İyunda istehlak qiymətləri 0,11 faiz azalıb. Ərzaq məhsulları 0,44 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,40 faiz, xidmətlər isə 0,13 faiz bahalaşıb. İqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycanın 10 regionunda 2011-ci ilin iyun ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələri bunu göstərir.
Aparılmış statistik müşahidələrin nəticələrinə görə, may ayına nisbətdə iyunda paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsində ciddi fərq müşahidə olunub. Bakıda qiymətlər 0,39 faiz bahalaşdığı halda, regionlarda 0,59 faiz azalıb. Bu azalma əsasən bölgələrdə ərzaq məhsullarının qiymətində mövsümi amillər səbəbilə baş verən ucuzlaşma hesabına qeydə alınıb. İyunda ərzaq məhsulları Bakıda 0,52 faiz bahalaşsa da, regionlarda 1,37 faiz ucuzlaşıb. Qeyri-ərzaq məhsulları həm Bakıda (0,19 faiz), həm də bölgələrdə 0,62 faiz bahalaşıb. Xidmətlərin dəyəri isə Bakıda 0,30 faiz artdığı halda, regionlarda 0,05 faiz azalıb.
Bu zaman ən çox badımcan 42,30 faiz, göy lobya 37,44 faiz ucuzlaşıb. Ən çox bahalaşma: yumurtada 13,93 faiz, sümüksüz mal ətində 3,76 faiz, çiyələkdə 11,44 faiz qeydə alınıb.
İlin ilk yarısında ölkədə istehlak qiymətləri 5,23 faiz, o cümlədən ərzaq məhsulları 8,08 faiz, qeyri-ərzaq məhsulları 1,47 faiz, xidmətlər isə 2,51 faiz bahalaşıb.
Mərkəzin ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında hər ay minimum istehlak səbətinin dəyərini də hesablayırlar. Həmin hesablamalara əsasən, iyun ayında əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 162,42 manat, pensiyaçılar üçün 147,00 manat, 0-14 yaşlı uşaqlar üçünsə 203,53 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 100,45 manat, pensiyaçılar 90,51 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 115,74 manat xərcləməli olub.
Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 36,65 manat, pensiyaçılar üçün 34,05 manat, 0-14 yaşlı uşaqlar üçün 70,23 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,32 manat, 22,44 manat və 17,56 manat təşkil edib.
Xatırladaq ki, "Azərbaycanda 2011-ci il üçün yaşayış minimumu haqqında" qanun əsasında ölkədə bu il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib".
|