Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin ilk görüşləri keçirilib. Avropanın ən nüfuzlu turnirində Azərbaycanın yeganə təmsilçisi "Neftçi"nin avrokuboklara dönüşü uğurlu alınmayıb. Yeni mövsümə Xorvatiyada başlayan təmsilçimiz Zaqreb "Dinamo"su ilə çətin sınaqdan çıxa bilməyib.
Arif Əsədovun başçılıq etdiyi "Neftçi" buraxılan ilk qola qədər rəqibin aramsız hücumları qarşısında tab gətirib. Lakin avrokubok təcrübəsi olmayan məşqçi və onun komandası "Maksimir"də ikinci hissə başlayan kimi qapısında növbəti qolu görüblər. Bununla sakitləşməyən "Dinamo" "Maksimir" stadionuna toplaşanlara şou göstərmək məqsədilə hücumlarını davam etdirib və 65-ci dəqiqədə penaltidən hesabı 3:0-a çatdırıb. Bu komandalar arasında cavab oyunu iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Beləliklə, "Neftçi" Çempionlar Liqasında mərhələ keçmək üçün səfərdən münasib nəticə ilə qayıda bilməyib. Halbuki "flaqman" son 2 mövsümdə avrokuboklarda kənarda qaldığından, qayıdışını yaxşı nəticə ilə qeyd etmək iddiasında idi. Heyif ki, Azərbaycanın ən adlı-sanlı, köklü klubunun 6 ildən sonra ÇL-ə qayıdışı ürəkaçan olmadı.
Xatırladaq ki, Zaqreb klubu Çempionlar Liqasında 4 il öncə digər Azərbaycan komandası - "Xəzər Lənkəran"ı mübarizədən kənarlaşdırmışdı.
Dünən isə İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatmada "Neftçi"nin də potensial rəqibi bəlli olub. Belə ki, təmsilçimiz Xorvatiya çempionu "Dinamo" (Zaqreb) klubu ilə cavab görüşündən öncə növbəti potensial rəqibini tanımış olub. Püşkatma "Neftçi" - "Dinamo" cütünə "Bangor City" - HJK komandalarını çıxarıb. Yəni bu iki cütün qalibi ÇL-in üçüncü təsnifat mərhələsində oynamaq şansı qazanacaq. Baxmayaraq ki, "ağ-qaralar"ın növbəti mərhələyə adlamaq şansları çox aşağıdı. Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk 11 matçının 6-da böyük hesablı qələbə qeydə alınıb. "Makkabi" (Hayfa), "Rusenborq", habelə "Partizan" rəqiblərini darmadağın ediblər. ÇL-in son oyun günündə ən böyük hesablı qələbələri "Qarabağ"ın üzərində tarixi zəfər qazandığı "Makkabi" ilə "Rusenborq" əldə edib. Postsovet məkanı təmsilçilərindən yalnız "Zestafoni" qalib gələ bilib. Bu da elə postsovet komandası - Moldovanın son çempionu "Daçiya" üzərində qazanılıb. Gürcülər doğma arenada artıq ilk hissədə vurduğu 3 qolla oyunun taleyini həll edib və fasilədən sonra rəqib qapısına yol tapmağa lüzum görməyib.
Çempionlar Liqası, II təsnifat mərhələsi, ilk oyunlar 13 iyul "Dinamo" (Zaqreb, Xorvatiya) - "Neftçi" (Azərbaycan) - 3:0 Badel, 37, Krstanoviç, 46, 65-pen. "Makkabi" (Hayfa, İsrail) - "Boras" (Bosniya və Herseqovina) - 5:1 Amaşa, 45+1, 71, 73, Yampolski, 72, Qolasa, 80 - Raspudiç, 24. "Skenderbeu" (Albaniya) - APOEL (Kipr) - 0:2 Nunu Moraiş, 52, Manduka, 56. "Şturm" (Avstriya) - "Videoton" (Macarıstan) - 2:0 Sobiç, 68, Kinast, 90+2 "Zestafoni" (Gürcüstan) - "Daçiya" (Moldova) - 3:0 Gelaşvili, 14, Dvali, 23, 40. "Partizan" (Serbiya) - "Şkendiya" (Makedoniya) - 4:0 Vukiç, 48, Eduardo, 58, Şepoviç, 74, Emini, 76-öz qapısına. "Malmö" (İsveç) - "Torshavn" (Farer adaları) - 2:0 Redjepi, 58, Holm, 77-öz qapısına. "Rusenborq" (Norveç) - "Breydablik" (İslandiya) - 5:0 Şelbred, 43, Dorsin, 48, Henriksen, 72; Pritsa, 76, Olsen, 86. "Banqor Siti" (Uels) - HİK (Finlandiya) - 0:3 Sadik, 14, 55, Sorsa, 89. "Skonto" (Latviya) - "Visla" (Krakov, Polşa) - 0:1 Rode, 40-öz qapısına. "Linfild" (Şimali İrlandiya) - BATE (Belarus) - 1:1 Fordays, 5 - Renan Bressan, 38-pen.
|