Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğradığı məkanda mürəkkəb vəziyyət üzündən qəzanın səbəblərini araşdırmaq üçün yola düşmüş komissiyanın üzvləri hələ ki təyyarənin düşdüyü yerə çatmağa nail ola bilməyiblər. Bu barədə dünən "Trend"ə Azərbaycanın Pakistan və Əfqanıstan səfiri Daşqın Şikarov bildirib. "Hazırda təyyarənin qəzaya uğradığı zonada koalisiya antiterror əməliyyatı aparır, ona görə də həmin yerə çatmaq çətin və təhlükəlidir", - səfir deyib. Onun bildirdiyinə görə, iyulun 8-də səhər komissiya üzvləri Beynəlxalq Koalisiyanın helikopterləri ilə qəza yerinə yola düşüblər. Yolda onları 300-dən artıq hərbçi müşayiət edir. Bu hərbçilər NATO tərəfindən ayrılıb.
Onun sözlərinə görə, Azərbaycan Mülki Aviasiya Administrasiyası nümayəndələrinin və təyyarənin məxsus olduğu "Silk Way" şirkəti mütəxəssislərinin daxil olduğu qəzanı araşdıran komissiyanın üzvləri qəza yerinə helikopterlə çata bilərlər, lakin bundan sonra bir neçə saat dağlarda piyada getməlidirlər ki, bu zaman da atəşə məruz qala bilərlər.
"Ona görə də təyyarənin "qara qutu"sunu və ekipaj üzvlərinin meyitlərini tapmaq mümkün olmayıb", - diplomat deyib.
"İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan vətəndaşı olub", - deyə Şikarov bildirib. Digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar.
"Bütün ekipaj üzvləri həlak olub", - səfir Əfqanıstanın rəsmi şəxslərinə istinadən deyib.
Diplomatın sözlərinə görə, təyyarədə texniki qüsurla bağlı versiya həqiqətəuyğun deyil. "Texniki baxımdan təyyarə bütün zəruri tələblərə cavab verib və təyyarəni təcrübəli ekipaj idarə edib", - o qeyd edib.
Bakı-Bəhram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub. Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə istifadəyə verilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda isə növbəti texniki baxışdan keçib.
Səfirlikdən ANS-ə bildiriblər ki, "Silk Way" aviaşirkətinin İL-76 təyyarəsinin heyətinin cəsədləri ən qısa vaxta Azərbaycana gətiriləcək. Diplomatik nümayəndəlikdən daxil olan xəbərə əsasən, hadisə ilə əlaqədar ən düzgün məlumat Mülki Aviasiya Administrasiyası və "Silk Way" şirkətinin təşkil etdiyi komissiyanın verəcəyi bilgilərdən əldə ediləcək: "Təyyarənin "qara qutu"sunun tapılması barədə səfirlik rəsmi məlumat əldə etməyib. Eyni zamanda verilən son məlumatlarda 8 ekipaj üzvünün meyitlərinin hissələri tapıldığı bildirilir".
ABŞ-ın Azərbaycan səfiri Metyu Brayza jurnalistlərə açıqlamasında deyib ki, Əfqanıstanda baş verən təyyarə qəzası ilə bağlı Azərbaycan hökuməti və "Silk Way" şirkəti ilə sıx əlaqə saxlanılır. "Silk Way" ABŞ və NATO üçün vacib partnyordur:
"Bu şirkət Əfqanıstana koalisiya qüvvələri üçün etibarlı çatdırmalar həyata keçirir. Biz qəzadan sonra dəstək olaraq əlimizdən gələn hər şeyi eləmişik. ABŞ-ın Kabil səfirliyi və NATO Azərbaycan komissiyasının qəza baş verən əraziyə çatması üçün əlindən gələni edir. Ümid edirəm ki, onlar bu gün təyyarənin qəzaya uğradığı yerə çatacaqlar. Ona da ümid edirəm ki, "Silk Way" şirkəti Əfqanıstandakı fəaliyyətini bərpa edəcək".
M.Brayza Əfqanıstandakı NATO qüvvələrinin təchizatında tranzit ölkə olaraq Azərbaycanın böyük rolunun olduğunu deyib.
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi ekspertlərinin ehtimallarına görə, Əfqanıstanda Azərbaycan təyyarəsinin vurulmasında üçüncü dövlətin maraqlarının olması mümkündür:
"Azərbaycanın xarici hərbi-siyasi prioritetlərində əksini tapan bir sıra hədəflərin gerçəkləşdirilməsində maraqlı olmayan dövlətlər qrupu var və onlar Azərbaycanla sərhəddə yerləşir. Qeyd edilən məsələləri bir-biri ilə bağlı və yaxud bir ssenari şəklində qəbul etmək çətindir. Çünki regionda baş verən proseslər, ölkələrin bir-birlərinə qarşı sərgilədikləri təzyiq metodları əksər hallarda rəsmən təsdiqlənməmiş qalır və bunları araşdırıb ortaya inandırıcı nəticələr qoymaq çox çətindir".
"Doktrina" ekspertləri hesab edirlər ki, təyyarənin "Taliban" terrorçularının vurması faktı təsdiqlənirsə, onda bu məsələdə xeyli şübhələr ortaya çıxır. "Sifarişin kim, hansı qüvvə və ya dairənin verməsi aydınlaşdırılmalıdır. Azərbaycan sülhməramlılarının İSAF çərçivəsində fəaliyyətə başladığı 2002-ci ildən bu yana "Taliban" hərəkatının Azərbaycana münasibətində hər hansı ciddi gərginlik müşahidə olunmayıb. Əksinə, Azərbaycan hərbçilərinin yerli əhaliylə münasibətlərinin müsbət olduğuna dair məlumatlar yayılıb. Birdən-birə belə bir hadisənin başvermə səbəblərini ciddi araşdırmaq lazımdır. Ola bilər ki, hadisənin əsl səbəblərinin cəmiyyətə açıqlanması mümkün olmasın. Amma rəsmi Bakı ölkənin milli təhlükəsizlik maraqlarının təmini üçün araşdırmanın sona qədər aparılmasına nail olmalıdır və bu, ölkənin təhlükəsizliyi üçün olduqca vacibdir".
|