildə həqiqi islam dininə etiqadla bağlı heç bir sanballı dini ədəbiyyat nəşr olunmayıb. Belə ki, ölkəmizdə islam dini ilə bağlı bütün ədəbiyyatlar İrandakı mollakratiya rejiminin siyasətinə necə uyğun gəlirsə, Quzey Qafqazda da bütün dini kitablar daha çox sələfilik görüşlərini əks etdirən məzmundan ibarətdir. Sələfilik (vəhhabi) isə din pərdəsi altında daha çox hərbi-islam ideologiyasına xidmət edir. Quzey Qafqaz regionlarında sələfiliyin intişar tapması həm də şəhər və rayonlarda məhəllə icmaları, kəndlərdə isə camaat birlikləri formasında yarımhərbi strukturların yaranmasına səbəb olub. Hər bölgədə mövcud sosial və ictimai problemlərin həllinə məhz sələfilik prinsiplərindən yanaşılır. Bu da öz nəvbəsində silahlı münaqişələrə səbəb olur. Münaqişələr isə əsasən yerli rüşvətxor bürokrat məmurlar və güc birlikləri ilə yaranmış qarşıdurmalar zamanı özünü daha çox göstərir. Buna görə də gənclərin çoxu ormanlara və dağlara üz tutur...
Sələfilər güclənir
Apardığımız müşahidələrə əsasən, qeyd etmək lazımdır ki, gənc sələfilər çox zaman korrupsioner məmurların vuran əlinə çevrilir.
Çünki büdcədən oğurlanan külli miqdarda vəsait sayəsində zənginləşmiş və oliqarxa çevrilmiş hər bir məmur, işadamı qeyri-rəsmi şəkildə silahlı sələfi qruplara malikdir. Bu tendensiyanın tədricən Rusiyanın Rostov, Samara, Stavropol, Həştərxan, Krasnodar, Volqoqrad və Ulyanovsk vilayətlərinə də sirayət etməsi artıq danılmaz faktordur.
Quzey Qafqaz respublikaları və vilayətlərində yaşayan müsəlman əhalinin dini və milli görüşləri adi bir həyat normasıdır. Hər bir millətin milli tarixi, ədəbiyyatı və mədəniyyəti müəyyən qədər ənənələrə söykənsə də, dini baxımdan dərin problemlər yaranmışdır. Quzey Qafqaz xalqları arasında ənənəvi dini görüşlər adətən şafeilik məzhəbi və nəqşbəndilik təriqətinin qadiriyyə qoluna bağlı olsa da, indi bütün bunlara inanclı şəkildə etiqad edənlərin sayı sürətlə azalmaqdadır. Çünki bu yöndə yetərli dini ədəbiyyat nəşr olunmur və gərəkən təbliğat aparılmır. Bu boşluğu isə sələfilik asanlıqla və heç bir maliyyə problemi olmadan doldura bilir. Bu gün orta və gənc yaşlarında olan əhali qrupu məhz sələfiliyə önəm vermək zorunda qalıb. Bu da öz növbəsində çoxsaylı silahlı birləşmələrin yaranmasına səbəb olur.
Rusiya strateji mərkəzlərinin hesablamalarına görə, bu silahlı qrupların sayının ildən-ilə artması sonucda regionda on minlərlə insanı birləşdirən böyük bir ordunun yaranması deməkdir. İndi bu prosesin qarşısını almaq, profilaktik tədbirlər görmək üçün region xalqlarını qorxu altında saxlamaq üçün Rusiya burada yeni silahlı qüvvələr yerləşdirmək yolunu tutur.
Etnik münaqişələr və terror kimə lazımdır?
Heç də sirr deyil ki, Quzey Qafqazda etnik münaqişələr indiki şəraitdə soyuq savaş durumundadır. Belə ki, ləzgi-tabasaran, ləzgi-azərbaycanlı, avar-kumuk, kumuk-lak, avar-dargin, çeçen-avar, inquş-osetin, kabarda-balkar, qaraçay-çərkəz, qaraçay-abaza, qaraçay-erməni, avar-noqay, çeçen akkin-avar və digər problemlər bunun təsdiqidir. Bu toplumlar arasında mövcud olan münaqişələr əsasən torpaq uğrunda, tarixi ərazi və etnik mənsubiyyət üzərində baş verir. Kumuk türkləri avar, lak və darginlərin onlara məxsus tarixi torpaqlarda məskunlaşmalarına etiraz etməklə çox zaman bu münaqişələr terror müstəvisinə keçir.
