Bu günlərdə Təbrizdə Şərqi Azərbaycan sənaye, ticarət və mədən palatasının təşəbbüsü ilə "Sərmayə imkanları" mövzusunda 4 günlük 3-cü beynəlxalq toplantı keçirilib. Yığıncaqda İran Ticarət Palatası və İqtisadi Şuranın təmsilçiləri ilə yanaşı, əyalətin başçısı Əhməd Əlirza Beygi də iştirak edib. Toplantıda energetika, dağ-mədən, kənd təsərrüfatı, sağlamlıq, şəhərsalma, nəqliyyat, turizm, azad ticarət sahəsi ilə bağlı layihələr dəyərləndirilib.
Lakin bunun bir kampaniya olduğu heç kəsdə şübhə doğurmur. Bu yığıncağın yeganə nəticəsi o olub ki, Təbrizdə "analoqu olmayan" məscid tikiləcək. Baxmayaraq ki, şəhərdə ibadət üçün yetərincə məscid var.
Məscidlər kifayət qədərdir, daha bir yenisini tikməkdənsə, əyalətin investisiyalara, insanların iş yerlərinə ehtiyacı var. Pullar infrastruktura sərf olunmalıdır. Amma sərf olunmur. Çünki Azərbaycan əyalətlərinin inkişafında hökumət maraqlı deyil. Əgər bu belə deyilsə...
Hələ bir neçə il öncə deyilirdi ki, Təbriz-Miyana dəmir yolunun tikintisi xarici sərmayəçilərin iştirakı ilə başa çatdırılacaq. Deyilirdi ki, Ali İqtisadi Şura bu layihə üçün 740 milyon dollara yaxın vəsait ayırıb. Vəd edilirdi ki, əcnəbi şirkətlərin layihədə iştirakı üçün tender elan ediləcək.
Miyana-Təbriz dəmir yolunun uzunluğu 183 km-dir. Çəkiliş başa çatdığı halda, Tehrandan Təbrizə yol 114 km qısalar, məsafə 5,5 saata qət olunar. Hələ də bu ideyadan bir xəbər yoxdur.
Azərbaycan əyalətləri İran rəhbərliyinin yadına işləri çətinə düşəndə, bir də seçkilər ərəfəsində yada düşür. Təkcə Təbriz-Miyana dəmir yolu xətti deyil, Miyana-Ərdəbil dəmir yolunun tikintisi də düyünə düşüb. Ərdəbildən olan deputat Kazım Musəvi İRNA-ya müsahibəsində bildirib ki, bu yolun tikintisinin 48 faizi yerinə yetirilib. O da bu işə xarici sərmayənin cəlb edilməsini vacib bilir.
Ərdəbillilərə boyun olublar ki, sərmayə cəlb ediləcəyi halda, 2013-cü ildə bu yol işləyəcək. İşin başa çatması üçün 300 milyon dollar gərəkdir. Musəvinin sözlərinə əsasən, Miyana-Ərdəbil dəmir yolu xəttinin Qafqaz dəmir yoluna birləşdirilməsi planlaşdırılır. Bu məqsədlə Ərdəbildən həmin xətt Muğana (Parsabad) qədər uzanacaq.
Qəzvin-Rəşt-Ənzəli dəmir yolu xətti 5 ildən artıqdır yarımçıq qalır. Təbriz-Zəncan dəmir yolu xətti də bir neçə ildir maliyyə vəsaiti gözləyir...
Güney Azərbaycana ögey münasibətə dair çoxsaylı örnəklər göstərmək olar. Əməli işlərdənsə, vədlər vermək praktikası var. Fəqət "farsdilli" bölgələrdə eyni layihələrə pul asanlıqla tapılır. Məsələn, Təbriz-Miyana dəmir yolunun tikintisindən bir müddət sonra inşasına başlanılmış Tehran - Məşhəd dəmir yolu xəttinin elektrikləşməsi artıq başa çatmaq üzrədir. Bu yolda işin davam etməsi üçün 800 milyon avro əlavə maliyyə vəsaiti tapıldı. Asaluye-Buşəhr-Şiraz dəmir yolu xəttinin çəkilişi tam gücü ilə davam etməkdədir. Bu yolun tikintisinə 700 milyon dollar maliyyə vəsaiti xərclənəcək.
İRİBnyus xəbər verir ki, Fars əyalətinin başçısı Əhmədzadə yaxın günlərdə Şiraz-Bəndər Abbas dəmir yolunun tikintisinə başlanacağını bildirib. Bu 12 milyard dollarlıq layihə 3 ilə başa çatacaq.
Güney Azərbaycanda bu inşaat işlərinin xarici sərmayənin ümidinə qaldığının bəyan edildiyi bir halda, ötən il Tacikistanla dəmir yolu xəttini qısa bir zamanda birləşdirməyi nəzərdə tutan müqavilə imzalandı.
|