Təbriz şəhər Məhkəməsində İranda azərbaycanlıların milli komandası hesab edilən "Traktor" futbol komandasının bir müddət öncə tutulan azarkeşlərinin işi üzrə məhkəmə prosesi yekunlaşıb. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Quzey Azərbaycan təmsilçiliyindən APA-ya verilən məlumata görə, saxlanılan fanatlar Mehdi Qulabi, Behnam Nurməhəmmədi, Vəli Rövşəni, Səid Hüseynzadə, Həsən Nocavan, Hüseyn Purəyaz, Həsən Hüseyni, Kərim Niri, Hamid Vahidhaşimi, Rəhim Qulabi və Rəhim Forini ictimai asayişi pozmaqda ittiham olunublar. Məhkəmə təqsirləndirilənlərin hər biri barəsində 100 dollar (100 min tümən) cərimə və 20 şallaq zərbəsi vurulması barədə hökm çıxarıb. Məlumatda qeyd olunub ki, "Traktor" azarkeşləri 2010-cu il oktyabrın 10-da Təbrizin Səhənd stadionunda "Traktor" - "Neft" qarşılaşması zamanı baş verən qarşıdurma zamanı tutulublar.
|