Ləzgilər uydurma "ləzgidilli xalqlar" siyasətini ortaya atmaqla süni şəkildə öz saylarını çox göstərir və ən üstün mövqelərə qalxmaq iddiasındadır. Buna görə də ləzgilərin tabasaran, aqul, tsaxur, rutul və digər toplumlarla problemləri var. Bu toplumlar öz milli kimliklərini qorumaqla "ləzgiləşmək" istəmir.
İnquşlar 1944-cü ildə sürgün edilən zaman osetinlər Moskvanın himayəsi ilə onların tarixi ərazilərini zəbt ediblər. O vaxtdan 77 il ötməsinə baxmayaraq, osetinlər inquşların torpaqlarından çıxmaq istəmir. Kabardalılar isə "Böyük Kabarda" iddiasını sərgiləməklə balkarlara məxsus tarixi torpaqlara və Krasnodar vilayətinə qarşı böyük ərazi iddiasında olduqlarını heç də gizlətmirlər.
Qaraçaylıların tarixi əraziləri 1920-ci ildən bu günə qədər addım-addım bölünərək Stavropol vilayətinə birləşdirilməklə yanaşı, həm də abaza, çərkəz, yunan, erməni, rus və digər toplumların mülkiyyətinə verilmişdir. Digər tərəfdən, onlara məxsus indiki regionda 30 minlik çərkəzə görə respublikanın adının iki etnosdan ibarət olmasına qarşıdırlar.
Adıgeylər açıq şəkildə bildirirlər ki, indi onlar öz milli respublikalarında əhalinin 25 faizini təşkil edirlər. Bunun da əsas səbəbi soydaşlarının çoxunun Türkiyə, İordaniya, Suriya və digər dövlətlərdə yaşamağa məcbur olmasıdır. Rusiya bir dövlət olaraq, yurd dışında yaşayan adıgeylərin öz tarixi torpaqlarına dönməsini əngəlləyir.
Bir tərəfdən, bu toplumların ağır sosial həyat tərzi, korrupsiyaya uğramış yerli məmur mafiyasının onların hüquqlarını hər addımda pozması, digər yandan isə etnik konfliktlər regionda daim silahlı münaqişələrə səbəb olan əsas amildir.
Moskvada isə qatı mühafizəkar çevrələr bu problemlərin əsl səbəblərini göstərmədən Quzey Qafqazda mövcud olan sorunları dünya birliyinə fərqli biçimdə təqdim edir. Regiondakı problemlərin yalnız güc yolu ilə həll edilə biləcəyinə dünyanı inandırmağa cəhd göstərir. Problemlərin humanitar siyasət yolu ilə çözümü isə daha effektli yoldur, amma bu yöndə heç bir addım atılmır.
Xatırladaq ki, bir zamanlar Boris Yeltsin demokratiyasından istifadə etmək istəyən Çeçen-İçkeriya prezidenti Cövhər Dudayev ona özünün hazırlamış olduğu "Qafqazda Sülh Doktrinası"nı göndərmişdi. Bu doktrinanı Dağıstan, İnquşetiya, Quzey Osetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz və Adıgeyin prezidentləri olmuş Məhəmmədəli Məhəmmədov, Ruslan Auşev, Əsgərbəy Qalazov, Valeri Kokov, Vladimir Xubiyev, Aslan Carimov dəstəkləmişdilər.
Bu doktrinada Qafqaz xalqlarının ənənəvi milli və dini görüşlərinin inkişaf etdirilməsi, Rusiya ilə münasibətlərdə daha çox konfederativ hüquqların uzlaşdırılma prinsiplərinə önəm verilirdi. Xüsusilə etnik münaqişələrə səbəb ola biləcək faktorların aradan qaldırılması və xaricdən regiona qeyri-ənənəvi dini görüşlərin ekspansiyasının qarşısını almaq vacib bilinmişdi. Federal hökumət isə səbirlə etnik konfliktlərin dərinləşməsini və sələfiliyin genişlənməsini müşahidə edirdi.
Dağıstanın Botlix rayonunda sələfilik ideyası əsasında yerli özünü idarəetməni dövlət təhlükəsizlik şurasının katibi Sergey Stepaşin belə müdafiə etmişdi..
|
|
|
Oxşar xəbərlər:
Dələduzluq və saxtakarlıq ittihamı ilə tutulub
Rusiya ordusu Qafqazda hərbi təlimlər keçirir
Etimad İsmayılov 9 il iş aldı
Güney Qafqaza aid yeni xəritələr aşkarlanıb
Ermənistan dünyanı aldadır
|
|
|