Xankəndindəki hava limanında tikinti işləri sentyabrda başa çatacaq. Bu barədə "Panarmenian" saytına separatçı-oyuncaq rejimin "aviasiya idarəsinin rəisi" Dimitri Atabaşyan deyib. Onun sözlərinə görə, hava limanının uçuş xəttində "geniş tikinti işləri" aparılır.
Atabaşyan bildirib ki, separatçı rejim Xankəndi hava limanına sertifikat almaq üçün MDB Dövlətlərarası Aviasiya Komitəsinə (DAK) müraciət etmək barədə düşünmür. Atabaşyan bildirib ki, hava limanında işlər sona çatdıqdan sonra belə bir müraciət ediləcək.
Qeyd edək ki, Azərbaycanın Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirib ki, DAK Xankəndi limanına sertifikat verməyəcəyini bəyan edib. "Əgər ermənilər müraciət etsələr də, belə bir sertifikat verilməyəcək", - deyə Arif Məmmədov vurğulayıb.
Atabaşyan isə buna cavab olaraq Quzey Kipr Türk Cümhüriyyətinin Ərcan hava limanını örnək gətirib. O qeyd edib ki, Quzey Kiprin dünyada tanınmamasına rəğmən Ərcan hava limanının beynəlxalq statusu var. "Əgər beynəlxalq Aviasiya Komitəsi bizə sertifikat verməsə, bu ikili standart prinsipi kimi yozulacaq", - deyə erməni vurğulayıb. Görünür, separatçılar Quzey Kiprin beynəlxalq qanunlar və qarantiyalar altında mövcudluğu ilə, Qarabağdakı işğal rejimini qarışıq salırlar. Bəlkə də qəsdən qarışıq salırlar...
Atabaşyan qeyd edib ki, sertifikat beynəlxalq statusu olan hava limanına verilir. "Biz beynəlxalq aeroport olmağa can atmırıq. Bu barədə danışmaq çox tezdir", - deyə "aviator" vurğulayıb.
|