"Casus" diplomat qalmaqalında İran barmağı
 |
Aşqabad \"İranla bağlı məlumat toplayacaq casus\" deyil, səfir istəyir
Şənbə, 16.07.2011
|
|
Aşqabadda İsrail səfirliyinin açılmamasında İran, deyəsən, Türkmənistanı razı sala bilib. Rəsmi Aşqabad İsrailin bu ölkəyə təyin olunmuş səfiri Haim Korenin etimadnaməsini qəbul etməkdən imtina edib. Bu, Türkmənistanın ikinci imtinasıdır. "mignews"un məlumatına əsasən, Türkmənistan XİN Haim Korenin İsrail kəşfiyyatına ("Mossad") işlədiyini əsas gətirib. Haim Korenin tərcümeyi-halında onun Elilotda yerləşən Milli Təhlükəsizlik Kollecində 3 il təlimatçı işləməsi də yazılıb. İsrail XİN dəfələrlə türkmən diplomatlara bu təhsil müəssisəsinin "casus hazırlamadığını", yalnız tədrislə məşğul olduğunu açıqlasalar da, onların bu cəhdləri bir sonuc verməyib. Səfir 2010-cu ilin avqustundan bu ölkədə səlahiyyətlərinin icrasına başlaya bilmir.
Türkmənistan rəsmilərindən biri israilli diplomatlara deyib ki, Aşqabad ikitərəfli münasibətləri "yaxşılaşdıracaq səfir istəyir, İranla bağlı məlumat toplayacaq casus yox".
H.Korendən öncə, 2009-cu ildə Ruven Daniel Türkmənistana səfir təyin edilmişdi. Rəsmi Aşqabad onun da namizədliyinə mənfi yanaşmışdı. Türkmənlər R.Danielin 1996-cı ildə "Mossad"ın Moskva nümayəndəliyinə rəhbərlik etdiyini və buna görə də rusların onu casusluqda ittiham edərək, ölkədən çıxardıqlarını əsas göstərmişdi.
Rəsmi Aşqabadın bu davranışından İsrail hakimiyyəti ciddi narahat olub. Ölkənin xarici işlər naziri Aviqdor Liberman Türkmənistanda səfirliyi bağlamağa hazır olduğunu bildirsə də, yəhudi dmplomatlar onu bu addımdan çəkindirə biliblər. Məlumatlara əsasən, İsrail XİN Türkmənistanı qane edəcək diplomat axtarır.
İyunun 12-15-də İsrail XİN Mərkəzi Avropa və Avrasiya İdarəsinin başçısı Pinxas Əvivin başçılıq etdiyi heyət Türkmənistanda işgüzar səfərdə olmuşdu. Onlar İsrail səfirliyi üçün yeni bina seçmək istədiklərini bildirmişdilər. İran rəsmiləri bundan narahat olduqlarını bəyan etmişdilər. İİR baş qərargahının rəisi Həsən Firuzabadi Aşqabadı İsrail səfirliyini açmamağa çağırmışdı. Onun sözlərinə görə, bu, "İrana qarşı təxribatdır".
Yəhudi heyət getdikdən sonra Tehran Aşqabadla diplomatik əlaqələri sürəkləndirməyə başladı.
Ötən ay Mahmud Əhmədinejad Türkmənistanın dövlət başçısına təyyarə "hədiyyə" etdi. İncə-Barun sərhədyanı bazarın fəaliyyətini bərpa edəcək. Bundan başqa, Kurqan - Günbatı-Kavus - İncə-Barun dəmiryol xəttinin çəkilişinə başlanıb. Bir neçə gün öncə isə İranın daxili işlər naziri Mustafa Nəccar Aşqabadda rəsmi səfərdə olub. İranlı nazir Aşqabaddan qayıtdıqdan sonra yuxarıda qeyd etdiyimiz səfirlə bağlı xəbər yayılıb.
Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollar təşkil edib. Əhmədinejad bildirmişdi ki, yaxın 5 il ərzində bu rəqəmi 5 milyard dollara çatdırmaq üçün "bütün imkanlar var". İki ölkə energetika sahəsində də fəal əməkdaşlıq edir. Bir il öncə Dövlətabad - Səraxs - Xangoran əlavə qaz xətti istismara verilib. Bununla da İrana ildə 20 milyard kubmetr "mavi yanacaq" ötürüləcək. "Körpücə - Qurdquyu" və "Artık - Lütfabad" qaz kəməri də işləyir. İran şirkətləri Türkmənistanda taxıl və maye qaz üçün terminallar, "Dostluq" adlı su anbarı inşa etməkdədir.
Nəzərə almaq lazımdır ki, türkmənlər də parçalanmış millətdir. Türkmən Milli Hərəkatı İrandakı soydaşlarının milli haqlarının təmin olunması uğrunda mübarizə aparır. Sovetlər Birliyi dağıldıqdan sonra onlar da İrandakı soydaşları ilə birləşmək istəklərini gizlətmirdilər. Hətta Xorasanadək türkmən torpaqları olduğunu açıq-aşkar bəyan edirdilər. Türkmənistanın mərhum prezidenti Türkmənbaşının bu məsələni dəstəklədiyi deyilirdi. Onda Aşqabad və Tehran arasında soyuqluq vardı. İndi münasibətlər bir qədər istiləşib. Bu baxımdan səfirlə bağlı məsələdə Aşqabadın şərti, müəyyən mənadə bəhanəyə oxşayır. Bunu Aşqabadın Tehran qarşısında götürdüyü öhdəlik kimi də dəyərləndirmək olar. Belə bir təbii sual yaranır - İsrail İranı sevən diplomat tapa biləcəkmi?
|
|
|
Oxşar xəbərlər:
İsrailə təyyarə reysləri ləğv edilə bilər
Türkiyə səfirliyi qarşısında aksiya
Vladimir Doroxin: "Bakı şəhəri və Bakı nefti olmadan...
Amerikalı tələbələr Azərbaycan dilini öyrənməyə gəliblər
Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi
|
|
|