Çörəyin qiyməti bahalaşmayacaq
 |
Çəkisi azalacaq
Şənbə, 16.07.2011
|
|
Nazirlər Kabineti ölkəyə gətirilən taxıl və unun ƏDV-yə cəlb olunması haqda qərar verib. Hökumət rəsmiləri ƏDV-nin bərpasını xaricdən bu məhsulların idxalının artması ilə izah edirlər. Nazirlər Kabinetinin 3 dekabr 2010-cu il tarixli qərarı ilə ölkəyə gətirilən buğda və unun avqustun 1-dək ƏDV-dən azad edilməsi qərara alınmışdı. İndi isə İqtisadi İnkişaf, Maliyyə, Kənd Təsərrüfatı və Fövqəladə Hallar nazirliklərinin rəylərini nəzərə alaraq bu müddət iyulun 10-na qədər azaldılıb. Bundan sonra xaricdən gətirilən buğda və undan 18 faizlik ƏDV tutulacaq.
Ekspertlərə görə, taxıl məhsullarına ƏDV-nin tətbiqi ilə bağlı hökumət tərəfindən qərarların mütəmadi dəyişməsi konkret strategiyanın yoxluğunu göstərir. Çünki idxal olunan taxıl məhsullarından dövlət büdcəsinə daxil olan vergilərin dəyərlə ifadəsi kifayət qədər kiçikdir. Büdcə gəlirlərinin 0,0001 faizini belə təşkil etmir. Belə olan halda taxıl məhsullarına ƏDV-nin tətbiqi dövlət büdcəsinin imkanlarının yaxşılaşdırılması kimi qiymətləndirilə bilməz.
İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, bu qərar qiymətlərə təsir edəcək və ƏDV-nin tətbiqi arzuolunan deyil. Məsələ ondadır ki, ölkədə əvvəlki ilə nisbətən taxıl istehsalının aşağı düşəcəyi proqnozlaşdırılır. Deməli, bu verginin tətbiqi taxıl məhsullarının qiymətini artıracaq: "Fikrimcə, əslində, Nazirlər Kabineti ölkəyə gətirilən taxıl məhsullarına güzəşt müddətinin tətbiqi ilə bağlı yox, onların bütövlükdə ƏDV-dən azad edilməsi istiqamətində qərar qəbul etməlidir".
"Azərtoxum"un toxumları keyfiyyətsiz çıxıb
Mütəxəssis Vahid Məhərrəmov ƏDV-nin bərpasında "məmur əli" görür. Onun fikrincə, taxılın dünya bazarında ucuzlaşması monopolistləri təşvişə salıb. O xatırlatdı ki, hökumət ötən ilin dünya bazarında taxılın qiyməti bahalaşanda ƏDV-ni ləğv etdi. Avqusta qədər vaxt qoyuldu. Amma bu vaxtı tezləşdirdilər. V.Məhərrəmova görə, bunun səbəbi xaricdən kifayət qədər un və taxılın idxal olunmasıdır:
"Dünya bazarında taxılın qiyməti yüksək olduğu müddətdə idxal həyata keçirildi.
Hökumət bu il Rusiya və Qazaxıstandan məhsul bolluğunun yaranmasının bazara təsir etməsindən çəkinir. Yəni ölkəyə daha ucuz buğda və un gətirilə, indiyədək alınan taxıl və un satılmaya bilər. Bu sahə məmurların monopoliyasında olduğuna görə acınacaqlı vəziyyət yaranıb. ƏDV-ni bərpa eləməklə ehtiyat məhsulları bazarda sərbəst şəkildə satmağa çalışırlar. Daxili istehsalı stimullaşdırmaqla bağlı deyilən fikirlərin hamısı cəfəngiyatdır".
