Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətinə ayrılan pulların xərclənməsini araşdırıb. Palatada keçirilən kollegiya iclasında dövlət büdcəsindən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinə, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasının, eləcə də dövlət büdcəsindən Bakı Şəhər İcra Hakimiyyətinə aparatın saxlanılması və dövlət əsaslı vəsait qoyuluşu üzrə ayrılan vəsaitlərin istifadəsinin auditi üzrə Rəy və Hesabatlar müzakirə edilərək təsdiq olunub.
Bundan başqa, palata "Azərlotereya" ASC tərəfindən lotereyaların təşkili və keçirilməsi, buraxılan lotereyaların həcmi, strukturu, satışı və əldə edilən vəsaitlərin təyinatı üzrə istifadəsinin auditi üzrə Rəy və Hesabatları müzakirə edib. Kollegiya iclasının qərarları barədə Milli Məclisə məlumat təqdim edilməsi qərara alınıb.
Kollegiya iclasında Sabunçu Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramlarına baxılıb. Eləcə də dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğuna və dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən "Təhsil" bölməsi üzrə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramlarına baxılıb və təsdiq edilib.
|