Hökumət qiymətləri tənzimləməkdən imtina edir?
|
Müşahidələr bunu deyir
Şənbə, 09.07.2011
|
|
İnkişaf etmiş ölkələr qiymətlərin liberallaşdırılması və stabilləşdirilməsinə nail olub. Şərqi Avropa ölkələri bu sahədə xeyli irəliləyiş əldə edib. Bu ölkələr dövlət tərəfindən tənzimlənən qiymətləri liberallaşdırıb. Azərbaycan hökuməti də buna nail olmaq niyyətindədir.
Bazar iqtisadiyyatı qiymətləri tənzimləməni lazımsız bilir. Qiymətlərin özünü tənzimləmə prosesi doğru hesab edilir. Odur ki, hökumətlər siyasəti dəyişməkdədir.
Ölkəmizdə 39 mal və xidmət növü üzrə qiymətlər dövlət tərəfindən tənzimlənir. Bura qaz, elektrik, su, telefon, neft və neft məhsulları, dəniz xidmətləri, metro və marşrutlarda sərnişindaşıma, əmlak, reyestr xidmətləri, torpaq və xəritəçəkmə işləri, dərman vasitələrinin istifadəsi, yol hərəkəti xidmətləri və s. üzrə tariflər daxildir.
İİN, Tarif Şurası və Ədliyyə Nazirliyi qiymətlərin liberallaşdırılması ilə bağlı təkliflər hazırlayır. Sənəddə qeyd edilir ki, dövlət dotasiyaları mərhələlərlə aradan qaldırılacaq. Tariflərin iqtisadi cəhətdən əsaslandırılması, yəni sərbəst bazar prinsiplərinə uyğun müəyyən edilməsi nəzərdə tutulub.
Millət vəkili Vahid Əhmədov hesab edir ki, ölkəmizdə bazar iqtisadiyyatı prinsipləri tətbiq olunduqdan sonra müsbət dəyişiklik əldə olunub. Ancaq bu gün bəzi qiymət tarifləri sərbəst şəkildə birbaşa istehsalçı şirkətin özü tərəfindən müəyyən olunsa da, dövlət nəzarətində olan qiymət sahələri də mövcuddur. Bazarda qiymətlərin konkret olaraq dövlət tərəfindən diqtə edilməsi bir sıra hallarda rəqabət mühitini pozur, istehlakçıya xidmətin səviyyəsini aşağı salır. Liberal qiymət isə alıcının seçim etməsi üçün ən yaxşı vasitədir. Ona görə də liberal iqtisadiyyat şəraitində azad bazar mexanizmlərinin tətbiqi məqsədəuyğundur. Millət vəkili bu qənaətdədir ki, dövlətin inhisarında olan bəzi sahələrdə qiymətləri liberallaşdırmaq mümkündür.
Onun sözlərinə görə, bu təcrübənin tətbiqi mümkündür.
Belə ki, enerji sektorunda qiymətlərin sərbəst buraxılması bu sahədə səmərəliliyin artmasına səbəb ola bilər. Liberal iqtisadiyyatda istehsalçı və istehlakçı arasında birbaşa məsuliyyət olur:
"Sahibkarlar daha çox mənfəət əldə etmək və daha çox alıcı kontingenti əldə etmək uğrunda rəqabətə girişir. Nəticədə səmərəli xidmət və keyfiyyətli mal təklif edən sahibkar daha çox mənfəət qazanır, həm də onların alıcısı olan vətəndaşın tələbatı daha dolğun ödənilir. Bu isə istehlakçıya daha keyfiyyətli və etibarlı xidmət göstərməyə səbəb olur".
İqtisadçı alim Nazim Məmmədov deyir ki, bazar iqtisadiyyatının əsas şərtləri qiymətlərin liberal olmasıdır. Ancaq məlumdur ki, ölkəmizdə bəzi xidmət sahələri, o cümlədən kommunal xidmətlərlə bağlı tarifləri Tarif Şurası müəyyənləşdirir. Onun fikrincə, sözügedən qurum adətən həmin xidmətləri təklif edən təbii monopolist şirkətlərin bəzən əsaslandırılmamış xərclərini nəzərə alaraq qərar qəbul edir. Bu isə vətəndaş tərəfindən həmişə narazılıqla qarşılanır. Yəni liberallaşma dedikdə birmənalı olaraq qiymət artımı nəzərdə tutulur.