V.Məhərrəmov bildirir ki, yerli istehsalla bağlı vəziyyət olduqca gərgindir: "Bir sıra bölgələrdə fermerlərlə görüşmüşəm. Məsələn, Neftçalada bir fermer 62 ha əkin sahəsindən cəmi 17 ton taxıl götürə bilib. Bu da hər hektar üçün 3 sentner deməkdir. Əksər fermerlər 6-7 sentner götürüblər. Onlar məhsuldarlığın zəifliyini "Azərtoxum"un onlara satdığı toxumun keyfiyyətsizliyi ilə izah edirlər. Bu səbəbdən əldə etdikləri cüzi məhsulun da keyfiyyəti olduqca aşağıdır. Son 10 gündə heyvandarlıqda istifadə edilən buğdanın qiyməti 22 qəpikdən 30 qəpiyə qədər qalxıb. Halbuki ƏDV hələ tətbiq olunmayıb".
Məhərrəmov hesab edir, bununla belə ƏDV-nin tətbiqi çörəyin qiymətinə təsir göstərməyəcək. Çünki hökumət çörək istehsal edən iş adamlarını ciddi təzyiq altında saxlayır.
Nazirlər Kabinetinin iqtisadi bloku zəifdir
İqtisadçı alim Nazim Məmmədov iddia edir ki, büdcə vəsaitlərinin dotasiya və subsidiya yolları ilə verilməsində kifayət qədər mənimsəmələr var: Bu, yerli icra başçıları və müvafiq nazirliklərin "birgə çalışmasının" nəticəsidir. Onun fikrincə, hökumət iqtisadiyyatı düzgün proqnozlaşdıra bilmir:
"Məncə, ƏDV-nin tez-tez tətbiqi və ləğvi ancaq o səbəbdən irəli gəlir. Fikrimcə, bu problemlərin kökündə Nazirlər Kabinetinin iqtisadi blokunun çox zəif olması dayanır. Ayrı-ayrı sahələrdə kifayət qədər inhisarçılığın mövcudluğu, məmurların dövlətin verdiyi səlahiyyətləri, dövlət resurslarını öz şəxsi resursları kimi istifadə etməsi də faktdır".
N.Məmmədov onu da əlavə etdi ki, yerli buğdanın keyfiyyəti çörək bişirmək üçün kifayət qədər aşağıdır, ona görə də Qazaxıstan, Ukrayna və Rusiyadan buğda idxal edilir.
İqtisadçının proqnozlarına görə, idxal dayandırılmayacaq. Əksinə, iri fermer təsərrüfatları yaranmayana, toxumçuluq inkişaf etməyənə qədər ölkə idxaldan asılı qalacaq, bu sahədə liberal bazar münasibətləri olmayacaq, vəziyyət yaxşılığa doğru dəyişməyəcək. N.Məmmədov hesab edir ki, bu prosesi bazarın öhdəsinə buraxmaq lazımdır.
Ötən ildən taxıl qalıb
KTN Bitkiçilik məhsullarının istehsalı və emalı üzərində nəzarət şöbəsinin rəisi Sabir Vəliyev də sözügedən qərarın bu məhsulların qiymətlərinin artmasına gətirib çıxarmayacağını deyib. Onun bildirdiyinə görə, ötən il bu məhsulların idxalının ƏDV-dən azad edilməsi daxili tələbatının təmin olunması üçün idxal zərurəti ilə bağlı idi: "Çünki təbii fəlakətlərlə əlaqədar ötən il məhsuldarlıq aşağı olmuşdu. Ötən il 2,1 milyon ton taxıl istehsal olunub, 1,4 milyon ton isə idxal olunub. Bu həcmdən bir milyon ton taxıl istifadə olunmayıb və cari ilə qalıb".
|
|
|
Oxşar xəbərlər:
"Azərbaycanda çörəyin qiyməti aşağı salınmalıdır"
Bu ölkənin çörək problemi
Bahalaşma və ərzaq qıtlığı dalğası ölkəni vurdu
Neft bu sürətlə bahalaşarsa
Yeni böhran təhlükəsi
|
|
|