Gürcüstan parlamenti bu ölkədə dini təşkilatlara hüquqi status verilməsi ilə bağlı qanun layihəsini təsdiq edib. "Qruziya Online" saytına istinadən, qanun layihəsi parlamentdə 70 səslə qəbul olunub. Qanun layihəsinin əleyhinə çıxan müxalifət etiraz olaraq iclasda iştirak etməyib. Qanun layihəsi Gürcüstanla sıx tarixi əlaqələri olan dini təşkilatlara hüquqi şəxs statusunda ictimai fəaliyyətlə məşğul olmağa icazə verir. Bura erməni Apostol Kilsəsi, Roma-Katolik Kilsəsi, Müsəlman icması, Yəhudi icması və Baptist kilsəsi daxil edilib. Qanun layihəsinin müəllifləri deputat Laşa Tordiya, Çiora Taktakişvili və Nuqzar Tsiklauridir.
Bununla əlaqadar deputatlar Gürcüstan Vətəndaş kodeksinə dəyişiklik edərək bu hüququ tanıyıblar. Qanun layihəsi gürcü patriarxı İlya tərəfindən kəskin etirazla qarşılanıb. Patriarx bununla bağlı yaydığı rəsmi bəyanatda Tiflis rəsmilərini gürcü kilsəsinin rəyini soruşmadan bu addımı atdığına görə tənqid edib.
Patriarx bu layihənin belə sürətlə müzakirəyə çıxarılmasını başa düşmədiyini deyərək bildirib ki, Gürcüstan Provoslav Kilsəsinin statusu rəsmi Tiflislə birgə müzakirələrdən sonra müəyyən edilib. Geniş ictimaiyyət və beynəlxalq ekspertlər bu işdə iştirak ediblər.
Parlamentin hüquqi məsələlər üzrə komitəsinin sədri Pavle Kublaşvili isə iclasda bildirib ki, hökumətin statusla bağlı təkliflərini Patriarxlıq "mühüm" saymayıb. Komitə sədri bildirib ki, Patriarxlıq çox məhdud sayda dinlərin qeydiyyata alınmasını tələb edib. Hökumət isə bunu diskriminasiya sayır.
Maraqlıdır ki, erməni katalikosu Qaraginin bir neçə gün əvvəl Gürcüstana başa çatmış rəsmi səfəri zamanı prezident Saakaşvili ilə erməni kilsəsinin statusunu müzakirə edib. Saakaşvili bu məsələnin tezliklə həll ediləcəyini bildirib.
Qanun layihəsi Gürcüstan Müsəlmanlar İdarəsinin statusunu müəyyən edəcək. Bununla da Gürcüstanda yaşayan azərbaycanlı müsəlmanların Qafqaz Müsəlmanları İdarasi ilə əlaqələrinə xitam veriləcək.
Qeyd edək ki, ABŞ səfirliyi Gürcüstan parlamentinin qəbul etdiyi dini icmalar haqqında olan qərarını dəstəkləyib. Səfirliyin dünən yaydığı bəyanatda Vaşinqtonun mövqeyi açıqlanıb. "Din azadlığı insanların fundamental hüququdur. Bu, cəmiyyətin sülh və sabitliyi, inkişafı üçün mühüm elementdir. Həmvətənlərin dini inanclarına tolerantlıq demokratik cəmiyyətin əsaslarındandır. Biz Gürcüstanda yaşayan bütün vətəndaşların dini inanc azadlığını dəstəkləyir və hörmət bəsləyirik. Biz bu sahədə Gürcü Pravoslav Kilsəsinin xüsusi roluna hörmətlə yanaşırıq", - deyə səfirliyin bəyanatında deyilir.
|