"Son illərdə qiymət artımı bir çox hallarda təbii monopolistlərin qeyri-effektiv idarəetməsindən irəli gəlir. Yəni biz bu qurumların əsassız xərcləmələrinin artdığının və nəticədə maya dəyərinin bu xidmətlər üzrə yüksək olmasının şahidi oluruq. Bu həm təbii qaza, həm su, kanalizasiya xidmətlərinə, həm də elektrik enerjisinə aiddir", - deyə iqtisadçı qeyd etdi.
N.Məmmədov əlavə etdi ki, Azərbaycandakı qiymətləri digər ölkələrlə, xüsusilə postsovet dövlətləri ilə müqayisə etdikdə kəskin fərqlər nəzərə çarpır. Məsələn, Rusiyada elektrik enerjisinin 1 kilovatı 2-3 qəpik olduğu halda, bizdə bu rəqəm 6 qəpiyə yaxındır. Eyni zamanda, Azərbaycanda təbii qazın 1000 kubmetri 10 dollara başa gəldiyi təqdirdə, mavi yanacağın 1000 kubmetrinin əhali və digər kateqoriyalar üçün satışı 100 manat civarındadır. Onun sözlərinə görə, qiymətlərin liberallaşması istiqamətində ilk həyata keçiriləcək tədbir xidmətlərin maya dəyərinin düzgün müəyyənləşdirilməsi və onun üzərində rentabellik dərəcəsi 25-30 faizdən yuxarı olmamaq şərtilə əhaliyə təqdim edilməsi olmalıdır. Ancaq bu halda vətəndaşların həyat şəraiti xeyli yaxşılaşa bilər.
Məlumdur ki, vətəndaş öz gəlirlərinin əsas hissəsini kommunal xidmət haqqı kimi ödəyir. Orta statistik Azərbaycan ailəsi aylıq məvacibinin ən azı 60-100 manatını kommunal xərclərə ödəyirsə, bu olduqca ciddi məsələdir. Çünki ölkə üzrə işləyən əhali üçün yaşayış minimumu 102 manatdır. Minimum əməkhaqqı səviyyəsi isə 85 manat civarındadır. Bu o deməkdir ki, bəzən vətəndaş kommunal xidmətlərə hökumətin nəzərdə tutduğu yaşayış minimumundan da artıq pul xərcləyir. Buna görə də hökumətin adekvat addımlar atması zəruridir. N.Məmmədov düşünür ki, ölkə prezidentinin sözügedən sənəddə qiymətləri liberallaşdırmaq məsələsinin təkmilləşdirilməsinə dair həm Tarif Şurasına, həm İqtisadi İnkişaf Nazirliyinə müvafiq tapşırıqlar verməsi təqdirəlayiqdir: "Məncə, prezidentin məqsədi - liberallaşdırma adı altında tariflərin şişirdilməsinin qarşısını almaqdır".
İqtisadçı ekspert onu da bildirir ki, əgər təbii monopolist qurumların menecerləri üzərində müşahidə şurası yaradılarsa, bu, qiymətlərin aşağı düşməsinə səbəb ola bilər:
"Əgər qazın 1000 kubmetri 10 dollara başa gəlirsə, onda vətəndaşın haqqı var ki, mavi yanacağın 1000 kubmetrini 20 manatdan əldə etsin. Bəzən monopolist qurumların rəhbərləri fikirlər səsləndirirlər ki, inkişaf etmiş ölkələrdə müvafiq olaraq bu xidmətlər daha bahadır. Axı, Azərbaycanda həmin ölkələrdə olduğu kimi, əməkhaqqı və ya xidmət yoxdur! Buna görə də ölkə prezidentinin məsələyə həssas yanaşmasını alqışlayıram. Zənnimcə, dövlət başçısının bu addımı qiymətlərin aşağı düşməsinə və optimallaşmasına gətirib çıxaracaq".
|
|
|
Oxşar xəbərlər:
Ölkə banklarının vəziyyəti ürəkaçan deyil
Daxili bazar müdafiəsiz qalıb
ƏDV-nin ləğvi çörəyin qiymətinə təsir etməyəcək
Parlament "Şəfəq" və "Asiman" üzrə müqaviləni təsdiq etdi
|
|
|