Yod çatışmazlığı ölü körpə doğulması, debillik, immun sisteminin zəifləməsi, zob kimi xəstəliklərin yaranmasına səbəb ola bilər. Masazır, Novxanı, Samux, Qaradağ, Salyan kimi duz göllərindən çıxarılan və ucuz duz adı ilə satılan duzlar əhalinin bu xəstəliklərə yoluxmasının əsas səbəbkarıdır. Bu qorxulu nəticə iyulun 8-də duz bazarında Azad İstehlakçılar Birliyinin (AİB) keçirdiyi monitorinqin ilkin nəticələri ilə bağlı mətbuat konfransında səsləndi.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, AİB-in 21000-dən çox könüllülər şəbəkəsi, 30 rayon nümayəndəliyi bu problemin həllinə qoşulmuşdur. Bir çox ailələrdə, marketlərdə monitorinqlər keçirilmiş, istifadəyə yararlı olmayan duzların dövriyyədən çıxarılması haqqında göstərişlər verilmişdir.
UNICEF Azərbaycan nümayəndəliyi, AR Səhiyyə Nazirliyi və bir çox qeyri-hökumət təşkilatlarının, o cümlədən Azad İstehlakçılar Birliyinin dəstəyi ilə bu problemin həllinə beynəlxalq təşkilatlar tərəfindən ictimai dəstək verilmişdir. 2001-ci ildə qəbul olunmuş "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında" qanuna görə, ölkədə yodsuz duzun hətta heyvanlara verilməsi məqsədilə satışı, idxalı qadağan olunmuşdur. Lakin buna baxmayaraq, tam yodlaşdırılmiş duzlarla bərəbər yodlaşdırılmayan, təmizlənməyən, ekzotik qablara qablaşdırılmış duzların satışı davam edir. Onlar duz göllərindən çıxarılır, maşınlarla rayonlardakı gizli sexlərə daşınır, qablaşdırılır və satışa verilir.
Eyyub Hüseynov bir çox duz markalarında test apardı və bu testlərin nəticələrinə görə, hətta üzərində yodlaşdırılmış duz yazılan duzların belə tərkibində yod yoxdur.
Eyyub Hüseynov, eyni zamanda hökumət idarələrinin, xüsusi inhisarla bağlı qurumların bu məsələyə qarşı laqeydliyindən də öz narazılığını bildirdi.
|